Rövşən Allahverdiyevdən, Şirvan, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin aprelin 24-də Praqa Sammitində işğalçı Ermənistanın prezidenti Serj Sarkisyana tutarlı cavabınızı mətbuat vasitəsilə izlədim və öz Prezidentimlə qürur duydum, Sizinlə fəxr etdim və heç də təəccüblənmədim. Çünki 1996-cı ildə ATƏT-in Lissabon Sammitində ulu öndər Heydər Əliyevin qətiyyəti ilə qəbul edilmiş Lissabon Bəyannaməsindən bu diplomatik uğuru yalnız Heydər Əliyevin siyasi məktəbini keçmiş lider davam etdirə bilərdi. Xüsusilə Türkiyə və Azərbaycan qardaşlığının ən yüksək tribunadan səslənməsi bizə ulu öndər Heydər Əliyevin “bir millət iki dövlət”, Atatürkün “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kəlamlarını xatırlatdı. Ümummilli liderimizin söylədiyi kimi bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan tarixin sınaqlarından birlikdə uğurla çıxmış, dünyaya bu qardaşlığı ərz etməkdən iftixar hissi keçirmişlər. Əsrin əvvəllərində ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklərin qarşısının alınmasında Türkiyənin qardaşlıq yardımını sovet dövründə xalqın yaddaşından silməyə çalışdılar. Lakin 1992-ci ilin may ayında Türkiyə və Naxçıvan arasında açılan “Ümid” körpüsü bu əlaqələri daha da möhkəmləndirdi. Praqa Sammitində “Bu masa arxasında Türkiyə təmsilçisi yox, amma mən buradayam” deməyinizi diqqətlə dinlədim və bu, mənə istiqlal şairi Əli Şövqinin “Azərbaycan” şerini xatırlatdı: Hərəkət et, qoy bir səni görsünlər, Türk övladı kim olduğunu bilsinlər.
Cənab Ali Baş Komandanım! O gün olsun ki, Sizin rəhbərliyinizlə Azərbaycan ordusu düşmən üzərində zəfər çalsın. Amin!
Hörmətlə,
Allahverdiyev Rövşən Sakit oğlu.
Azərbaycan Respublikası, Şirvan şəhəri, Bayramlı qəsəbəsi.