Valeh Salehovdan, İsmayıllı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Biz yeni kərpic zavodunun açılış mərasimində iştirak edən rayon sakinləri Sizin 2013-cü ildə rayonumuza etdiyiniz səfəri, bu səfər zamanı görülən işlərə verdiyiniz yüksək qiyməti minnətdarlıqla xatırlayırıq. Səfərinizdən sonra başlanan abadlıq və quruculuq işlərinin davam etdirilməsi üçün öz ehtiyat fondunuzdan əlavə vəsait ayırmağınız bizi bir daha ümidləndirdi. Qəlbən sevindik, fərəh hissi keçirdik ki, Sizin kimi humanist, uzaqgörən, müdrik siyasətçinin rəhbəri olduğu ölkənin vətəndaşıyıq.
“Sənaye ili”nin tələblərindən irəli gələn vəzifələr rayonumuzda müvəffəqiyyətlə icra olunur. Respublikamızda bir ilk olacaq velosiped zavodunun tikintisinə artıq başlanmışdır. Bu gün də yeni texnologiya əsasında qurulmuş kərpic zavodu açılır. Bu, hər şeydən əvvəl zavodda işləyəcək şəxslərin ailələrinin həyat şəraitinin yaxşılaşdırılması deməkdir. Xoşbəxt həyata, firavanlığa qovuşmağımıza görə Sizə minnətdarlığımızı bildiririk. Ümummilli liderimiz, xilaskarımız Heydər Əliyevin insanlara göstərdiyi qayğını ən yüksək səviyyədə davam etdirdiyinizə görə Sizə hədsiz təşəkkürümüzü bildiririk.
Möhtərəm cənab Prezident, İsmayıllı rayonu Sizin sərəncamlarınız, tapşırıq və tövsiyələriniz əsasında tikilməkdə, qurulmaqda, abadlaşmaqda, yeniləşməkdə davam edir. İnanırıq ki, Sizin diqqətiniz sayəsində rayonumuz bundan sonra daha da inkişaf edəcək və abadlaşacaqdır.
Dərin hörmət və ehtiramla,
Salehov Valeh Məmmədhəsən oğlu.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.