İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında iştirak etmişdir

26 sentyabr 2012, 15:00
İlham Əliyev M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılışında iştirak etmişdir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının yeni tədris kompleksinin açılış mərasimi keçirilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim edildi.

Dövlət başçısı filialın yeni tədris kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi və bu ali təhsil ocağının Bakı filialının rektoru, professor Nərgiz Paşayeva Azərbaycan Prezidentinə və xanımına məlumat verdilər ki, Xocasən qəsəbəsinin ərazisində beş hektar sahədə yeni kompleksin tikintisinə 2010-cu ilin iyununda başlanmışdır. Yeddi korpusun daxil olduğu tədris kompleksi xüsusi dizaynla yüksək standartlar səviyyəsində, dünyanın tanınmış universitetlərinin təcrübəsinə əsaslanaraq ən son texnoloji nailiyyətlərlə inşa olunmuşdur. Kompleksə, həmçinin iki idman korpusu, müəllim və tələbələr üçün dörd yataqxana daxildir.

Bildirildi ki, hazırda filialın yeni binasında beş fakültə üzrə 388 tələbə təhsil alır. Onlardan 106-sı bu il həmin ali təhsil ocağının tələbəsi adına layiq görülmüşdür. Bununla yanaşı, 2012-ci ildə 23 nəfər magistraturaya qəbul olmuşdur. Beləliklə, hazırda filialda təhsil alanların ümumi sayı 411 nəfər təşkil edir.

Dövlət başçısı və xanımı MDU-nun Bakı filialının beşmərtəbəli yeni binasında yaradılmış şəraitlə tanış oldular.

Bildirildi ki, bu ali təhsil müəssisəsinin güclü maddi-texniki baza ilə təminatına xüsusi diqqət yetirilmişdir. Bu ali təhsil ocağının kitabxana fondunda 20 min ədəbiyyat vardır. Kitabxanada nadir nəşrlər də yer almışdır. Elektron kitabxananın 100 nəfərlik oxu zalı vardır. Tələbələr burada 21 mindən çox kitabın elektron variantından istifadə edə biləcəklər. Bu kitabxananın M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasına birbaşa çıxışı vardır.

Qeyd edildi ki, bütün ali təhsil müəssisələri kimi, Moskva Dövlət Universitetinin Bakı filialı da hər zaman maraqlı müzakirələrlə yaddaqalan elmi şuraların, elmi diskussiyaların təşkili ilə fərqlənir. Bu məqsədlə binada konfrans zalı yaradılmışdır.

Məlumat verildi ki, yeni binadakı 70 auditoriyanın bəzilərində, eyni zamanda, 100 nəfər tələbə tədris prosesində iştirak edə bilər.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva universitetin birinci mərtəbəsində köhnə Bakının və köhnə Moskvanın görüntülərini əks etdirən fotosərgiyə baxdılar.

Diqqətə çatdırıldı ki, tələbə mərkəzinin də yaradıldığı binada müəllimlər və tələbələr üçün ayrıca yeməkxanalar fəaliyyət göstərir.

Burada, həmçinin xarici ölkələrdən və Azərbaycanın rayonlarından gələn müəllim və tələbələr üçün hər cür şəraiti olan yataqxanalar tikilmişdir.

Məlumat verildi ki, hazırda filialın yeni binasında 16 laboratoriya yaradılmışdır. Laboratoriyalarda müasir avadanlıq quraşdırılmışdır ki, bu da tədris prosesinin keyfiyyətinin yüksəldilməsinə imkan verəcəkdir. Filialda ən son proqramlarla təmin olunmuş kompyuter kabinetləri də fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

-Əziz dostlar!

Hörmətli qonaqlar!

Bu gün ölkəmizin həyatında gözəl, əlamətdar gündür. Biz MDU-nun Bakı filialının yeni binasını açırıq. Bu gün bu yaraşıqlı bina ilə tanış olarkən mən xəyalən dörd il əvvələ, MDU-nun Azərbaycanda filialının yaradılması haqqında Sərəncam imzaladığım vaxta qayıtdım. Əlbəttə ki, bu Sərəncam təsadüfi meydana gəlməmişdir. Bundan əvvəl Rusiya tərəfi ilə danışıqlar aparılmış və MDU-nun rəhbərliyinin fəal dəstəyi ilə biz belə mühüm qərar qəbul etmişik. Bu, Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsi prosesində, habelə Rusiya ilə Azərbaycan arasında ikitərəfli dostluq münasibətlərinin möhkəmləndirilməsi çərçivəsində, həqiqətən, əhəmiyyətli qərar idi.

Bakıda MDU-nun filialının yaradılması hüquqi cəhətdən 2008-ci ilin əvvəllərində sənədləşdirilmişdi. Lakin artıq bir il sonra, 2009-cu ildə filial fəaliyyətə başladı. Bina ayrıldı və yadımdadır, 2009-cu ildə biz hörmətli Viktor Antonoviç ilə birlikdə filialı açdıq. Orada çox gözəl şərait yaradılmasına baxmayaraq, artıq o vaxt yeni binanın tikilməsinin zəruriliyi ideyası meydana gəldi. Çünki MDU dünyanın aparıcı təhsil müəssisələrindən biridir və əlbəttə ki, bu cür təhsil müəssisəsinə müstəqil, ayrıca bina lazımdır. Mən şadam ki, uğurlu yer seçilmişdir. Bura şəhərin mərkəzindən çox uzaq deyildir. Lakin Azərbaycan paytaxtının sürətlə inkişafını və bizim infrastrukturu təkmilləşdirmək planlarımızı nəzərə alsaq, mən əminəm ki, bir neçə ildən sonra bu yer daha çox məskunlaşacaqdır. Bizim burada, bu zonada tələbə şəhərciyi yaradılması ilə bağlı müəyyən planlarımız vardır. Başqa sözlə, gələcəkdə, yeni ali təhsil müəssisələri yaradılarsa, yəqin ki, onlar burada yaradılacaqdır. Eyni zamanda, bəzi ali məktəblərimizin bu zonaya köçürülməsi ilə bağlı ideyalar da vardır ki, şəhərimizin infrastrukturunun tərəqqisində məhz tədris-tələbə istiqamətini burada inkişaf etdirək.

