12 iyun 2014, 12:00

Vidadi Muradovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Müstəqil Azərbaycanın hər bir vətəndaşı, o cümlədən ziyalılar, alimlər, mədəniyyət və incəsənət xadimləri Sizin şəxsinizdə dövlət qayğısını və himayəsini daim öz üzərində hiss edir. Bu, bizi daha məhsuldar axtarışlara, tədqiqatlara ruhlandırır. Təmsilçisi olduğum qədim tarixi köklərə malik Azərbaycan xalçaçılıq sənəti də respublikamızın ayrı-ayrı bölgələrində Sizin və Heydər Əliyev Fondunun rəhbəri, ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın diqqəti sayəsində inkişaf edir, çiçəklənir. Ən müasir texnologiyaların tətbiq olunduğu respublikamızda ayrı-ayrı xalq sənətlərinin yaşadılması, davam etdirilməsi, bu sahələr üzrə təhsil və tədris ocaqlarının yaradılması, ixtisaslı kadrların formalaşdırılması, kitabların, jurnalların, dərs vəsaitlərinin hazırlanması, muzeylərin fəaliyyətinin təkmilləşdirilməsi mədəniyyət tariximizə, maddi-mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə ən böyük töhfədir.

Hörmətli cənab Prezident, Sizin yaratdığınız bu imkanlar zəminində qazandığımız uğurlara verdiyiniz qiymət bizim üçün böyük etimaddır. “Əməkdar incəsənət xadimi” adına layiq görülmüş bütün Azərbaycan ziyalıları kimi mən də üzərimə düşən məsuliyyəti dərk edirəm. Bu, Azərbaycan xalça sənətinə, onun fədakar nümayəndələrinin yaradıcılığına verilən yeni bir təkan, dəstəkdir.

Çünki müasir Azərbaycan xalçaçılığı bir şəxsin fəaliyyəti ilə məhdudlaşmayacaq qədər genişdir. Onun sərhədləri yüzlərlə toxucunun əməyini, həmçinin elmi-təcrübi araşdırmaları, müqayisəli təhlilləri əhatə edir. Bu mənada Sizə yalnız öz adımdan deyil, Azərbaycanın bütün xalçaçıları adından dərin təşəkkürümü bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da milli xalçaçılıq sənətimizin çiçəklənməsi, tədqiqi və təbliği naminə daha böyük səylə çalışacaq, bütün qüvvələrimizi səfərbər edəcəyik.

Hörmətlə,

Muradov Vidadi, “Azər-İlmə”nin rəhbəri, “Azərbaycan xalçaları”
jurnalının baş redaktoru, professor.
Azərbaycan Respublikası, Bakı şəhəri.