08 aprel 2014, 18:10

Cavanşir Quliyev və başqalarından, Gədəbəy, Azərbaycan

Hörmətli cənab Prezident! 

Qızıltorpaq-Ağbaşlar avtomobil yolunun tikintisi ilə bağlı 2014-cü il 31 mart tarixli Sərəncamınız biz gədəbəylilərin böyük sevincinə səbəb olmuşdur. Minlərlə yerli sakinin müntəzəm istifadə etdiyi həmin yolun yararsız vəziyyətdə olması bizə xeyli narahatlıq yaradırdı. İndi biz sevinc içindəyik ki, artıq bu narahatlığımıza son qoyulur. 

Hər bir azərbaycanlı kimi biz gədəbəylilər də hər zaman Sizin diqqət və qayğınızı hiss edirik. Respublikanın hər yerində olduğu kimi Gədəbəy rayonunda da abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Məktəb binalarının və yolların tikintisi, qaz xətlərinin çəkilməsi, körpülərin salınması və digər işlər bunun bariz nümunəsidir. Gədəbəylilərin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 110 kilovatlıq yeni xəttin çəkilməsi də sakinlər tərəfindən rəğbətlə qarşılanmışdır.

Son on ildə Sizin rəhbərliyiniz altında görülən işlər 70 illik sovet dövründə görülən işlərdən beş qat artıqdır. Əldə olunan bu nailiyyətlər ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Sizin tərəfinizdən uğurla davam etdirilən müdrik siyasətin və neft strategiyasının təntənəsidir. 

Möhtərəm cənab Prezident! Biz gədəbəylilər göstərilən diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildirir və qeyd etmək istəyirik ki, Sizin ətrafınızda sıx birləşərək doğma Azərbaycanımızın inkişafında və çiçəklənməsində yardımçınız olacağıq.

Qaraməmmədli kənd ağsaqqalları və sakinləri adından böyük hörmətlə,

Quliyev Cavanşir
Rzayev Məmmədəli
Pirverdiyev Nəzər
Şahverdiyev Həşim və başqaları (cəmi 20 imza).

Azərbaycan Respublikası, Gədəbəy rayonu.