29 mart 2014, 13:50

P.Ş.Xankişiyev və başqalarından, Şirvan, Azərbaycan

Hörmətli cənab Prezident!

Biz – Şirvan şəhərində yaşayan Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və şəhid ailələri Sizi və ailə üzvlərinizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, çətin və şərəfli işinizdə uğurlar arzulayırıq.

Qeyd etmək istəyirik ki, dövlətimizin qüdrətinin artması, iqtisadi inkişafı və beynəlxalq aləmdə nüfuzunun genişlənməsi istiqamətində həyata keçirdiyiniz daxili və xarici siyasət hər birimiz tərəfindən alqışlanır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsi və müvəffəqiyyətlə həyata keçirilməsi ölkə vətəndaşlarının rifah halının yüksəldilməsinə hesablanmışdır.

Respublikanın digər şəhər və rayonlarında olduğu kimi, Şirvan şəhərində də abadlıq-quruculuq işləri geniş vüsət almış və sürətlə davam etdirilir. Şəhər sakinlərinin işlə təmin olunmaları, sosial problemlərinin həll edilməsi, Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinə qayğının artırılması Sizin həyata keçirdiyiniz məqsədyönlü siyasətin nəticəsidir.

Möhtərəm cənab Prezident! Biz Sizə inanır, Sizinlə fəxr edirik. Sizin ətrafınızda sıx birləşərək verəcəyiniz tapşırıqları hər zaman yerinə yetirməyə hazırıq.

Qarabağ müharibəsi əlilləri, veteranları və
şəhid ailələri adından dərin hörmətlə,

Xankişiyev P.Ş.
Bədəlov S.A.
Ağamalıyev F.E.
Təhməzov V.B. və başqaları (cəmi: 20 imza).
Azərbaycan Respublikası, Şirvan şəhəri.