08 noyabr 2020, 17:25

Mirdaməd Sadıqovdan, Bakı, Azərbaycan

Cənab Prezident!

Bu gün xalqımız şanlı tariximizin yeni səhifəsinin yazılmasının şahidi olur. Bu hissləri bizə yaşatdığınıza görə Sizə və rəşadətli ordumuzun qəhrəman əsgərlərinə sonsuz minnətdarlığımızı bildiririk. Sizin ölkəmizə rəhbərliyiniz Azərbaycanın tərəqqisi və inkişafı yolunda yeni mərhələ oldu. Böyük siyasətdə atdığınız inamlı addımlar ölkəmizin beynəlxalq arenadakı mövqelərini daha da möhkəmləndirdi. Regionda reallaşdırılan irimiqyaslı layihələr Azərbaycanın milli maraqları nəzərə alınmaqla həyata keçirilir. Bu gün rəşadətli Ordumuz Sizin rəhbərliyinizlə zəfər tariximizi yazır. Azərbaycan öz qələbəsini təkcə hərb meydanında deyil, siyasi və informasiya meydanında da nümayiş etdirir. Sizin nüfuzlu xarici kanallara müsahibələrinizdə bu qələbələrin bir daha şahidi oluruq. Bir ziyalı olaraq, dövlətimizə mənəvi və informasiya dəstəyini həyata keçirmək məqsədilə mən də var qüvvəmlə çalışır, Qarabağ müharibəsi ilə bağlı həqiqətlərin ictimaiyyətə çatdırılması, erməni terrorunun ifşa edilməsi yönündə xarici mətbuatda müraciətlərlə çıxış edirəm. Əminəm ki, Sizin uğurlu dövlət siyasətinizin nəticəsində işğal altında olan bütün torpaqlarımızda şanlı bayrağımız əbədi dalğalanacaq. Bu böyük sınaq günlərində göstərdiyiniz fədakar xidmətlərə görə Sizə dərin minnətdarlığımı bildirirəm, möhkəm cansağlığı və uğurlar arzulayıram. Müqəddəs işinizdə Ulu Tanrı yardımçınız olsun!

Hörmətlə,

Sadıqov Mirdaməd Midsadıq oğlu,

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru.

Azərbaycan Respublikası, Bakı şəhəri.