Məhəmməd Hacıyev və başqalarından, Hacıqabul, Azərbaycan
Möhtərəm cənab Prezident!
Artıq bir neçə ildir ölkəmizin iqtisadi siyasətində prioritet istiqamət kimi qeyri-neft sektorunun inkişaf etdirilməsi hədəf seçilmişdir və ötən müddət ərzində bu sahədə xeyli uğurlar qazanılmışdır. Təkcə keçən il ölkə üzrə qeyri-neft sektorunda 10 faiz artım qeydə alınmışdır. İqtisadiyyatın qeyri-neft bölməsində sanballı çəkiyə malik olan sahələrdən biri də aqrar sektordur.
Bu gün dünyanın ərzaq problemi ilə üz-üzə qaldığı bir vaxtda aqrar sektorun inkişaf etdirilməsi Azərbaycanın iqtisadi siyasətində strateji istiqamət elan olunmuşdur. Ümumiyyətlə, ölkəmizdə həmişə aqrar bölməyə - kənd təsərrüfatının inkişafına xüsusi fikir verilir.
Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan keçmiş SSRİ məkanında aqrar islahatlara başlayan ilk ölkə olmuşdur. Sonrakı illərdə Ümummilli Lider kənd təsərrüfatına, bu sahədə çalışan insanlara daim qayğı göstərmiş, fürsət düşdükdə ilk maddi dəstəyin məhz aqrar sektora göstərilməsini təmin etmişdir.
Möhtərəm cənab Prezident, Siz bu gün həmin siyasəti davam etdirərək kənd təsərrüfatı məhsulları istehsalının artımı üçün bütün lazımi tədbirləri görürsünüz. Məhsul istehsalçılarının vergilərdən azad edilməsi, onlara yanacaq və motor yağlarına, eləcə də əkin sahələrinə görə subsidiyaların verilməsi, fermerlərə texnika və cins mal-qaranın güzəştli qiymətlərlə satılması, eyni zamanda mineral gübrələrin aqrolizinqlər vasitəsilə çatdırılması və s. tədbirlər kənd təsərrüfatı malları istehsalının artmasına səbəb olmuşdur.
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli Fərmanınız məhz bu məqsədə xidmət edir. Aqrar sektorun daha sürətli, daha təkmil, daha etibarlı inkişafına yönələn həmin Fərmanda hökumət və dövlət qurumları qarşısında konkret vəzifələr qoyulmuşdur. Görülən bu tədbirlər Sizin aqrar sahəyə, kənd təsərrüfatına nə qədər diqqət və qayğı göstərməyinizin əyani sübutudur.
Möhtərəm cənab Prezident, biz Hacıqabul rayonunun Udullu kəndində yaşayırıq. Kənd rayon mərkəzindən 40-50 kilometr məsafədə yerləşir. Udullu kəndində 6500 nəfərdən artıq əhali yaşayır. Biz kənd əhalisi həmişə Sizin qayğınızı hiss etmişik.
Belə ki, kəndimizə fasiləsiz olaraq elektrik enerjisi verilir. Sizin göstərişiniz və tapşırığınız əsasında qısa müddət ərzində kəndə qaz xətti çəkilmiş və hazırda Udulluda hər bir evdə mavi alov şölələnir. Rayon mərkəzindən Udullu kəndinə 37 kilometr uzunluğunda müasir standartlara cavab verən yeni yol çəkilmiş və bunun nəticəsində əhalinin rayon mərkəzinə gediş-gəlişi xeyli asanlaşmışdır. Udullu, Tava, Tağılı və Şorbaçı kəndlərində müasir standartlara cavab verən 4 tam orta məktəb tikilib istifadəyə verilmişdir. Kənd əhalisinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır. Əkinçilikdə əsas yeri taxıl istehsalı, bağ və bostan bitkilərinin yetişdirilməsi tutur. Uzun illərdir ki, əkdiyimiz taxıl, nar bağları, bostan və tərəvəz bitkiləri çəyirtkələr və digər ziyanvericilərin hücumuna məruz qalır və beləliklə də məhsuldarlıq aşağı düşürdü. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizə zəif aparılırdı. Lakin 2014-cü ilin aprel ayından başlayaraq Hacıqabul rayonunun bütün ərazisində, dövlət fond torpaqlarında, kənd təsərrüfatına yararlı olan əmlak pay torpaqlarında Hacıqabul, Kürdəmir, Qobustan, Şamaxı, Ağsu, Saatlı, Sabirabad və s. rayonların texnikalarının köməyi ilə çox böyük və genişmiqyaslı tədbirlər həyata keçirmişdir. Belə ki, Böyük Küdrü sahəsi adlanan əraziyə, Udullu dağlarına, Pirsaat, Navahı massivində aşkar olunan ziyanvericilərə qarşı kimyəvi dərman preparatları vasitəsilə operativ şəkildə mübarizə aparılır. Bəzi yerlərə üç və dörd dəfə kimyəvi dərmanlar texnika vasitəsilə səpilərək Mərakeş çəyirtkələrinin kəndlərə daxil olmasının, taxıl sahələrinin, bağ-bostan bitkilərinin məhv edilməsinin qarşısı alınmışdır. Kənd təsərrüfatı ziyanvericilərinə, xüsusən Mərakeş çəyirtkələrinə qarşı aparılan operativ və genişmiqyaslı mübarizəyə görə möhtərəm cənab Prezident, şəxsən Sizə Udullu kənd sakinləri adından təşəkkür və minnətdarlığımızı bildiririk.
Çox hörmətli Prezident, Sizin tapşırığınızla son vaxtlar aqrar sahədə həyata keçirilən islahatlar, yeni texnikaların respublikaya gətirilməsi, kənd təsərrüfatı bitkilərinə aqrolizinqlər vasitəsilə mineral gübrələrin verilməsi və ziyanvericilərə qarşı aparılan genişmiqyaslı operativ mübarizə tədbirləri kənd təsərrüfatının daha sürətli inkişafının təmin edilməsinə olan ümidlərimizi daha da artırır.
Möhtərəm Prezident, Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişaf etdirilməsinə, əhalinin fasiləsiz ərzaqla təmin olunmasına göstərdiyiniz diqqət və qayğıya, son vaxtlar aqrar sahədə aparılan genişmiqyaslı islahatlara görə Sizə Hacıqabul rayonunun bütün sakinləri adından dərin təşəkkür və minnətdarlığımızı bildiririk. Sizə, ailənizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, səadət, dövlətimizin və ölkəmizin gələcəyi naminə məqsədyönlü fəaliyyətinizdə daha böyük uğurlar və nailiyyətlər arzu edirik.
Allah Sizi və ailənizi qorusun.
Udullu kəndinin sakinləri adından dərin hörmətlə,
Hacıyev Məhəmməd
Tağıyev Nazim
Həşimov Fikrət,
Abdullayev Məhəmməd və başqaları (cəmi 872 imza).
Azərbaycan Respublikası, Hacıqabul rayonu.