26 aprel 2014, 11:00

Zöhrab Alıyevdən, Ağcabədi, Azərbaycan

Möhtərəm Prezident!

Məmnunluq hissi ilə bildirirəm ki, biz laçınlılar Sizin siyasətinizi həmişə dəstəkləmişik və 2013-cü ildə keçirilən Prezident seçkilərində əvəzolunmaz liderimiz kimi yenidən ölkə başçısı seçilməyinizə hamılıqla səs verməyimizdən indi də şərəf və qürur hissi duyuruq. Mən Qarabağ döyüşlərində yaxından iştirak etmişəm. Laçın, Kəlbəcər, Ağdərə, Füzuli rayonlarında düşmənlə ağır döyüşlərin canlı şahidi olmuşam. Döyüşlərdə yaralansam da, mənfur düşmənlərə qarşı döyüş meydanını tərk etməmişəm. Mənim Füzuli bölgəsində gedən qızğın döyüşlərdəki xidmətlərim məhz ulu öndər tərəfindən o zaman qiymətləndirildi və mən 1993-cü ilin dekabr ayında “Azərbaycan bayrağı” ordeni ilə təltif edildim.

Möhtərəm Prezident! Mən Qarabağ müharibəsi veteranı kimi bu gün Sizin Heydər Əliyev kursunu davam etdirərək həyata keçirdiyiniz siyasətinizi, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığınız məqsədyönlü fəaliyyətinizi ürəkdən bəyənir və dəstəkləyir, lazım bildiyiniz istənilən məqamda yenə də döyüşlərdə öndə getməyə hazıram. Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərdiyiniz davamlı qayğı Sizə olan ümumxalq məhəbbətini daha da artırır, gənc nəslin vətənpərvər ruhda böyüməsinə, cəmiyyətimizdə nikbin düşüncələrin dərinləşməsinə müsbət təsir göstərir. Biz əminik ki, işğal altında olan torpaqlarımız Ali Baş Komandanımız olaraq Sizin rəhbərliyiniz altında tezliklə azad ediləcək və bütün məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar.

Qələbə sevincini Sizinlə Laçında bölüşəcəyimiz o müqəddəs tarixi günün çox da uzaqda olmadığına əminik. Laçın rayonunun müharibə əlilləri və veteranları adından Sizə dərin minnətdarlığımızı bildirir, uzun ömür, cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar arzulayırıq. Allah Sizi qorusun!

Hörmətlə,

Alıyev Zöhrab,
Laçın rayonundan məcburi köçkün.

Azərbaycan Respublikası, Ağcabədi rayonu,
Taxta-Körpü qəsəbəsi.