14 noyabr 2020, 13:35

Ədliyyə naziri Fikrət Məmmədovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi, Müzəffər Ali Baş Komandanımızı möhtəşəm Qələbəniz – mənəviyyatımızın məbədgahı, ölkəmizin müqəddəs guşəsi olan Şuşa şəhərinin düşmən işğalından azad olunması münasibətilə təbrik edir, qüdrətli Azərbaycan naminə yorulmaz fəaliyyətinizdə uğurlar diləyirik.

Dahilər ocağı, hər daşı bir tarix olan Şuşanın rəhbərliyiniz altında rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunması ilə Siz xalqımıza unudulmaz və ölçüyəgəlməz fəxarət hissləri yaşatdınız. Ulu babalarımızın bizə miras qoyduğu qiymətli əmanəti düşmən tapdağından qurtararaq tariximizin qızıl səhifəsini yazdınız, müstəqilliyimizin banisi, ulu öndər Heydər Əliyevin ən ümdə vəsiyyətini yerinə yetirərək onun uca ruhunu şad etdiniz.

Bu gün Azərbaycanda həm də milli müstəqilliyimizin rəmzi olan Dövlət Bayrağı Günü qeyd olunur. Ümummilli lider Heydər Əliyev tərəfindən düz 30 il əvvəl ucaldılmış bayrağımız xalqımızın şərəfli tarixinə, azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyinin təcəssümüdür. Ölkəmizdə ilk dəfə Dövlət Bayrağı Gününün təsis edilməsi isə məhz Sizin millət və xalq sevginizin, təəssübkeşliyinizin növbəti təzahürü olmuşdur.

Zəfər rəmzi olan üçrəngli bayrağımızın bu bayram ərəfəsində Şuşada sancılmasına, xalqımıza qələbə dolu sevincli anlar bəxş etdiyinizə görə Sizə sonsuz minnətdarıq, cənab Prezident.

Bundan sonra bayrağımız Şuşanın azad səmasında daim dalğalanacaq, Sizin adınız isə əbədi olaraq tariximizə müzəffər, qalib və xilaskar Ali Baş Komandan kimi qızıl hərflərlə həkk olunacaqdır.

Bu gün Ulu Öndərin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti uzaqgörən, düşünülmüş siyasətiniz və müdrik rəhbərliyinizlə tarixinin şanlı günlərini yaşayır. 30 ilə yaxındır mənfur erməni işğalçılarının əsarətində olan doğma Qarabağımızı, dədə-baba torpaqlarımızı Ali Baş Komandanlığınızla müzəffər ordumuz döyüş meydanında qarış-qarış, kəndbəkənd, şəhərbəşəhər azad edir, qəhrəmanlıq və şücaət göstərərək ərazi bütövlüyümüzü bərpa edir.

Siz həm də möhkəm iradəli, dünya miqyasında yüksək nüfuza malik dövlət başçısı kimi qətiyyətiniz, yenilməz sərkərdə cəsarətiniz və diplomatik məharətiniz sayəsində Azərbaycanın haqq səsini dünyaya yayır, xalqımızın milli maraqlarını uğurla müdafiə edirsiniz. Hər kəsin səbirsizliklə və böyük həyəcanla dinlədiyi xalqa müraciətləriniz, dünyanın nüfuzlu medialarına müsahibələriniz hər bir azərbaycanlıya dövlətinə, xalqına, bayrağına hədsiz sevgi və məhəbbət hissləri aşılayır.

Sadiq silahdaşınız, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti, soydaşlarımıza etdiyi vətənpərvər çağırışlar xalqımızı dövlətimiz və ordumuzla həmrəy olmağa, Azərbaycanın mövqeyini təkcə döyüş meydanında deyil, həmçinin beynəlxalq aləmdə, informasiya savaşında da qorumağa sövq edir.

Yumruğunuzu sıxaraq “Biz qalib gələcəyik, bayrağımız işğal altında olan bütün torpaqlarımızda dalğalanacaq” şüarınız reallığa çevrilir, bu gün milli qürur mənbəyimiz olan üçrəngli bayrağımız Komandanlığınızla şanlı Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə vüqarla dalğalanır. İllərlə arzusunda olduğumuz sevinc, fərəh dolu anlar yaşayırıq, xalqımızın qalibiyyət ruhu, milli kimliyi ucalaraq yenidən özünə qayıdır.

Bütün xalqımız böyük ruh yüksəkliyi ilə Sizin ətrafınızda sıx birləşərək qələbəyə doğru inamla irəliləyən ordumuzun yanındadır. Qürurla dalğalanan üçrəngli bayrağımızın tezliklə işğal altında olan digər torpaqlarımızda da ucalacağına bütün vətəndaşlarımız, o cümlədən hər bir ədliyyə işçisi və hakimlər qəti əmindir və Ali Baş Komandanın rəhbərliyi ilə qələbəyə doğru inamla irəliləyən ordumuzla həmrəydirlər.

Möhtərəm cənab Prezident.

Bir daha Sizi şərəfli tarixi nailiyyətimiz – Şuşa şəhərinin işğaldan azad olunmasına görə və Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, ölkəmizin rifahı və Vətənimizin çiçəklənməsi naminə möhtəşəm fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirik.

Eşq olsun Ali Baş Komandana!

Eşq olsun Azərbaycan Ordusuna!

Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Azərbaycan Respublikası ədliyyə işçiləri və hakimlər adından

ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov.

Azərbaycan Respublikası, Bakı şəhəri.

9 noyabr 2020-ci il