27 mart 2014, 13:00

Mehdi Mehdiyevdən, Bakı, Azərbaycan

Möhtərəm Prezident!

Ulu öndərimiz Heydər Əliyevin strateji inkişaf kursunun layiqli davamçısı kimi Sizin həyata keçirdiyiniz uğurlu siyasətin nailiyyətləri hesabına Azərbaycan hazırda dünyanın yüksək inkişaf göstəricilərinə malik olan ölkələrindən birinə çevrilmişdir. Respublikamızda böyük infrastruktur yaradılır, müxtəlif sosial-iqtisadi layihələr həyata keçirilir. Dövlətimiz inkişaf etdikcə, xüsusi qayğıya ehtiyacı olan aztəminatlı şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının ehtiyaclarının ödənilməsi də yaxşılaşır, o cümlədən onlar mənzil və minik avtomobilləri ilə təmin olunurlar. “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə”, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2014-cü il 17 mart tarixli fərmanlarınız, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında” 2014-cü il 18 mart tarixli Sərəncamınız bu qayğının növbəti bariz nümunəsidir.
Bu sərəncam və fərmanların xalqımızın sevimli Novruz bayramı ərəfəsində imzalanması müharibə iştirakçılarına gözəl bayram hədiyyəsi olmuşdur.

Dövlət mənafeyini daim uca tutan ictimai birliyimizin üzvləri – şəhid ailələri, müharibə əlilləri və veteranları adından bir daha bəyan edirik ki, biz hamımız bir nəfər kimi Sizin əsgərinizik və hər an əmr və göstərişlərinizi layiqincə yerinə yetirməyə, Sizin ətrafınızda sıx birləşərək, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə əlimizdən gələni etməyə hazırıq.

Cənab Ali Baş Komandan! Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, Vətənimizin daha da inkişaf etdirilməsi naminə çətin və şərəfli fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

Mehdiyev Mehdi,
Qarabağ Müharibəsi Əlilləri, veteranları
və Şəhid Ailələri İctimai Birliyinin sədri.

Azərbaycan Respublikası, Bakı şəhəri.