Cəmil Dadaşov və Veydəddin Pirəliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizin apardığınız uğurlu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycanda vətəndaşların sosial problemləri daim həll olunur, onlara göstərilən xidmətlərin, o cümlədən səhiyyə xidmətlərinin miqyası genişlənir. Yeni açılan və yüksək səviyyədə təmir edilən səhiyyə ocaqları müasir dövrün tələblərinə cavab verən avadanlıqlarla təchiz olunur. Bütün bunlar Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğının bariz təzahürüdür.
Möhtərəm Prezident! Bizim hər ikimiz ikinci qrup əlilik. Mütəmadi tibbi xidmətə ehtiyacımız vardır. Odur ki, neçə illərdir respublikamızın müxtəlif səhiyyə ocaqlarında zaman-zaman müalicə və reabilitasiya kursları keçməli oluruq. Bu dəfə də sağlamlığımızı bərpa etmək məqsədi ilə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etdik. Qeydiyyatdan keçdikdən sonra bizi palataya yerləşdirdilər. Fikirlərimizi qabaqlayaraq demək istəyirik ki, gördüklərimiz bizi valeh etdi. Belə ki, yüksək səviyyədə təmir olunmuş xəstəxana, orada yaradılmış şərait, müasir istilik və işıqlandırma sistemi, yeni yataq avadanlıqları, sözün həqiqi mənasında, Azərbaycan səhiyyəsinin müasir inkişafından xəbər verirdi. Ümumi xidmətin yüksək səviyyədə təşkil olunması burada yüksək səviyyədə müalicə alacağımıza əvvəlcədən zəmanət verirdi.
Xəstəxanada olduğumuz iki həftədən artıq müddətdə əminliyimizdə yanılmadığımızın şahidi olduq. Həkimlərin və digər tibb işçilərinin yüksək qayğısı və peşəkarlığı, dövlət hesabına verilən dərman preparatları və keyfiyyətli yeməklər sayəsində müalicə-reabilitasiya kursunu uğurla davam etdirərək başa çatdırdıq.
Möhtərəm Prezident! Sizin rəhbərliyiniz altında Azərbaycan günbəgün çiçəklənir və inkişaf edir. Bu, hər bir azərbaycanlını sevindirir və ona sabaha inamla baxmağa imkan verir. İnanırıq ki, uğurlarımız daha böyük, daha möhtəşəm olacaqdır. Azərbaycan naminə gördüyünüz bütün işlərdə Sizə müvəffəqiyyətlər, cansağlığı və uzun ömür arzulayırıq.
Hörmətlə,
Dadaşov Cəmil
Pirəliyev Veydəddin,
Jurnalistlər Birliyinin üzvləri.
Azərbaycan Respublikası, Bakı şəhəri.