Mən çox şadam ki, qısa müddətdə filial ölkəmizdə böyük nüfuz qazanmışdır. Filialın rəhbərliyi MDU-nun rəhbərliyinin dəstəyi ilə sıfırdan başlayaraq artıq böyük nüfuz qazanmış və gənclərin can atdığı ali təhsil müəssisəsi yarada bilmişdir. Buradakı tədris prosesi, kadrların seçilməsi sistemi, əlbəttə ki, logistika infrastrukturu və avadanlıq təhsil üçün gözəl şərait yaradır. Ən başlıcası isə hazırda biz MDU-nun Bakı filialının simasında Azərbaycanda dünya səviyyəli ali təhsil müəssisəsi görürük. Çünki artıq dediyim kimi, MDU dünyanın nüfuzlu təhsil müəssisələrindən biri, böyük ənənələrə malik universitet, Rusiyanın aparıcı təhsil ocağıdır. Əlbəttə ki, MDU-da tədrisin səviyyəsi onun filialının harada olmasından asılı olmayaraq qoruyub saxladığı standartdır.

Bildiyimə görə MDU-nun Bakı filialında da təhsilin səviyyəsi çox yüksəkdir.

Bu gözəl gündə, əvvələn, bir neçə il ərzində, əslində sıfırdan müasir təhsil müəssisəsi yaratmış MDU-nun rektoru, bizim böyük dostumuz Viktor Antonoviç Sadovniçiyə, universitetin Bakı filialının rektoru Nərgiz Paşayevaya, habelə bütün həm yerli, həm də moskvalı müəllimlərə təşəkkürümü bildirmək istəyirəm. Artıq dediyim kimi, filial cəmi bir neçə ildir fəaliyyət göstərir. Bu il ilk buraxılışı olmuşdur. Lakin artıq bu gün biz nəticələri görürük. Düşünürəm ki, yaxın illərdə Azərbaycanda filialın məzunlarının fəaliyyətinin nəticələrini görəcəyik.

Ölkəmiz fəal surətdə inkişaf edir. Ölkəmizin həyatının bütün sahələri dinamik inkişaf edir. İqtisadiyyat dünya miqyasında ən yüksək templərlə inkişaf edir. Əlbəttə, qarşımızda duran bütün vəzifələri gerçəkləşdirməyə nail olmaq üçün bizə ilk növbədə, peşəkarlar lazımdır. Bütün sahələrdə peşəkarlar lazımdır. Hansısa mühüm bir istiqamətə peşəkar kadr gələn kimi, biz o saat müsbət dinamika görürük. Çünki iş dərhal düzgün təşkil edilir və biz dərhal peşəkarlıq, öz işinə sədaqət görürük. Çünki müasir dünyada bunsuz hər hansı bir ölkənin müvəffəqiyyət qazanması çox çətin olardı. Müasir dünyada ölkələrin uğurunu biliklər, elm, texnologiyalar və təhsil müəyyən edir. Biz şadıq ki, bu gün Azərbaycanda yüksək savadlılıq səviyyəsini qoruyub saxlamağa nail olmuşuq. Savadlılığın səviyyəsi faktiki olaraq 100 faizdir. Biz təhsilin inkişafı üçün çox iş görür və bu sahəyə olduqca çox sərmayə yatırırıq. Son səkkiz ildə Azərbaycanda təhsil xərcləri altı dəfə artaraq 1,5 milyard manat səviyyəsinə çatmışdır. Bu da büdcəmizin bütün məxaric hissəsinin on faizindən bir qədər azdır. Yəni, Azərbaycanda təhsil xərcləri müdafiə xərcləri ilə birinci və ikinci yerləri bölüşür. Bu isə bizim üçün məhz düzgün tədris prosesinin nə qədər əhəmiyyətli olduğuna, Azərbaycan gənclərinin onlara həyatda lazım olan bilikləri əldə edə biləcəkləri belə bir tədris sisteminin yaradılmasının nə qədər əhəmiyyətli olduğuna dəlalət edir.

Hər bir gənc vəzifə tutmağa və yaxşı biliklərə yiyələnməyə çalışır və ya çalışmalıdır. Bazar iqtisadiyyatı, azad rəqabət, açıq bazar və bütövlükdə dünyada rəqabət şəraitində fundamental biliklər olmadan həyatda öz yerini tapmaq bəzən çox çətin olur.

Azərbaycanda şəxsiyyətin inkişafı, öz yolunu sərbəst seçmək üçün hər cür şərait yaradılmışdır. Buna görə də gənclər biliklərə yiyələnməyə can atmalıdır. Biliklər əldə etmək üçün isə yalnız istək kifayət deyildir. Tədris prosesi lazımi səviyyədə təşkil edilməmişdirsə, tədrisin səviyyəsi axsayırsa, tələbələr bilik qazanmağa nə qədər can atsalar da, nəticə əldə etmək çətin olacaqdır. Bax, MDU-nun Azərbaycandakı filialı çərçivəsində biz tədrisin səviyyəsinin yüksək olduğunu, habelə gənclərin biliklərə yiyələnməyə can atdıqlarını görürük.

Filial, onun fəaliyyəti tədricən, mərhələ-mərhələ yaradılmış və inkişaf etmişdir. Əlbəttə, təkcə infrastruktur və texniki tərəfi mərhələ-mərhələ inkişaf etməmişdir, - dediyim kimi, biz bu gün gözəl bir binanı açırıq, - həm də fakültələrin sayı ilbəil artır. Bu da bizim ümumi istəyimiz idi. Biz bu gün də Viktor Antonoviçlə bu məsələni müzakirə etdik, qısa fikir mübadiləsi apardıq. Bir daha demək istəyirəm ki, biz imkan daxilində fakültələrin sayının artırılmasında maraqlıyıq. Çünki birgə əməyimizin nəticəsi olan indi gördüklərimiz böyük nikbinlik doğurur. Əlbəttə, fakültələrin sayının məhz ölkəmizin inkişafı üçün daha mühüm maraq kəsb edən istiqamətlər üzrə artırılması prioritet olmalıdır.

