Araz Yaqubovdan, Lənkəran, Azərbaycan
Hörmətli cənab Prezident!
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il aprel tarixli Fərmanınız biz fermerlərin böyük razılığına səbəb olmuşdur. Bu fərman ölkəmizdə ərzaq bolluğunun yaranmasına kömək etməklə xalqımızın rifahını daha da yüksəldəcəkdir.
Ulu öndər Heydər Əliyev respublikamıza yenidən rəhbərlik etməyə başladıqdan sonra onun həyata keçirdiyi mühüm tədbirlərdən biri də aqrar islahatların aparılması olmuşdur. Siz Ulu öndərin siyasətini davam etdirərək, aqrar sahənin yenidən qurulması üçün misilsiz tədbirlər həyata keçirmisiniz. Görülən tədbirlər nəticəsində bu sahədə minlərlə iş yeri açılmış, ölkəmizin ərzaq təhlükəsizliyi təmin edilmişdir.
Hörmətli cənab Prezident! Çayçılıq həmişə cənub bölgəsinin əsas istehsal sahəsi olmuş, əhalinin böyük hissəsi bu sahədə çalışmışdır. Sizin rayonların ixtisaslaşması ilə bağlı həyata keçirdiyiniz tədbirlər Lənkəran çayının əvvəlki şöhrətini özünə qaytarmışdır. Rəhbərlik etdiyim “Yaşıl çay” fermer təsərrüfatının formalaşdırılması və inkişaf etdirilməsi də məhz Sizin bizim üçün yaratdığınız imkanlar sayəsində mümkün olmuşdur. Biz inanırıq ki, Sizin verdiyiniz fərman ölkəmizdə aqrar sahənin inkişafında yeni tərəqqi dövrünün başlanğıcı olacaqdır. Biz də Sizin aqrar siyasətinizi dəstəkləyərək, ölkəmizin ərzaq təminatına öz töhfəmizi vermək, məhsul istehsalını ildən-ilə artırmaq üçün bundan sonra da səylə çalışacağıq.
Hörmətli cənab Prezident! Aqrar sahənin inkişafına daim diqqət yetirdiyinizə, bu sahədə çalışanlara böyük qayğı göstərdiyinizə görə Sizə Lənkəranın bütün fermerləri adından dərin minnətdarlığımızı bildiririk.
Dərin hörmətlə,
Yaqubov Araz,
“Yaşıl çay” fermer təsərrüfatının təsisçisi.
Azərbaycan Respublikası, Lənkəran rayonu, İstisu qəsəbəsi.