Tofiq Bakıxanovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
XXI əsrin əvvəllərindən bəri dünyada baş verən siyasi gərginliklər və iqtisadi böhranlar fonunda gənc müstəqil Azərbaycan dövlətini ildən-ilə deyil, gündən-günə inkişaf etdirməyiniz 50 milyonluq xalqımız tərəfindən məmnunluqla qarşılanır. Siz bu prinsipiallıqla ulu öndər Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi işıq saçacaqdır” ifadəsini reallaşdırırsınız. Biz hamımız Sizin bu sədaqətinizi alqışlayırıq.
Hörmətli cənab Prezident! Siz həm də Ulu Öndərin Azərbaycan tarixinə, mədəniyyətinə, elminə, milli-mənəvi dəyərlərimizə verdiyi önəmi, ayırdığı diqqəti böyük məsuliyyətlə yaşadırsınız.
Bu il fevral ayının 12-də Abbasqulu Ağa Bakıxanovun 220 illiyinin qeyd olunması barədə imzaladığınız Sərəncamı oxuyarkən ümummilli liderimizin bir kəlamını xatırladım. O demişdir ki, “Bizim xalqımız Bəhmənyarın, Nəsrəddin Tusinin, Mirzə Fətəli Axundovun və Abbasqulu Ağa Bakıxanovun yaradıcılığından hələ yüz illər boyu bəhrələnəcəkdir”.
Bizim nəsil şəcərəmizin ən görkəmli simalarından biri olan Abbasqulu Ağanın yubileyinin keçirilməsi barədə Sərəncam imzalamaqla, Siz həm ulu öndərin tövsiyələrinə əməl etdiniz, həm də bütövlükdə xalqımızın tarixinə hörmət, ehtiram nümayiş etdirdiniz. Mən çox məmnunam ki, məlum Sərəncamdan sonra Naxçıvan Muxtar Respublikasının, Milli Elmlər Akademiyasının, Mədəniyyət və Turizm Nazirliyinin və digər qurumların rəhbərlikləri müvafiq qərarlar qəbul etmişlər. Əminəm ki, bu yubiley həm gündən-günə inkişaf edən müstəqil dövlətimizin, həm də milli təfəkkür tariximizin ən görkəmli simalarından olan Abbasqulu Ağa Bakıxanovun adına layiq keçiriləcəkdir.
Hörmətli cənab Prezident! Mən bu qayğı, diqqət və ehtirama görə Bakıxanovlar nəslinin bütün nümayəndələri adından Sizə minnətdarlıq edir, xalqımız və gənc müstəqil dövlətimiz naminə həyata keçirdiyiniz çoxsaylı layihələrdə daha böyük uğurlar və can sağlığı arzulayıram!
Hörmətlə,
Bakıxanov Tofiq.
Azərbaycan Respublikası, Bakı şəhəri.