Əminəm ki, MDU-nun filialının yaradılması Azərbaycanda elmin inkişafına yeni təkan verəcəkdir. Biz buna da böyük əhəmiyyət veririk. Mən Elmlər Akademiyasının illik toplantısında elmi ictimaiyyətlə son görüşümdə də Azərbaycan elmi qarşısında duran vəzifələr üzərində kifayət qədər ətraflı dayandım.

Biz ölkəmizin elmi potensialını hər vəchlə inkişaf etdirməliyik. Əlbəttə ki, biz bütün məsələlərdə müasir cəmiyyətin və müasir dünyanın reallıqlarına əsaslanırıq. Biz realistik. Əlbəttə ki, hansısa ciddi elmi tədqiqatlarda Azərbaycanın model qanunvericisi olacağını gözləmək sadəlövhlük və vaxtı qabaqlamaq olardı. Amma bizim mütləq həll etməli olduğumuz məsələ dinamik inkişaf edən istiqamətlərdə qabaqcıl elmi təcrübəni mümkün qədər tez mənimsəməkdir. Bu barədə mənim tərəfimdən müvafiq göstərişlər verilib.

Müasir texnologiyalarsız heç bir ölkənin inkişafı mümkün deyildir. Bu gün XXI əsrdə, XXI əsrin əvvəlində bu, artıq müasir həyatın reallığına çevrilib. Elmi araşdırmalarda liderlik edən ölkələr dünyanın siyasi xəritəsində liderlik edəcəklər. Ona görə də, biz çox güclü intellektual potensial yaratmalıyıq. Məsələn, biz bütün məktəblərin kompyuterləşdirilməsi prosesini yekunlaşdırırıq. İndi 30 şagirdə bir kompyuter düşür. Amma 7-8 il əvvəl 2 min şagirdə bir kompyuter düşürdü. Biz, hətta Azərbaycanın ən ucqar regionlarında da internetə maneəsiz çıxış imkanı yaradırıq. İndi Azərbaycanda internet istifadəçilərinin sayı artıq 65 faizi ötüb.

Azərbaycanda internet azaddır.

Biz kosmik sənaye yaradırıq. Bəziləri düşünə bilər ki, Azərbaycan buna hələ tam hazır deyildir. Ancaq biz kosmik sənaye yaradırıq, ilk süni peykimizi buraxırıq. Gələcəkdə də bu istiqamətdə işimizi davam etdirəcəyik. İnkişafın çox mühüm istiqaməti olan informasiya-kommunikasiya texnologiyaları sahəsi üzrə reytinqdə biz regionumuzda lider mövqe tuturuq. Yəni, elmin inkişafı cəmiyyətin inkişafı deməkdir. Ölkənin intellektual potensialının inkişafı ölkənin gələcəyidir. Bizim vəzifəmiz ölkəmizdə müşahidə edilən dinamik iqtisadi artımı, dünya arenasında mövqelərimizin möhkəmləndirilməsini çox böyük intellektual potensialla gücləndirməkdən ibarətdir. Bunun üçün bütün imkanlar vardır. İlk növbədə, ənənələr mövcuddur. Azərbaycanda sovet dövründə elm çox güclü inkişaf etmişdir. Biz görkəmli alimlərimizlə fəxr edirik. Sonra, təbii ki, tənəzzül oldu. Ancaq bu tənəzzül yalnız bizdə deyil, bütün postsovet məkanında baş verdi. Keçmiş SSRİ-nin praktiki olaraq, bütün ölkələrində çox ağır iqtisadi durum yaranmışdı. Elmi və pedaqoji elita ağır vəziyyətdə idi. Biz hamımız cəmiyyətdə elmi ziyalıların nüfuzunun təəssüf ki, aşağı düşdüyü o çətin illəri xatırlayırıq. O zaman sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar, təəssüf ki, sosial statuslarına görə ziyalılardan daha üstün vəziyyətdə idilər. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri var idi. Ancaq Azərbaycanın iqtisadi potensialı möhkəmləndikcə elmə də, təhsilə də daha çox vəsait ayrılır. Elmi işçinin, müəllimin hörmət və nüfuzunu artırmaq bizim siyasətin vacib vəzifəsidir. Biz buna doğru gedirik. Çox iş görülüb.

Moskva Dövlət Universitetinin Azərbaycandakı filialı kimi belə müasir elm mərkəzlərinin yaradılması, həmçinin düzgün istiqamətə doğru addımdır. Biz gələcəkdə də təhsilin inkişafına sərmayə qoyacağıq. Biz məsələni kompleks şəkildə nəzərdən keçiririk - məktəblərin tikintisi və məktəbəqədər təhsil. Son illərdə Azərbaycanda 2200, bəlkə daha çox məktəb binası inşa edilib. Məktəblər təmir olunur. Gələn ilin sonuna qədər Bakıda təchizatına və təmirinə görə bu səviyyədə olmasa da, hər halda yüksək səviyyədə olmayan bir məktəb də qalmayacaq. Əlbəttə ki, ali təhsil, bir daha demək istəyirəm ki, bizim diqqət mərkəzimizdə olan sahədir. Bu, sosial sferadır, iqtisadi sferadır, cəmiyyətimizin əxlaqi-mənəvi əsaslarının formalaşdığı sferadır. Bunlar əlbəttə ki, ailədə yaranır. Amma istər məktəb, istərsə də ali təhsil müəssisəsinin bu məsələdə rolu böyükdür. Cəmiyyətimizin möhkəm dayağı əxlaqi-mənəvi meyarlardır. Bizim cəmiyyətimiz bu dəyərlərə əsaslanır. Biz bunları həm iqtisadi potensialla, həm fəal xarici siyasi fəaliyyətimizlə, həm də intellektual potensialla möhkəmləndirməliyik. Bunsuz heç bir ölkənin uğurlu inkişafı mümkün deyildir. Böyük təbii resurslara, şaxələndirilmiş infrastruktur şəbəkəsinə malik ola bilərsən, ancaq dinamika olmasa, ildən-ilə tərəqqiyə, yeni texnologiyaları təkmilləşdirməyə və inkişaf etdirməyə cəhd olmasa bu inkişaf, sadəcə, ləngiyəcək, dayanacaqdır. Bu cür ölkələrin vəziyyəti çox ağır olacaqdır.

