Zümrüd və Aqşin Dadaşzadələrdən, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
Azərbaycanın müstəqil dövlət kimi dünyada tanıtdırılması və nüfuzunun artırılması, ölkəmizin iqtisadi, müdafiə qüdrətinin yüksəldilməsi, mədəniyyət və tarixinin ardıcıl şəkildə təbliği sahəsində yürütdüyünüz düşünülmüş siyasət xalqımızın bütün təmsilçiləri kimi biz ziyalıları da dərindən məmnun edir, sabahımıza nikbinliklə baxmağa zəmin yaradır. Məlumdur ki, ulu öndər Heydər Əliyev elm, mədəniyyət sahəsinə daim böyük önəm vermiş, alimlərin, sənət adamlarının səmərəli çalışması üçün əlindən gələn köməyi əsirgəməmişdir. Siz də ümummilli liderin bu şərəfli yolunu davam etdirərək ziyalılarımızın fəaliyyətini dəstəkləməklə və dünyasını dəyişmiş görkəmli şəxslərin xatirəsini mütəmadi olaraq yad etməklə xalqımızın böyük rəğbətini qazanmısınız.
Aprelin 15-də babamız, görkəmli ədəbiyyatşünas, tənqidçi, pedaqoq və ictimai xadim, akademik Məmməd Arif Dadaşzadənin 110 illik yubileyinin keçirilməsi haqqında imzaladığınız Sərəncam bizi son dərəcə sevindirmişdir. Bu Sərəncam ümumilikdə Azərbaycan ədəbiyyatşünaslığının təşəkkülündə və inkişafında xidmətləri olan alimlərimizin zəngin ənənələrə malik milli ədəbiyyatımızın tədqiqi işində fədakar yaradıcı zəhmətinə verilən qiymətdir. Sizə ölkəmizin davamlı tərəqqisi naminə böyük uğurlar, cansağlığı diləyir və səmimi minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Dadaşzadə Zümrüd və Aqşin.
Azərbaycan Respublikası, Bakı şəhəri.