03 iyul 2014, 11:00

Ramil Şükürovdan, Kanzas, ABŞ

Hörmətli cənab Prezident! 

Mən müdafiə nazirliyinin müvafiq əmri ilə ABŞ Hərbi Akademiyasında təhsil alıram. Qeyd etmək istəyirəm ki, təhsilim uğurla davam edir. Sizin Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasındakı çıxışınız məni bir vətəndaş və hərbiçi kimi çox qürurlandırdı. Xüsusilə çıxışınızdan sonra verilən sualları cavablandırarkən göstərdiyiniz intellekt, səbir, təmkinlilik, özünə əminlik və məharət biz gənclər üçün çox gözəl nümunədir. Siz sadə və təvazökar olmaqla bərabər, ölkəmizin mövqeyinin qorunması ilə bağlı məqamlarda çox qətiyyətli ola biləcəyinizi də göstərdiniz. Siz nəinki Avropa ictimaiyyətinə, həmçinin ölkə ictimaiyyətinə də nümayiş etdirdiniz ki, bizim kiçik ölkə olmaqla bağlı kompleksimiz yoxdur. Belə bir kompleksi olanlar da ondan yaxa qurtarmalıdırlar. Başqa ölkələrdən və bəzi təşkilatlardan sifariş alanlar, haray və ya mənfəət umanlar ölkəmizə, ölkə rəhbərliyinə etimad göstərməlidirlər. Sizin bu çıxışınızdan sonra ölkəmizin parlaq gələcəyinə olan ümidim daha da artdı. Tam səmimiyyətlə deyirəm ki, ölkəmizin Sizin kimi Prezidenti olduğu üçün fəxr edirəm.

Hörmətli cənab Prezident! Sizə və ailənizə cansağlığı, səadət, ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Dərin hörmətlə,

Şükürov Ramil.

Amerika Birləşmiş Ştatları, Kanzas şəhəri.