Cəmiyyətin intellektual inkişafı həm də cəmiyyətin sabitliyidir. Əgər cəmiyyət yüksək intellektual səviyyədədirsə, savadlıdırsa kənardan gətirilən heç bir qüsurlu təzahürlər və meyillər heç vaxt onu sarsıda bilməz. Müasir dünyada, xüsusən də, kifayət qədər inkişaf etməmiş ölkələrdə, bir çox problemlər məhz təhsilin çatışmazlığı ilə əlaqəlidir. Bir çox müharibələr, bir çox münaqişələr, bir çox iğtişaşlar məhz təhsilin səviyyəsinin son dərəcə aşağı olması ilə bağlıdır. Bunu statistikada, hətta savadlılıq səviyyəsinə görə aydın görmək olar. Savadlılıq səviyyəsinin yüksək və aşağı olduğu ölkələrdə onların iqtisadi və intellektual potensialına baxsaq hər şey aydın olacaq: savadlılıq səviyyəsi ölkənin inkişaf səviyyəsinə və bu ölkələrdə baş verən proseslərə tam müvafiqdir. Odur ki, bizim üçün təhsilin yüksək səviyyəsi, Azərbaycan xalqının intellektual potensialının yüksək səviyyəsi ekstremizmə, populizmə, yalan vədlərə, kənardan təzyiqlərə qarşı peyvənddir. Cəmiyyət nə qədər çox savadlı və erudisiyalı olsa, o, bir o qədər də özünü təmin edən, daha ləyaqətli və hər cür gözlənilməz hallardan sığortalanmış olacaqdır. Ona görə də, bu məsələlərin hamısı bir-biri ilə sıx bağlıdır.

Çıxışımı yekunlaşdıraraq, demək istərdim ki, son nəticədə bu proseslərin mərkəzində insan, vətəndaş durur. Çox fəal sosial siyasətin həyata keçirildiyi Azərbaycanda bizim bütün planlarımızın, ideyalarımızın və nailiyyətlərimizin mərkəzində insan dayanır. Təsadüfi deyil ki, bir neçə il əvvəl mən “qara qızıl”ı insan kapitalına çevirək” şüarını irəli sürmüşdüm. Düşünürəm ki, biz bu istiqamətdə istəyimizə nail ola biləcəyik. Yəni ki, bu proses davam edir, bütün planlarımızın, sərmayələrin, ideyaların mərkəzində insan, Azərbaycan vətəndaşı, onun hüquqları, azadlıqları, rifahı, təhlükəsizliyi durur.

Əminəm ki, Moskva Dövlət Universitetinin Bakı filialı bundan sonra da ən yüksək tələblərə cavab verəcək, inkişaf edəcək, tələbələrin və fakültələrin sayı artacaq və biz hamımız sizin yeni uğurlarınıza sevinəcəyik. Sizi bir daha təbrik edirəm, hamınıza uğurlar arzulayıram.

X X X

M.V.Lomonosov adına MDU-nun rektoru, akademik Viktor SADOVNİÇİ çıxış edərək dedi:

- Çox hörmətli İlham Heydər oğlu!

Hörmətli Mehriban xanım, Nərgiz xanım! Hörmətli fövqəladə və səlahiyyətli səfirlər!

Hörmətli Rusiya Federasiyası Prezidentinin köməkçisi Vladimir İlyiç Tolstoy!

Zalda olan hörmətli həmkarlar!

Moskva universitetinin əziz müəllimləri! Ümumiyyətlə, bu auraya, Moskva Dövlət Universitetinin Bakı filialının kampusuna həyəcansız daxil olmaq mümkün deyildir. Bu, əsl həyəcandır, çünki bu, əsl universitetdir.

Tarixdən məlumdur ki, uzun əsrlər boyu universitetlər, məbədlər, məscidlər, kilsələr müəyyən xalqların, müəyyən məkanın və əlbəttə ki, dünyanın mədəniyyət rəmzi olaraq qalır. Ona görə də, bu gün baş verən hadisə düşünürəm ki, yalnız çağdaş deyil, gələcək tarixə də daxil olacaqdır. Çünki burada universitet, təhsil və elm məbədi inşa edilib.

İlham Heydər oğlu! Sizə bütün bu dövr ərzində və indi də göstərdiyiniz böyük dəstəyə görə çox dərin minnətdarlığımızı bildiririk. 2007-ci ildə mən Sizinlə burada - Bakıda görüşmək şərəfinə nail oldum, filialın açılması barədə razılıq əldə edildi. Artıq 2008-ci ilin əvvəlindən onun inşası başladı və gözəl kampusun yaradılması ilə yekunlaşdı. Bu, bir növ yanaşma üsuluna, sakitliyinə, tələbələr, elmi tədqiqatlar və tədris prosesi üçün rahatlığına görə Moskva Universitetinin kampusunu xatırladır.

Nərgiz xanım! Sizin apardığınız işi mən yüksək qiymətləndirirəm. Siz bu işə bütün qəlbinizlə yanaşmısınız. Universitetlər də elə bu cür tikilir, insan öz qəlbini, ürəyini qoyur. Filial məhz belə tikilib. Mən yalnız binanı yox, sizin qəlbinizin zərrəsi ilə yaradılmış onun strukturunu, universitetin özünü nəzərdə tuturam. Çox sağ olun. Başa düşürük ki, universitet tikmək nə deməkdir, başqa universitetlərin, başqa filialların necə tikilməsini də görmüşük. Sözsüz ki, sizin dəstəyiniz və belə münasibətiniz olmasaydı, bu, ola bilməzdi.

Burada heyrətamiz uyğunluq vardır. Burada dövlətin iradəsi və görkəmli insan - Prezidentin iradəsi özünü göstərir. Mən Prezidentin çıxışına qulaq asdım və deməliyəm ki, bu, əslində möhtəşəm mühazirə idi. Şadam ki, bizim professorlar bunu eşitdilər. Burada bizim təxminən 50-yə qədər professor vardır. Çünki Rusiyada mən belə danışmalı olanda, bir çoxları artıq adət ediblər, düşünürlər ki, belə lazımdır. Ancaq onlar bunları real həyata keçirən dövlət liderini dinləyəndə isə düşünürəm ki, bu, “kvadratdır”, riyaziyyatçıların dediyi kimi “N” dərəcəsindədir. Əlbəttə, yaxşı olardı ki, İlham Heydər oğlunun parlaq çıxışından sonra Moskva Universitetinə qayıdanda hisslərinizi, düşüncələrinizi həmkarlarınızla bölüşəsiniz.

