Sahibə Rəsulovadan, Mingəçevir, Azərbaycan
Hörmətli cənab Prezident!
Siz Azərbaycanın inkişafı üçün var qüvvənizlə çalışaraq, onu bütün dünyada nümunəvi bir dövlətə çevirmisiniz. Ölkəmiz bütün sahələrdə parlaq nailiyyətlər qazanmış, vətəndaşlarımızın yüksək həyat səviyyəsi təmin edilmişdir. Bütün bunlara görə xalqımız Sizi özünə dayaq, kömək, fəxr sayır. Siz hər bir vətəndaşın qayğısına qalır, onlara yardım göstərməyi, müraciətlərinə diqqətlə yanaşmağı bütün dövlət orqanlarından tələb edirsiniz. Mən özüm bu yaxınlarda torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı müvafiq quruma müraciət edərkən, həmin məsələ yerindəcə və dərhal həll edildi. Bu, hər şeydən əvvəl Sizin bizə olan qayğınızın nəticəsidir.
Sizin yorulmaz fəaliyyətiniz sayəsində Azərbaycanın bütün bölgələri kimi mənim böyüyüb ahıl yaşa çatdığım Mingəçevir şəhəri də gündən-günə gözəlləşir, abadlaşır. Şəhərimizdə hamı bunu minnətdarlıqla qeyd edir və bundan böyük iftixar hissi keçirir.
Hörmətli cənab Prezident! Azərbaycanın daha da inkişaf etməsi, beynəlxalq nüfuzunun artması istiqamətində misilsiz fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzu edirəm. Allah Sizə yar olsun!
Hörmətlə,
Rəsulova Sahibə.
Azərbaycan Respublikası, Mingəçevir şəhəri.