06 iyun 2014, 16:00

Qəzənfər Mehdiyev və başqalarından, Gəncə, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Bu gün fərəhləndirici haldır ki, respublikamızın bütün şəhər və rayonlarında böyük quruculuq işləri aparılır, tarixi abidələr bərpa edilir, yollar çəkilir, mərkəzlər tikilir, yeni parklar salınır.

Üç ildən artıqdır ki, Gəncə şəhəri böyük tikinti meydançasını xatırladır. Çoxmərtəbəli yaşayış binalarının dam örtüyü dəyişdirilir, qalaylanır, işıqlarla bəzədilir. Gəncədə 20-yə yaxın orta məktəb, peşə məktəbi və lisey əsaslı təmir edilmişdir.

Məcburi köçkünlər üçün 25 çoxmərtəbəli yaşayış binası tikilərək istifadəyə verilmiş, Gəncə Qala Qapılarından başlayaraq Göygöl istiqamətində çoxsaylı fərdi yaşayış evləri tikilmişdir. Bu müddətdə 150-yə yaxın tarixi abidə bərpa edilmişdir.

Son zamanlar Gəncədə Heydər Əliyev park-kompleksi, Müasir İncəsənət Muzeyi, Bayraq Meydanı, “Asan Xidmət” Mərkəzi, “DET-AL Alüminium” MMC-nin Detal Alüminium Kompleksinin alüminium yarımfabrikat istehsalı zavodları istifadəyə verilmiş, Gəncə Dövlət Filarmoniyasının yeni binasının və “Vego” otelinin tikintisi isə davam etdirilir.

Nizami Gəncəvinin anadan olmasının 870 illik yubileyi çox böyük təntənə ilə qeyd edilmişdir. Dünyanın bir çox şərqşünas alimləri Gəncəyə dəvət olunmuş, şəhərin 4 min illik tarixi dəqiqləşdirilmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə Nizami Məqbərəsi Kompleksinin önündə Nizami Gəncəvi Muzeyi tikilmiş, Muzeyin qarşısında Nizami Gəncəvinin büstü qoyulmuşdur.

Fondun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Nizaminin “Xəmsə”si və bu sahəyə dair monoqrafiyalar nəşr olunmuş, Avstriya, Rusiya, Almaniya, Böyük Britaniya milli kitabxanalarından, Misirin İsgəndəriyyə Kitabxanasından, Fransadan, ABŞ-ın Metropol Muzeyindən “Xəmsə” əlyazmaları miniatürlərinin orijinalları və nüsxələri Gəncəyə - Nizami Muzeyinə gətirilmişdir.

Şəhərin girəcəyində isə sanki möcüzə yaradılmışdır. Şəhərin “Məqbərə qapısı” tarixi formasını saxlamaqla yenidən bərpa edilmişdir.

XI əsrdə yaşamış böyük Azərbaycan şairəsi, ilk şahmatçı qadın, ilk görkəmli qadın musiqiçi və ilk qadın bəstəkar Məhsəti xanım Gəncəvinin 900 illik yubileyinə də ciddi hazırlıq işləri aparılmış, onun möhtəşəm abidəsi ucaldılmışdır.

Gəncə-Daşkəsən yolundakı “Şəhidlər Xiyabanı” yenidən qurulmuşdur. Bütün qəbirlər eyni formada, eyni ölçüdə, eyni daşdan düzəldilmiş, şəhidlərin xatirəsinə abidə ucaldılmışdır. Bu gün bu məkan bütün gəncəlilərin müqəddəs ziyarətgahına, and yerinə çevrilmişdir. Gülüstan qəsəbəsində Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə salınmış parkda fəvvarə, geniş meydança salınmış və monumental abidə ucaldılmışdır. Hazırda Əziz Əliyev küçəsində görkəmli alim, dövlət və ictimai xadiminin şərəfinə müasir park salınır.

Əziz Prezident, bütün bunlar ulu öndərimiz Heydər Əliyevin regionların yenidən qurulması, abadlaşdırılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması ilə bağlı strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsinin bariz nümunələridir. Gəncədə aparılan abadlıq və quruculuq işlərinə görə şəhərimizin sakinləri adından Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Qəzənfər Gəncəli (Mehdiyev), “Vətəndaş hüquqları” qəzetinin baş redaktoru, yazıçı-jurnalist,
Əsgərov Elşad və başqaları.

Azərbaycan Respublikası, Gəncə şəhəri.