Siz təhsil, elm və bu sahələrdə dövlətin siyasəti mövzusuna toxundunuz. Bu, Rusiya, xüsusilə də keçid mərhələsində hər bir ölkə üçün çox aktualdır. Biz həqiqətən də, keçmişdəki münasibətlərimizlə fəxr edə bilərik. Bizim elmi məktəblərimiz elmi mənada vahid olduğu dövrdə mən fəal işləmək şərəfinə nail olmuşam. Biz o zaman ayrı-ayrı dövlətlərdə yaşadığımızın fərqinə varmırdıq.

Həmin riyaziyyat, kimya, fizika, neft məhsullarının emalı üzrə məktəblər dünya səviyyəsində olan məktəblər idi. Azərbaycan universitetlərində işləyən alimləriniz sözsüz ki, dünya elminin elitasına daxil idilər. Həqiqətən də, Siz düz qeyd etdiniz ki, zaman ötür və o mərhələ, ölkəmizdə, Rusiyada elm və təhsilə çox güclü zərbə vurdu. Başqa ölkələrdə də eyni böhranlı proseslər baş verdi. Ancaq indi güc toplamağımız üçün hər şey vardır.

İcazə verin, bir alim kimi deyim ki, burada sanki iki səviyyə vardır. Sözsüz ki, ümumi təhsil, məktəb, universitet təhsil səviyyəsi ölkənin tərəqqisi və bu tərəqqini elmdə tətbiq etməsi üçün zəruri şərtlərdir. Əgər bu fundamental baza yoxdursa, heç düşünmək lazım deyil ki, ölkə nəyəsə nail olacaqdır. Mənə elə gəlir ki, Siz ölkənizdə faktiki olaraq bu əsasların yaradılması üçün indi hər şey edə bilmisiniz. Növbəti mərhələ Rusiyada da aktualdır. Bu, dünya səviyyəsində olan inkişaf istiqamətlərinə şəraitin yaradılmasıdır. İndi elm elə inkişaf edir ki, potensialı müasir avadanlıqla təchiz edilən, xarici ölkələrlə yaxşı əlaqələri olan, ancaq necə deyərlər, elmdə qələbələr üçün işləyən elmi məktəblərə cəmləmək lazımdır. Belə qrupların, belə laboratoriyaların, belə məktəblərin yaradılması vəzifəsi Rusiyada da mövcuddur. Bir neçə misal demək istəyirəm. Əsl müasir dərmanların, bizdə artıq qəbul edildiyi kimi alınması üçün deyil, yaradılması üçün super hesablayıcılar. Onların gücü petaflotlu və ya indi deyildiyi kimi, ekzaflotlu olmalıdır. Belə super hesablayıcılar dünyanın bir neçə ölkəsində - Yaponiyada, ABŞ-da, Çində vardır. Moskva Universitetində rəqabət apara bilən super hesablayıcılar mövcuddur. Baxmayaraq ki, o maşınlar onlarla aparıcı universitetdə vardır. Milyardlarla rubl sərmayə qoyulan yalnız bu cür maşınlar yeni dərmanlar yaratmaq və ya neft hasilatı, faydalı qazıntılarla bağlı kəşfiyyat, həmçinin kosmosun tədqiqi və sairə üçün hesablamalar aparmağa imkan verir. Yəni, Rusiyada da potensialı bu cür mütərəqqi istiqamətlərə yönəltmək lazımdır. Əlbəttə ki, bu, vəsait və siyasət tələb edir.

Təbii ki, dünyanın bir çox ölkəsində gedən təhsil islahatları adətən cəmiyyətdə müəyyən dəyişikliklərin baş verməsinin əlamətidir.

Təhsil də dəyişir, təhsil sistemində yeni islahatlar gedir. Hesablamışam ki, Rusiyada tarixən, I Pyotrun dövründən indiyədək 50-yə yaxın təhsil islahatı cəhdləri olub. Əgər təhsil islahatı ölkənin mentalitetinə uyğunlaşırsa, elmin və ya cəmiyyətin mentalitet bazasına əsaslanırsa, dünya meyillərini müşahidə edirsə, yalnız o zaman təhsil islahatının uğuruna nail olunur. Yalnız bu şərtlərin birləşməsi zamanı islahatlar uğur qazanır. Öz məktəblərini yaratmadan qısa müddətə istənilən mənimsəmək, dəvət etmək cəhdləri düşünürəm ki, uğursuzluğa məhkumdur. Zənnimcə, doğru yol keçmiş ənənələrə, mentalitetə və yaxşı elmi bazaya əsaslanan istiqamətlərin yaradılmasıdır.

Moskva Universitetinin filialı, fikrimcə, məhz bu rolu oynayır. Burada doğrudan da, Moskva Universitetinin ən yaxşı professorları və müəllimləri dərs deyirlər. Bu gün Rusiya Akademiyasının çox sayda görkəmli alimləri və akademikləri, professorları, Moskva Universitetinin kafedra müdirləri burada – bu zaldadırlar. Bu, o deməkdir ki, filial elita hazırlamağa və gələcəkdə elmi avadanlıqla təchiz olunmaqla elmi istiqamətlər yaratmağa, digər universitetlər və Elmlər Akademiyası ilə əməkdaşlıq etməyə, bu tərəqqini həyata keçirməyə qadirdir. Özü də ki, Rusiya və Azərbaycanın əməkdaşlığı çox yaxşı səviyyədədir. Biz də, Moskva Universiteti olaraq filialın inkişafına töhfə verməyə hazırıq. Düşünürəm ki, filialda yeni istiqamətlərin inkişafı və əsl fundamental elmin yaradılması üçün zəruri və kifayət qədər şərtlər vardır. Mən belə görürəm ki, bir neçə ildən sonra biz filial tələbələrinin nanotexnologiyalar, genlərin şifrələrinin açılması barədə danışdığı laboratoriyalar görəcəyik, onların fəaliyyətinin hansısa elmi istiqamətlərə aid olduğunu eşidəcəyik. Bu cür mütəxəssis hazırlığı səviyyəsində bu, arzu deyil, reallıqdır.

