Vidadi Zərbiyevdən, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident!
Sizi və ailənizi İsmayıllı rayonunda yaşayan Qarabağ müharibə əlilləri, veteranları və şəhid ailələri adından milli bayramımız – Novruz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, Azərbaycanımızın tərəqqisi yolunda uğurlar arzulayıram.
Hörmətli cənab Prezident! “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə” və “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli fərmanlarınız, eləcə də “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarını təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız rayonumuzda hədsiz sevinc hissi ilə qarşılanmışdır.
Sizin belə xeyirxah qərarlarınız bizim üçün həmişə əlavə bayrama çevrilir, xalqımızın əhval-ruhiyyəsinə müsbət təsir göstərir.
Biz də Sizin hər zaman yaxşı əhval-ruhiyyədə olmağınızı və Qarabağ uğrunda apardığınız yorulmaz fəaliyyətinizin məntiqi nəticəsini göstərməyinizi arzulayırıq. Qoy Ulu Tanrı xalqımıza qələbə sevinci qismət etsin!
Hörmətlə,
Zərbiyev Vidadi,
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin İsmayıllı rayon şöbəsinin sədri.
Azərbaycan Respublikası, İsmayıllı rayonu.