İlham Əliyev Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

22 dekabr 2011, 16:00
İlham Əliyev Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir

Bakıdakı Əjdərbəy məscidi əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva məscidin açılışı mərasimində iştirak etmişlər.

Dövlət başçısı və xanımı məscidin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotostendə baxdılar.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidentinə və xanımına məsciddə görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, 2010-cu ildə dövlətimizin başçısı müsəlmanların birliyinin rəmzi kimi ilk vaxtlar “İttifaq” məscidi adı ilə tanınan bu məbədin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən, məsciddə yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə aparılması üçün dövlət büdcəsində Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır.

Qeyd edildi ki, Əjdərbəy məscidi 1912-1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdərbəy Aşurbəyov tərəfindən tikilmişdir. Günbəzi göy rəngdə olduğuna görə xalq arasında “Göy məscid” kimi də tanınan və Bakının memarlıq incilərindən sayılan bu məbəd əvvəllər 400 nəfərin ibadəti üçün nəzərdə tutulmuşdu. Ancaq Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscidə gələnlərin sayı xeyli artdığından ərazidə böyük sıxlıq yaranırdı. Buna görə də məsciddə təmir-bərpa ilə yanaşı, genişləndirmə işlərinə də zərurət yaranmışdı. Məhz milli mənəvi dəyərlərimizə xüsusi diqqət və qayğı göstərən Prezident İlham Əliyevin təşəbbüsü ilə bu tarixi abidəyə yeni həyat verildi. Əjdərbəy məscidində aparılan bərpa və genişləndirmə tədbirlərini daim diqqətdə saxlayan dövlətimizin başçısı mütəmadi olaraq tikinti işlərinin gedişi ilə tanış olmuş, tapşırıq və tövsiyələrini vermişdir. Bununla da paytaxtımıza xüsusi yaraşıq verən Əjdərbəy məscidində bərpa işləri sürətləndirilmiş və qısa müddətdə bu ibadət ocağı möhtəşəm görkəm almışdır.

Məlumat verildi ki, təmir-bərpa işlərində müasir texnologiyadan istifadə olunsa da, tarixi abidə olması nəzərə alınaraq məscid yenidənqurma prosesində ilkin görkəminə uyğunlaşdırılmışdır. Məsciddə kişi və qadınlar üçün ayrı-ayrılıqda dəstəmazxanalar tikilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini salamladılar.

Məsciddə yaradılmış şəraitlə tanış olan Azərbaycan Prezidentinə və xanımına məlumat verildi ki, təmir-bərpa işlərindən sonra burada eyni vaxtda üç minə yaxın mömin ibadət edəcəkdir. Ümumi sahəsi 4 min kvadratmetr olan məscidin həyətində də ibadət üçün xüsusi sahə ayrılmışdır. Burada Mədinədəki Peyğəmbər məscidində olduğu kimi, hərəkətli tavanlar quraşdırılmışdır. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divarları və sütunları Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunmaqla dini rəmzlərlə bəzədilmişdir.

Qeyd edildi ki, müasir işıqlandırma və havalandırma sistemlərinin quraşdırıldığı məscidin girişində Əjdərbəy Aşurbəyovun məzarı yerləşir. Burada qadınlar üçün də ayrıca ibadət yeri yaradılmışdır.

Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşdü.

Azərbaycan Prezidenti İlham ƏLİYEV Şura üzvlərini salamlayaraq dedi:

-Bu gün, bizim hamımız üçün əlamətdar bir gündə – Əjdərbəy məscidinin fəaliyyətinin bərpa olunduğu gündə birlikdə olmaq ikiqat xoşdur. Sağ olun ki gəlmisiniz. Bizim ziyarətgahların bərpa edilməsi fəaliyyətimizin ən mühüm istiqamətlərindən biri, mənəvi borcumuzdur.

Bu məscid zəngin tarixə malikdir. Mənə çox xoşdur ki, biz onu təkcə bərpa etməmişik, həm də genişləndirmişik. O, bəlkə də on dəfədən çox genişləndirilmişdir və yüzilliklər boyu qalacaqdır.

Azərbaycanda bütün dini abidələr mühafizə olunur, bərpa edilir. Təzəpir məscidindəki görüşümüz yadımdadır. Həmin məscid də bərpa olunandan və yenidən qurulandan sonra onu birlikdə açmışdıq. Bu gün Azərbaycanın ən qədim məscidlərindən biri – Şamaxı şəhərindəki Cümə məscidi bərpa olunur, əslində yenidən inşa edilir. Ümid edirəm ki, lap yaxın vaxtlarda, yaxın bir-iki ildə biz gözəl Şamaxı şəhərində həmin məscidin açılışına birlikdə toplaşacağıq.