Əlbəttə ki, universitet öz kompleksi ilə güclüdür. O, çoxlu fakültələrin olduğu və bu fakültələrin bir-birini qarşılıqlı zənginləşdirdiyi təqdirdə güclüdür. Təbiət fakültələri humanitar fakültələrə daxil olur, öz metodlarını təqdim edir, humanitar elmlər də təbiət fakültələrinə daxil olur, mütəxəssisləri öz elmləri və yanaşmaları ilə zənginləşdirirlər. Biz Moskva Universitetində 6 illik təhsilə keçmişik və bu dırnaqarası artıq vaxt təbiət və humanitar elmlərin bir-biri ilə qarşılıqlı əməkdaşlığı üçün sərf olunur. Görünür, məhz gələcəkdə bu cür mütəxəssislər elmin ən yüksək pilləsində dayanacaqlar. Onlar dar profilə malik mütəxəssislər deyil, onlar qarışıq sahələri bilən, çox geniş universitet dünyagörüşünə malik mütəxəssislərdir. Bu mənada, biz artıq Nərgiz xanımla danışmışıq, yeni fakültələrin yaradılması, təbiət və humanitar fakültələrin proqramlarının bir-birinə qarşılıqlı daxil olması gələcəkdə filialda təhsil səviyyəsini dərinləşdirəcək və yeni mərhələyə çıxaracaqdır.

Moskva Universitetinin digər universitetlərdən fərqli olaraq vəsait qazanmaq xatirinə açılan filialı yoxdur. Bilirik ki, universitetlərimizin Rusiyada və digər ərazilərdə açılan və lazımi elmi potensialla təmin edilməmiş 1500-ə yaxın filialı vardır. İndi ölkəmizdə bu filialların sıxışdırılması üzrə iş aparılır. Hətta konkret rəqəmlər göstərilir. Nazirlik onların ixtisar olunması vəzifəsini qarşıya qoyub. Yəqin ki, bu, düzgündür. Demək istəyirəm ki, Moskva Universiteti heç vaxt bu cür məqsəd güdən filial yaratmayıb.

Bizim 5 dövlətdə 5 filialımız var və bu filialların hamısı qarşılıqlı əməkdaşlıq prinsipi əsasında yaradılıb. Yəni, Moskva Universitetinin professorları dərs demək üçün həmin ölkələrə, həmin filiallara gedirlər, biz də onlardan baza, təcrübə, tələbələrin yay tətili səfərləri kimi qarşılıqlı fayda götürürük. Əslində, bu, ödənişsiz tələbə filiallarıdır. Məncə, bu, əməkdaşlığın düzgün yoludur. Biz əməkdaşlıq edib bir-birimizə kömək göstərməli, tarixi ənənələrimizi, köklərimizi xatırlayıb bir-birimizə danışmalıyıq.

Biz filialın yaradıldığı zaman biznes faydası güdməməliyik. Əgər bu filial barədə danışırıqsa mən onu universitetimizin mirvarisi hesab edirəm. Moskva Universitetinin heç bir filialı bu cür himayəyə, bu cür dəstəyə malik deyildir. Bu, heyrətamiz birlikdir.

Bakıya gələndə, filiala daxil olanda hiss edirsən ki, burada bütün işlər düzgün görülür.

Mən sizin təhsil siyasətinizdən xəbərdaram. Şəhərin siması heyrətamiz şəkildə dəyişir, yeni universitetlər yaradılır, insanlar üçün faydalı olan binalar, mehmanxanalar tikilir, sakinlər üçün rahatlıq yaradılır. Əlbəttə ki, Moskva Universitetinin filialı belə şəhərdə, belə ölkədə fəaliyyət göstərəndə biz, təbii ki, bu əməkdaşlıqla, ölkə rəhbərliyinin bu cür münasibətilə fəxr edirik.

Bu gün biz bu binanı açdıq. İlham Heydər oğlu! Sözsüz ki, bu, Sizin, dövlətinizin qələbəsidir. Həm də bu, sözsüz ki, bizim üçün, Moskva Universitetinin professorları üçün də böyük sevincdir. Bu kampusda dərs demək, burada olmaq bizim üçün çox xoş olacaqdır. Biz elə işləyəcəyik, elə dərs deyəcəyik ki, tələbələr iftixarla desinlər: “Biz Moskva Dövlət Universitetinin Bakı filialını bitirmişik”. Bir daha Azərbaycan prezidentinə, bu filialın yaradılmasında əməyi olanların hamısına dərin təşəkkürümü bildirirəm.

Çox sağ olun.

X X X

Sonra MDU-nun Bakı filialının rektoru, professor Nərgiz PAŞAYEVA çıxış edərək dedi:

-Hörmətli cənab Prezident!

Möhtərəm tədbir iştirakçıları!

Cənab Prezident, ilk növbədə Sizin bugünkü gəlişiniz, nitqiniz və əlbəttə ki, 2008-ci il yanvarın 15-də dünyanın ən yaxşı ali təhsil müəssisələrindən biri olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının Bakı şəhərində yaradılması haqqında tarixi Fərmanınıza görə Sizə sonsuz minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun!

O vaxtdan dörd il keçib. Bütün bu müddət ərzində biz işləmişik, vicdanla işləmişik, xeyli uğurlu nəticələr qazanmışıq. Bizdə beş fakültə fəaliyyət göstərir, bizim ilk bakalavr buraxılışımız olub. Biz üç fakültədə magistratura şöbələri yaratmışıq, tələbələrimizin Moskvada yaxşı nüfuzu vardır. Onlar bir çox beynəlxalq konfranslarda iştirak edir, əksər olimpiadaların mükafatlarını qazanırlar.

Onlar yaxşı tələbələrdir və onlar da buna görə Sizə minnətdardırlar. Çox sağ olun!

Ötən dörd il ərzində Moskva Dövlət Universitetinin 940 professor və müəllimi bizdə mühazirələr oxumuşdur. Bu, böyük rəqəmdir, yəni Bakıya minə yaxın adam gəlib. Bütün bu dörd il biz – həm Bakı, həm də Moskva müəllimləri bir yerdə olmuşuq, açıq, nəcib və şərəfli yolla, universitet həyatı yolu ilə yanaşı addımlamışıq.

