Şəfiqə Babayevadan, Ağstafa, Azərbaycan
Möhtərəm cənab Prezident!
Sizə müraciət etməzdən əvvəl uzun müddət düşündüm. Ulu Öndərin zamanında partiya orqanlarında fəaliyyətimi, mərhum Heydər Əliyevin xalq təsərrüfatı sahələrinə olan diqqəti ilə yanaşı, mədəniyyət və musiqi müəssisələrinə də qayğı ilə yanaşmasını xatırladım. Bir neçə gün bundan əvvəl televizordan Sizin Ağstafa Uşaq Musiqi Məktəbinin əsaslı təmiri barədə Sərəncam verdiyinizi eşitdim. Fikrim uzaqlara getdi. Ulu öndər Heydər Əliyevin xeyirxah əməllərinin bu gün Sizin tərəfinizdən ləyaqətlə davam etdirildiyini gördüm. Bizim Ağstafa əhalisinin Sizə olan sevgisi dünya qədərdir. Bu sevgini Siz diqqət və qayğınızla, rayonumuzun inkişafına göstərdiyiniz xüsusi qayğı ilə qazanmısınız. Ağstafa rayonu son illərdə ölkəmizin ən sürətlə inkişaf edən rayonlarından birinə çevrilmişdir. Bu, qocaman partiya işçisi və bir sakin kimi məni çox sevindirir. Bir vaxtlar sovet dövründə həllini tapmayan məsələlər Sizin tərəfinizdən uğurla həll edilir. Bütün bunlara görə Sizə dərin təşəkkür edir, uzun ömür, cansağlığı, xalqımızın firavan gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Babayeva Şəfiqə.
Azərbaycan Respublikası, Ağstafa rayonu.