Mənə çox xoşdur ki, sizin hamınızın bir-birinizlə bu cür gözəl dostluq münasibətləriniz vardır. Bu münasibətlər ölkələrimizin, respublikalarımızın qədim ünsiyyət mədəniyyəti ənənələrinə malik olan xalqları arasında münasibətləri də çox cəhətdən möhkəmləndirir. Mənə xoşdur ki, irəli sürülmüş təşəbbüsləri biz birlikdə reallaşdırırıq. Sizin respublikalarla Azərbaycan arasında bu cür fəal əməkdaşlıq yeni mərhələyə, yeni formaya keçir. Bu, bizim xalqların hamısı üçün, eləcə də Rusiya-Azərbaycan münasibətləri üçün çox böyük əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyev din xadimləri arasında bu cür görüşlərin əhəmiyyətinə toxunaraq bildirdi ki, bu formatda keçirilən tədbirlər ümumi maraq doğuran məsələlərin müzakirəsi baxımından önəmlidir. Dövlətimizin başçısı din xadimlərinin dostluq münasibətlərinin gənclər arasında əlaqələrin genişlənməsinə və möhkəmlənməsinə də nümunə olduğunu dedi və bu baxımdan Qafqaz Gəncləri Forumunun keçirilməsinin əhəmiyyətini qeyd edərək tədbirin gələcəkdə ənənəvi xarakter alacağına ümidvar olduğunu bildirdi.

Prezident İlham Əliyev müftilərdən onun salamlarını təmsil etdikləri Şimali Qafqaz respublikalarının xalqlarına və rəhbərlərinə çatdırmağı xahiş edərək dedi:

-Xahiş edirəm, sizin təmsil etdiyiniz respublikaların bütün sakinlərinə, həmin respublikaların rəhbərlərinə ən xoş duyğularımızı çatdırasınız. Bildiyiniz kimi, bizdə rəhbərlik səviyyəsində münasibətlər də çox yaxşıdır. Bu yaxınlarda biz Bakıda görüşdük və çox yaxşı danışıqlar apardıq. Əməkdaşlığı bundan sonra necə təşkil etmək barədə yaxşı söhbətimiz oldu.

Biz hamımız Qafqazda sülh, əmin-amanlıq, əməkdaşlıq, inkişaf olmasında maraqlıyıq. Siz hamınız öz xalqlarınızın parlaq nümayəndələrisiniz və əminəm ki, bütövlükdə bizim regionda əməkdaşlıq da çox cəhətdən Qafqazın din xadimləri arasında sıx qarşılıqlı əlaqələrdən, əməkdaşlıqdan və dostluqdan asılı olacaqdır.

Bir daha xoş gəlmisiniz.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ Əjdərbəy məscidinin yenidən qurularaq istifadəyə verilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi və ölkədə dini-mənəvi dəyərlərin hər zaman uca tutulmasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlayaraq dedi:

-Allah-taala Heydər Əliyevə rəhmət eləsin. Heydər Əliyev həzrətlərinin təməl daşını qoyduğu irsi bu gün Siz davam etdirirsiniz. O təməl daşını qoyarkən mənə verdiyi nəsihətləri Qafqazın şeyxülislamı kimi, bu gün də yaddan çıxarmıram.

Sonra Rusiya Federasiyasının Adıgey Respublikası və Krasnodar vilayətinin müftisi Yemij NURBIY çıxış edərək dedi:

-Cənab Prezident, biz Sizi Qafqaz müsəlmanları, Adıgey müsəlmanları adından salamlayırıq.

Biz Bakıya gələndə özümüzü evimizdəki kimi hiss edirik, çünki burada bütün insanlar qonaqpərvərdir. Biz buraya gələndə insanların bekar oturmadıqlarını görür və hiss edirik. Bakı şəhəri və bütün Azərbaycan günbəgün, saatbasaat böyüyür.

Ölkəmizdə böyük inkişafın şahidi olduqlarını deyən Yemij Nurbıy Azərbaycanda dini-mənəvi dəyərlərə verilən böyük önəmdən məmnunluğunu bildirdi, xalqımızın Vətən naminə şərəflə çalışdığını dedi, görülən işlərin gələcək nəsillərə bir ərməğan olduğunu diqqətə çatdıraraq bildirdi:

-Vaxt olacaq ki, gələcək nəsil bizdən soruşacaq: Biz onlara nə vermişik? Bu, bizim üçün əsasdır. Bu gün biz, burada olanlar, xüsusən liderlər onlara ötürmək üçün estafet çubuğu hazırlamalıyıq.

