Yaqub İsmayılovdan, Ağstafa, Azərbaycan
Möhtərəm cənab Prezident!
Ağstafa rayonunun şəhid ailələri və Qarabağ müharibəsi əlilləri adından Sizə dərin minnətdarlıqla müraciət edirik.
Azərbaycanın hər bölgəsi kimi Ağstafa rayonu da sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Bu gün rayonumuzda elə bir sahə yoxdur ki, orada tikinti-quruculuq, abadlıq işləri aparılmasın. Sizin 2014-cü il 30 iyun tarixli Sərəncamınız rayonumuzda aparılan işlərin sürətləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisinə ciddi dəstək olmuşdur. Ağstafa Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət Evinin əsaslı təmiri barədə imzaladığınız Sərəncamla bir daha göstərdiniz ki, Siz gələcəyimiz olan uşaqların inkişafına nə qədər qayğı göstərirsiniz. Mən şəhid atasıyam. Ölkəmizin ictimai-siyasi həyatını yaxından izləyirəm. Sizin Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında dərin məzmunlu çıxışınızı dinlədikcə qürur hissi keçirdim. Əmin oldum ki, bizim şəhidlərin qanı yerdə qalmayacaq, işğal altında olan torpaqlarımız azad ediləcəkdir.
Möhtərəm cənab Prezident! Ağstafa rayonunun şəhid ailələri və Qarabağ müharibəsi əlilləri adından rayonumuzun inkişafına göstərdiyiniz diqqətə görə Sizə təşəkkür edir, işlərinizdə uğurlar arzulayırıq. Allah Sizləri qorusun!
Hörmətlə,
İsmayılov Yaqub Carçı oğlu,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və
Şəhid Ailələri İctimai Birliyinin Ağstafa rayon şöbəsinin sədri.
Azərbaycan Respublikası, Ağstafa rayonu.