27 mart 2014, 19:00

Babək Məmmədovdan, Laçın, Azərbaycan

Möhtərəm Prezident!

“Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə”, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli fərmanlarınız, habelə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız məni və ailə üzvlərimi həddən artıq sevindirdi.

Ümummilli liderimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin apardığınız daxili və xarici siyasəti həmişə ürəkdən bəyənmişəm. Qarabağ müharibəsində əlil olmağıma baxmayaraq, hər an Sizin çağırışınızla öz doğma torpaqlarımızı yağı düşməndən azad etməyə və lazım gələrsə bu yolda canımı verməyə hazıram.

Müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm. Yeri gəlmişkən Sizi ailə üzvlərim adından Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, cansağlığı, Azərbaycan xalqının rifahı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram. Tanrı Sizi qorusun!

Dərin hörmətlə,

Məmmədov Babək Məcid oğlu,
II qrup Qarabağ müharibəsi əlili.

Azərbaycan Respublikası, Laçın rayonu.