19 mart 2014, 13:00

Vidadi Həsənovdan, Şərur, Azərbaycan

Möhtərəm Prezident!

Sizin “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Novruz bayramı ərəfəsində imzaladığınız Fərman biz müharibə əlillərini çox sevindirdi və bu qayğınız bizim üçün çox böyük hədiyyədir. Müharibə əlillərinə göstərdiyiniz qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk. Mən bir Azərbaycan övladı kimi ümummilli liderimiz Heydər Əliyev cənablarının və şəxsən Sizin yürütdüyünüz daxili və xarici siyasəti hər zaman dəstəkləmiş, bu gün də ümummilli liderimizin ideyalarına sadiq qalmaqla bildirmək istəyirəm ki, 2-ci qrup Qarabağ müharibəsi əlili olmağıma baxmayaraq, Sizin ilk çağırışınızla işğal altında olan torpaqlarımızın azad olunması uğrunda vuruşmağa, canımdan və qanımdan keçməyə hazıram. Xalqımızın müstəqilliyini qorumaq, Azərbaycanı hər an azad, müstəqil görmək üçün Sizə bacardığımız köməyi etməyi özümüzə borc bilirik. Sizi Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, cansağlığı, uzun ömür, sevinc dolu xoş günlər, üzərinizə götürdüyünüz çətin və məsuliyyətli vəzifənizdə uğurlar arzulayırıq. Tanrı Sizi qorusun və bizim başımızın üstündən əskik etməsin. Amin!

Hörmətlə,

Həsənov Vidadi İbrahim oğlu.
Azərbaycan Respublikası, Şərur rayonu, Kərimbəyli kəndi.