22 avqust 2014, 13:40

Babulla Qəribov və başqalarından, Lerik, Azərbaycan

Hörmətli cənab Prezident! 

Hər bir azərbaycanlı kimi biz leriklilər də hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Son illər respublikanın hər yerində olduğu kimi Lerik rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət alıb. Ən ucqar kəndlərdə müasir tələblərə cavab verən məktəb binalarının və yolların tikintisi, qaz xətlərinin çəkilməsi, körpülərin salınması və digər sosial obyektlərin inşası bunun bariz nümunəsidir. 

Sizin rəhbərliyiniz altında Azərbaycanın əldə etdiyi uğurlar, ölkəmizin dünyada artan nüfuzu ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Sizin tərəfinizdən uğurla davam etdirilən müdrik siyasətin və uzaqgörənliklə hazırlanmış strategiyanın nəticəsidir.

Möhtərəm cənab Prezident! Uzun illərdən bəri həll edilməyən bir problemimizin – 36 kilometrlik Noda-Şingədulan-Xanagah avtomobil yolunun tikintisi ilə bağlı Sizin 2013-cü il sentyabrın 14-də və 2014-cü il avqustun 19-da imzaladığınız sərəncamlar 50-dən çox kəndin sakinlərinin hədsiz sevincinə səbəb oldu. Bir vaxtlar yuxu kimi təsəvvür etdiyimiz arzularımız Sizin titanik fəaliyyətinizlə reallığa çevrilir.

Çox hörmətli Prezident! Artıq yolun 20 kilometrlik hissəsi asfaltlaşdırılmışdır. Yenidən maliyyə vəsaitinin ayrılması ilə bağlı verdiyiniz Sərəncama, bizə göstərdiyiniz bu qayğı və diqqətə görə Sizə dərin minnətdarlığımızı bildirir, doğma Azərbaycanımızın inkişafı və çiçəklənməsinə xidmət edən fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Dərin hörmət və səmimiyyətlə,

Qəribov Babulla
Şahbazov Tarverdi
Qubadov Yarış və başqaları.

Azərbaycan Respublikası, Lerik rayonunun Bülüdül kəndi.