Hamımıza yaxşı məlumdur ki, universitet həyatı sadəcə, kitab müdrikliyi deyildir. Bu, ilk növbədə, əlbəttə ki, şəxsiyyətlər və insanlar, onların dünyagörüşü, həyata münasibəti, mövqeyi, elmi potensialı, cəsarətli, bəzən də çox yüksək intellekti deməkdir.

Axı alim ətrafımızda işıqlı məkan yaradan insandır. Təsadüfi deyildir ki, “intelligent” sözü Azərbaycan dilində “ziyalı” deməkdir.

Beləliklə, alim ulduzdur, şölə saçan ulduzdur. Bu cür ulduzlar nə qədər çox olarsa, həyat bir o qədər işıqlı olar, bütövlükdə dünya üçün və bizim hər birimiz üçün daha fərəhli olar.

Mən buraya toplaşan bütün alimləri salamlamaq, onlara “çox sağ olun” demək və bir daha vurğulamaq istəyirəm ki, universitetlər bütün dövrlərdə təkcə insan biliklərinin qoruyucuları və daşıyıcıları deyil, həm də bəşər zəkasının və ürəyinin, xeyirxah əməllərin qoruyucuları olublar. Siz hamınız zəka və qəlbin gördüyü xeyirxah əməllərin sahiblərisiniz. Çox sağ olun!

Bugünkü pedaqoq müasir həyata düzgün istiqamətlənməlidir. O, öz yetirməsinə, tələbəsinə düzgün məsləhətlər verməyi bacarmalıdır. Həmin gənc gələcəkdə müasir, hər gün dəyişən mürəkkəb cəmiyyətdə və dünyada özünə düzgün yol seçməlidir.

O, düzgün vərdişlərə sahib olmalıdır. Onun bir çox həyati məsələlərə yaxşı yanaşma tərzi olmalıdır. O, doğru və ən başlıcası düzgün qərar qəbul etməyi bacarmalıdır. Bu vəzifələri yerinə yetirmək mümkündür. Belə ki, biz müəllimlər Qoqolun kiçik bir tezisini əsas götürürük. O yazırdı: “Yaxşı nümunə qaydadan daha yaxşıdır”. Yəni, biz öz nümunəmizlə tələbələrə təhsilin, müəllim sözünün əhəmiyyətini, heç kimə pozmaq haqqı verilməyən universitet qanunlarının və məcəllələrinin ədalətli olduğunu nümayiş etdiririk. Beləliklə, biz müəllimlər, öz nümunəmizlə gənc nəslə düzlük, alicənablıq, aşkarlıq, əməyə məhəbbət, ali dəyərlərə sevgi aşılamaq istəyirik. Əlbəttə ki, onlar Vətəni çox sevməlidirlər. Onlar öz ənənələrini dəyərləndirməlidirlər, öz köklərini yaddan çıxarmamalıdırlar. Onlar gələcəkdə öz Vətənlərini şöhrətləndirməli, doğma Azərbaycan dilini, gözəl Azərbaycan ədəbiyyatını və əlbəttə ki, öz tarixlərini sevməlidirlər. Onlar bütün özlərinə aşılamalıdırlar və biz ali məktəbimizi bitirən tələbənin təkcə yaxşı mütəxəssis deyil, həm də yaxşı insan olması üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hamımız üçün çox önəmlidir.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə dövlətin onların ölkəni tərk etmədən pulsuz təhsil almaları, dünyanın ən nüfuzlu və ən yaxşı ali məktəblərindən biri olan Moskva Dövlət Universitetinin diplomunu almaq imkanı yaratdığına görə ali məktəbimizin bütün tələbələri və onların valideynləri adından bir daha təşəkkür etmək istəyirəm. Cənab Prezident, mən bu minnətdarlıq sözlərini şəxsən Sizə çatdırıram. Çox sağ olun!

Cənab Prezidentin və Viktor Antonoviçin tamamilə doğru və düzgün qeyd etdikləri kimi, bir vaxtlar fakültə seçimi cəmiyyətdə fundamental elmlərin əvvəlki nüfuzunu bərpa etmək arzusu ilə şərtlənirdi. Axı böyük elmin sıraları bazar qanunlarının və konyunkturanın təsiri və diktəsi ilə dağılmamalıdır. Çox istərdik vurğulayaq ki, burada təkcə tələbə hazırlamağa deyil, həm də böyük elmə həvəs göstərəcək, böyük elmdə qalacaq və bu istiqamətdə özlüyündə çox zəngin olan Azərbaycanımızın gələcəkdə də elmi ictimaiyyətini və elm tarixini şöhrətləndirəcək alimlər yetişdirməyə çalışırıq.

Biz bilirik ki, müasir dünya texnologiya dünyasıdır. Biz bilirik ki, dünyada xeyli elmi-texnoloji araşdırmalar baş verir. Lakin qeyd etmək lazımdır ki, istənilən texnoloji araşdırmalar, istənilən texnoloji ideyalar, tədqiqatlar, hansısa istiqamətlər əvvəl-axır bu və ya digər şəkildə humanitar problemlərlə toqquşur, humanitar məsələlərdə qapanır. Beləliklə, humanitar elmlər çox vacibdir.

Humanitar və texnoloji elmlərin birliyi bu gün doğru birlikdir. Belə ki, müasir dünya birmənalı deyil, o, çoxtərəflidir və mənə elə gəlir ki, XXI əsr aliminin nəzər bucağı çox geniş olmalıdır. O, çox kompleksli olmalıdır. O, sırf texnar olmamalıdır, o, sırf humanitar sahə alimi də olmamalıdır. Elə məktəblər, elə məkanlar yaratmaq lazımdır ki, humanitar məktəb və texniki məktəb kimi iki böyük istiqamət birlikdə işləsin, əməkdaşlıq etsin və hansısa yeni kompleks yanaşmalar yaratsın. Bu, təkcə hansısa elmi mənimsəmə deyil, eyni zamanda, müasir dünyada bu gün baş verən hər şeyi mənimsəmə yanaşması olmalıdır. Buna alimlərin gücü çatar.

