İlham Əsədovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident!
“ASAN xidmət”lə bağlı hisslərimi Sizinlə bölüşmək və buna görə Sizə öz adımdan, eləcə də bu xidmətdən yararlanan hər bir vətəndaş adından dərin təşəkkür etmək istəyirəm. “ASAN xidmət” ofislərində ilk addımda yaşadığım çaşqınlığı izah etməkdə çətinlik çəkirəm. Qeyri-adi atmosfer, çox səliqəli və zövqlə dizayn edilmiş xidmət zalı, ən maraqlısı isə hər kəs sənə kömək etmək üçün səy göstərir. Bəli, məhz səy göstərir, sözün əsl mənasında, heç bir imitasiya olmadan. Bu gözəl diyarda dünyaya gəlmiş ikinci qızım üçün şəhadətnamə alırdım. “ASAN xidmət” ofisində işləyən qızlar məni o ki var təbrik etdilər, heç bilmədim nə vaxt yazdılar, necə yazdılar, heç rüsum da ödəməli olmadım. Bu bir inqilabdır, Azərbaycan dövlətçiliyi tarixində rüşvətxorluğa qarşı atılmış tarixi bir addımdır. Çünki əsl inqilab məhz düşüncələrdə olur və Siz buna nail olmusunuz. Ən böyük nailiyyət isə Azərbaycan Respublikasının hər bir vətəndaşının bu müsbət dəyişikliyi əyani şəkildə hiss etməsidir. Bu günə qədər yüzlərlə adamla bu xidmət haqqında fikir mübadiləsi aparmışam, nədənsə narazı olana rast gəlməmişəm. Həyatımda birinci dəfə idi ki, bu qədər qürur hissi keçirirdim. Dövlət xidməti idarəsində vətəndaşa olan xidmətə, diqqətə, qayğıya və hörmətə görə.
Hörmətli cənab Prezident! Sizə bir daha təşəkkür edirəm, Sizinlə qürur duyuram. Bu şərəfli və çətin fəaliyyətinizdə Sizə uğurlar arzulayıram.
Dərin hörmətlə,
İlham Əliyar oğlu Əsədov.
Azərbaycan Respublikası, Bakı şəhəri.