İlham Əliyev Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir

04 sentyabr 2013, 14:50
İlham Əliyev Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Biləsuvara səfəri çərçivəsində Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Bildirildi ki, ikimərtəbəli binada 15 iş otağı vardır. Otaqlar zəruri inventar və avadanlıqla təchiz olunmuşdur. Binanın foyesində Ulu Öndər, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin büstü qoyulmuşdur. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət stend yaradılmışdır.

Binanın 40 nəfərlik akt zalında müxtəlif tədbirlər keçirmək mümkündür.

YAP-ın Biləsuvar rayon təşkilatı 1993-cü ilin yanvarında 12 ilk ərazi təşkilatının iştirakı ilə yaradılmışdır. Hazırda isə YAP Biləsuvar rayon təşkilatının 68 ilk ərazi təşkilatı və 4 min 440 üzvü vardır. Təşkilat üzvlərinin 27 faizini qadınlar, 35 faizini gənclər təşkil edir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.

Yeni bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo