İlham Əliyev Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir

19 iyul 2013, 20:00
İlham Əliyev Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir

İlham Əliyev Yeni Azərbaycan Partiyası Şabran rayon təşkilatının inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, binanın tikintisinə 2011-ci ilin dekabrında başlanılmış və inşaat işləri 2013-cü ilin iyulunda yekunlaşdırılmışdır. Binanın ətrafda əsaslı abadlıq işləri aparılmış və yaşıllıqlar salınmışdır.

Ümumi sahəsi 735 kvadratmetr olan ikimərtəbəli binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Buradakı fotostendlərdə Ümummilli Liderin və Prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən partiyanın fəaliyyəti ilə bağlı gördükləri işlər öz əksini tapmışdır. Binadakı otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır.

Qeyd olundu ki, binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmış, bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Müasir havalandırma sisteminin quraşdırıldığı binada 90 nəfərlik konfrans salonu da vardır.

Dövlət başçısı binada yaradılmış şəraitdən razılığını bildirdi.

gallery-photogallery-photo