14 aprel 2014, 18:00

Tural Kərimov və başqalarından, Mingəçevir, Azərbaycan

Möhtərəm Prezident!

Müstəqil Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi yolunda uğurlu fəaliyyətiniz ölkəmizin beynəlxalq birlikdə özünəməxsus və layiqli yer tutmasına zəmin yaratmışdır. Azərbaycanın hər bir vətəndaşına yaxşı məlumdur ki, Siz hərtərəfli inkişaf etmiş cəmiyyətin qurulması üçün məqsədyönlü və uzaqgörən siyasət yeridərək ölkəmizin xoşbəxt gələcəyi naminə uğurlu tədbirlər həyata keçirirsiniz. Sizin rəhbərliyiniz altında respublikamızda xalqın rifahının yüksəldilməsi, sosial-iqtisadi inkişafın təmin olunması sahəsində genişmiqyaslı işlər görülür. Biz mingəçevirli gənclər Sizin fəaliyyətinizi diqqətlə izləyir, ürəkdən bəyənir və dəstəkləyirik. Respublikamızda, eləcə də şəhərimizdə gənclərə göstərdiyiniz qayğı bizdə böyük məmnunluq hissi yaradır və bütün bunlara görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Hörmətli cənab Prezident! Sizin “Gənclik şəhəri”nə göstərdiyiniz diqqət və qayğı biz gəncləri hədsiz sevindirir. 2013-cü ilin aprel ayında şəhərimizə səfəriniz zamanı açılışını etdiyiniz bir sıra obyektlər bütün mingəçevirlilərin böyük sevincinə səbəb olmuşdur. Səfərinizdən dərhal sonra şəhərimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında imzaladığınız Sərəncamınız Mingəçevirdə müasir meyarlara əsaslanan quruculuq və abadlıq işlərinin daha da intensivləşməsinə və vüsət almasına böyük təkan vermişdir. Bu Sərəncamın səmərəsi göz önündədir. Bu gün Mingəçevirdə aparılan abadlıq, quruculuq işləri, küçələrin genişləndirilməsi, parkların yenidən qurulması, yüksək mərtəbəli binaların fasadlarının müasir formada üzlənməsi, yeni işıq dirəklərinin quraşdırılması şəhərimizi daha da gözəlləşdirir. Xüsusilə gənclərin istifadəsinə verilən “Gənclər Evi” və əsaslı təmir edilən “Sahil” və “Dostluq” parkları bizim hər birimizin ürəyincədir. Şəhərimizin gənclərinin istinadgahına çevrilən “Gənclər Evi”ndə ümumşəhər səviyyəli çoxsaylı təlimlər, kurslar, müsabiqələr, yarışlar və layihələr həyata keçirilir. Hazırda “Gənclər Evi”ndə üç klub, on bir dərnək və üç gənclər təşkilatı fəaliyyət göstərir ki, bu, da gənclərimizin dünyagörüşünün artmasına, bilik və qabiliyyətlərinin inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və eləcə də ən müxtəlif sahələr üzrə maariflənməsinə xidmət edir. Sizin göstərişinizə əsasən gələcəkdə şəhərimizdə yaradılacaq yeni texnoparklar rayonumuzda məşğulluğun artırılmasına böyük töhfə olacaqdır.

Hörmətli cənab Prezident! Sizi əmin edirik ki, biz gənclər şəhərimizdə aparılan quruculuq işlərində yaxından iştirak etməklə, hər zaman bilik və bacarığımızı artırmaqla ölkəmiz üçün layiqli mütəxəssis və vətəndaş olmağa çalışacaq, Heydər Əliyev ideyalarının davam etdirilməsi üçün həyata keçirdiyiniz siyasi xətti hər bir zaman dəstəkləyəcəyik.

“Gənclər Evi”nin üzvləri adından dərin hörmətlə,

Kərimov Tural
Əhmədov Kamal
Məmmədova Elnaz
Salahova Könül
Seyidova Nüşabə
Əlibəyli Turqut
Yaqublu Jalə və başqaları.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.