Bu, alim sözüdür və alimlər bütün dövrlərdə gələcək barədə dəqiq xəbər verirdilər. Alim sözü həmişə özünü doğruldub və həmişə alimlərin dedikləri müəyyən yollarla həyata keçib.

Mən, həmçinin bizim Bakı filialının işçilərinə təşəkkür etmək istəyirəm. Onlar ötən dörd il ərzində qüvvələrini əsirgəmədən işləyiblər, bizim bütün fikirlərimizin, bütün planlarımızın həyata keçməsi üçün əllərindən gələni ediblər. Mən onlara təşəkkür edirəm və bir daha qeyd edirəm ki, əgər həmin məqsədyönlü yanaşma, dövlətin dəstəyi olmasaydı, Prezident özü şəxsən bizi dəstəkləməsəydi, bütün bunlara nail ola bilməzdik.

Bizim böyük müəllim potensialımız vardır. Biz hər gün görkəmli insanlarla ünsiyyət saxlamaq şərəfinə nail oluruq. Mən bunu şəxsən özüm üçün xoşbəxtlik sayıram. Çünki hər gün işə gələrkən, sadəcə, hansısa adət etdiyim işə gəlmirəm. Mən şəxsiyyətlərin, bəzən dahi şəxsiyyətlərin dəhlizlə addımladığı yerə gəlirəm. Onlar adi adamlar kimi gəzirlər, amma mən yaxşı bilirəm ki, həmin adam adi deyil, xüsusi insandır. Onda elə keyfiyyətlər vardır ki, bunu heç vaxt heç yerdə və heç kəsdə tapmaq olmaz. Buna görə mən sizi çox sevirəm. Sizin çəkdiyiniz zəhmətə və bütün bu müddətdə bizim üçün, tələbələrimiz və müəllimlərimiz üçün etdiklərinizə görə təşəkkür edirəm. Moskva Universitetinin bütün müəllimlərinə təşəkkür edirəm.

İki il əvvəl tikinti başlandı. İnşaat işləri asan olmasa da, bizim hamımız üçün çox arzu edilən idi. Nəhayət, tikinti başa çatdı. Amma o, başa çatsa da, biz yenə tikəcəyik. Biz sözün əsl mənasında deyil, məcazi mənasında yenə tikəcəyik. Biz gələcək münasibətlərimizi, planlarımızı, perspektivlərimizi quracağıq, biz hansısa təhsil, elmi proqramlarımızı yaradacağıq, biz ümidlərimizi, nəhayət, gələcəyimizi, əlbəttə ki, universitetimizin gələcəyini quracağıq. Bu mənada, hesab edirəm ki, Bakı filialının da xüsusi vəzifəsi vardır. Əməkdaşlar, insanlar bir-biri ilə yaxınlaşırlar. Bu zaman elm adamlarını bir-birinə yaxınlaşdırır.

Rusiyanın və Azərbaycanın alimləri elmi qarşılıqlı şəkildə zənginləşdirməklə keçmiş, lakin təəssüf ki, itirilmiş elmi əlaqələri yenidən bərpa edə bilərlər. Bu da çox vacibdir. Bu vəzifə də bizim ali məktəbin çiyinlərinə düşüb və Moskva Universitetinin, rektor Viktor Antonoviçin köməyi ilə biz həm dövlətin, həm sadə vətəndaşların, həm də bu salonda əyləşən insanların ümidlərini doğrultmaq üçün əlimizdən gələni edirik. Çünki tələbələr bizim müəssisənin əsas simalarıdırlar. Hər şey sizin xatirinizə, hər şey sizin üçün edilir ki, bütün bunları unutmayasınız.

Mən buraya toplaşanların hamısına bir daha təşəkkürümü bildirmək istəyirəm. Cənab Prezident, həddən artıq məşğul olmağınıza baxmayaraq, bizə xüsusi diqqət yetirib şərəfləndirdiyinizə, gəlib kampusumuzu açdığınıza görə bütün kollektivimiz adından Sizə bir daha təşəkkür etmək istəyirəm. Bizə tez-tez gəlin! Mən bu kampusun tikintisi zamanı bizə kömək edən, bizim üçün həyəcan keçirən, bütün işlərimizin çox yaxşı olmasını istəyən insanlara da minnətdarlıq etmək istəyirəm. Mən bu gün buraya gəlib təntənəmizə qatılan qonaqlarımıza da minnətdarlığımı bildirirəm. Mənə elə gəlir ki, böyük Hötenin sözlərini xatırlamaq yaxşı olardı.

O deyirdi: “Gənclik tezliklə ötüb-keçən qüsurdur”. Amma universitetdə bu cür qüsurlar olmur. Universitetlər gəncliksiz olmur.

Burada gənclik yaşayır və ötüb keçmir.

Universitetin astanasına ayaq basan hər bir insan istər-istəməz öz gəncliyini, öz tələbəlik illərini xatırlayır və bu məqamda o, yenə Hötenin sözlərini demək istəyir: “Dayan, zaman, sən çox gözəlsən”. Ona görə də dayan, zaman, sən çox gözəlsən. Biz hamımız bir yerə toplaşmışıq, bizim üçün əlamətdar gündür, çox gözəl hadisə baş verib. Bu hadisənin əhəmiyyəti həmişəlik tarixdə qalacaqdır. Bu gün dostlarımız, iş yoldaşlarımız bizimlədir. Azərbaycanın Prezidenti bizimlədir. Düşünürəm ki, bu, bizim ali təhsil müəssisəmizin tarixində ən parlaq və ən yaxşı gündür. Mən bir daha hamınıza təşəkkür edirəm. Moskva Dövlət

Universitetinə eşq olsun!

Onun Bakı filialı çiçəklənsin! Yaşasın Azərbaycan!

X X X

Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksin əl oyunları zalı, üzgüçülük hovuzu və trenajor zalında yaradılmış şəraitlə tanış oldular.

Sonda xatirə şəkli çəkdirdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 27 dekabr 2024
16:15
“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti ləğv edilsin.

2. “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar...

27 dekabr 2024, 16:15
SƏNƏDLƏR Fərmanlar 27 dekabr 2024
16:06
“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 75-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr...

27 dekabr 2024, 16:06
SƏNƏDLƏR Qanunlar 27 dekabr 2024
16:02
“Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1143-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində...

27 dekabr 2024, 16:02