Cənab Prezident, biz çox şadıq, bir daha təkrar edirəm, Sizinlə fəxr edirik. Bizim şeyxlə fəxr edirik. Biz iki-üç ay buraya gəlməyəndə onun üçün darıxırıq. Biz, Şimali Qafqaz müftiləri çox möhkəm bir ailə kimiyik və bizim çox yaxşı işimiz vardır.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

- Ölkəmiz haqqında, mənim barəmdə, möhtərəm şeyx barəsində xoş sözlərə görə sağ olun. Biz sizin fikirlərinizi çox qiymətləndiririk və çox minnətdarıq ki, bizim uğurlarımıza səmimi qəlbdən sevinirsiniz. Hesab edirik ki, respublikalarımızdan hər birinin uğuru bizim ümumi uğurumuzdur.

Prezident İlham Əliyev Şimali Qafqaz xalqları arasında əsrlər boyu mövcud olan ənənəvi dostluq əlaqələrinin bölgədə əmin-amanlığın və sülhün möhkəmləndirilməsinə xidmət etdiyini bildirdi və bu baxımdan gənclərin xeyirxah, yaradıcılıq ruhunda tərbiyə olunmasının gələcək ümumi inkişafa töhfə verəcəyini dedi.

Bakı İslam Universitetinin rektoru hacı Sabir HƏSƏNLİ Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin Azərbaycan Prezidentinə müraciətini oxudu:

“Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Çox hörmətli cənab Prezident! 

Biz, Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri regionun ən nüfuzlu ölkələrindən birinin başçısı, Azərbaycanın lideri, çox böyük siyasi nüfuza malik olan Zati-aliləri, möhtərəm cənab İlham Əliyevə səmimi arzularımızı bildirir və xeyir-dua veririk.

Qafqaz ərazisində yaşayan bütün xalqlar ölkənin dövlət müstəqilliyinin möhkəmləndirilməsi və Azərbaycan xalqının rifahının yüksəldilməsi naminə Sizin yorulmaz fəaliyyətinizin şahididir. Siz milli mənəvi dəyərlərin, dini və mədəni abidələrin qorunub saxlanmasına çox böyük diqqət və qayğı göstərən şəxsiyyətsiniz. Sizin genişmiqyaslı fəaliyyətiniz müsəlmanlar tərəfindən yüksək qiymətləndirilir və onların qəlbində mənəvi dəyərlərə yüksək diqqətin ifadəsi kimi əks-səda tapır. Məhz bu səbəbdən Azərbaycanda din-dövlət münasibətləri bütün Qafqaz regionunda yüksək qiymətləndirilən müdrik siyasət nümunəsidir.

Bizim üçün çox vacib və şərəflidir ki, Sizin soykökünüzdən qaynaqlanan mənəviyyata hörmət hissi bu gün Zati-alilərinizin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində ləyaqətlə davam etdirilir.

Bizə məlumdur ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan Respublikasının bütöv bir tarixi epoxası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu müraciəti imzalayanların çoxu Sizin mərhum atanızla və Sizinlə görüşlərdən aldıqları dərin təəssüratları öz qəlblərində xoş bir xatirə kimi saxlayır.

Tam əminliklə deyə bilərik ki, Sizin məqsədyönlü fəaliyyətiniz sayəsində yaranmış ictimai-siyasi sabitlik, milli-mənəvi birlik, dini tolerantlıq Heydər Əliyev məktəbinin tarixi və mütərəqqi ənənələrindən qaynaqlanan uğurlu siyasətin məntiqi nəticəsidir.

Hörmətli cənab Prezident, icazə verin, fürsətdən istifadə edərək böyük sevinc və hörmət hissi ilə Sizi 50 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edək və Sizə Qafqaz uzunömürlülüyü, cansağlığı və gələcək fəaliyyətinizdə böyük uğurlar diləyək. Biz dindarlar Azərbaycan xalqının firavanlığı və Qafqazda sabitliyin bərqərar olması naminə Sizin səylərinizi tamamilə bəyənir və dəstəkləyirik. Ümid edirik ki, Qafqazdakı bütün münaqişələr, o cümlədən Qarabağ problemi yaxın vaxtda beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla öz həllini tapacaqdır. İnşallah, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı dünya səviyyəsində daha böyük uğurlar qazanacaqdır.

Ulu Tanrı Sizə yar olsun. Bizim dualarımız və ümidlərimiz daim Sizinlədir. Amin.

Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri:

Şeyxülislam Allahşükür Paşazadə - sədr
Soltan Mirzəyev, Çeçenistan Respublikasının müftisi – Ali Dini Şura sədrinin birinci müavini
Yemij Nurbıy – Adıgey Respublikasının və Krasnodar diyarının müftisi
Əhməd Abdullayev – Dağıstan Respublikasının müftisi
Soltanəhməd Karlayev – Kalmık Respublikasının müftisi
Hacımurad Qatsalov – Şimali Osetiya – Alaniya müftisi
Şafiq Psixaçev – Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi, müfti
Şərafəddin Çaçayev – Kabarda-Balkar Respublikasının müftisinin müavini
Aleksandr İşein – Bakı yeparxiyasının və rus pravoslav kilsəsinin yepiskopu
Semyon İxiilov – Dağ Yəhudiləri İcmasının başçısı
Vladimir Fekete – katolik kilsəsinin nümayəndəsi
Əli Əliyev – Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstandakı səlahiyyətli nümayəndəsi
Şəhabəddin Kərimov – Qafqaz Müsəlmanları İdarəsinin Dərbənddəki qazısı.
Bakı şəhəri, 22 dekabr 2011-ci il”.

Sonra Tatarıstan Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat QATİN çıxış edərək dedi:

-Hörmətli İlham Heydər oğlu, icazə verin sizi salamlayım və qardaş Azərbaycan torpağında bizə göstərilən qonaqpərvərliyə görə minnətdarlığımı bildirim. Elə bir həftə əvvəl möhtərəm şeyx bizim Kazanda olmuşdur. Onların bizim Prezident Rüstəm Nurqaliyeviç Minnixanovla ayrıca görüşləri olmuşdur. Həmin görüş çərçivəsində din sahəsində iki respublika arasında qarşılıqlı fəaliyyətin geniş spektri müzakirə edilmişdir. Zənnimcə, həmin razılaşmaların müəyyən bəhrəsini lap yaxın vaxtlarda görəcəyik.

Bizim tatar müsəlmanları burada himayə etdiyi üçün şeyximizə minnərdarlığımı bildirirəm. Hətta bax bu məsciddə imamlardan biri tatardır.

Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı səlahiyyətli nümayəndəsi Şafiq PSİXAÇEV Azərbaycan Prezidentinə bu məscidin yenidən qurulmasına verdiyi dəstəyə görə təşəkkür edərək dedi:

-Biz bilirik ki, Sizin mərhum atanız məscidləri bərpa etməyə başlamışdı, Siz davam etdirirsiniz. Siz atanızın işlərinin layiqli davamçısısınız.

Mən Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri adından çıxış edirəm. Qeyd edildiyi kimi, mən özüm Qafqaz Müsəlmanları İdarəsinin Moskvadakı nümayəndəsiyəm. İnteqrasiya proseslərini dayandırmaq olmaz. Bu gün biz sülhün, mənəviyyatın, dinin böyük sınaqlara məruz qaldığını hiss edir, görür və şahidi oluruq. Hesab edirik ki, bu gün Azərbaycanın nümunəsi burada müxtəlif dinlərin nümayəndələrinin bir-birinə necə münasibət bəslədiklərini, dövlət-din münasibətlərinin necə formalaşdığını insanların bilmələri üçün bir örnəkdir.

Şimali Osetiya-Alaniya Respublikasının müftisi Hacı Murad QATSALOV Azərbaycanda həyata keçirilən dinamik iqtisadi inkişaf proseslərindən şad olduğunu və bunun böyük əhəmiyyət daşıdığını qeyd etdi.

X X X

Əjdərbəy məscidinin açılışına həsr olunmuş mərasim Quran ayəsinin oxunması ilə başlandı.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli şeyx həzrətləri!

Hörmətli Şimali Qafqaz respublikalarının müftiləri!

Hörmətli din xadimləri!

Əziz dostlar!

Mən sizin hamınızı ürəkdən salamlayıram. Bu gün çox gözəl və əlamətdar bir gündür. Əjdərbəy məscidi əsaslı təmirdən sonra istifadəyə verilir, qapılarını dindarların üzünə açır. Bu, çox gözəl və tarixi hadisədir. Əjdərbəy məscidi bizim milli sərvətimizdir. Bu məscid bir əsr bundan əvvəl məşhur xeyriyyəçi hacı Əjdərbəy Aşurbəyov tərəfindən tikilmişdir. Oktyabr inqilabından sonra bağlanmış, 1940-cı illərdə yenidən fəaliyyətə başlamışdır. Ancaq son illər ərzində məscidin həm xarici görünüşü, həm daxili vəziyyəti böyük vəsait tələb edirdi. Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Prezidentin ehtiyat fondundan vəsait ayrılmışdır və məscidin əsaslı təmiri işləri başlanmışdır. Mən təmir gedən zaman vəziyyətlə dəfələrlə tanış olmuşdum və ondan sonra hörmətli şeyx həzrətlərinin təklifi ilə məscidin sahəsi böyük dərəcədə genişləndirilmişdir. Deyə bilərəm ki, bu gün məscidin sahəsi əvvəlkindən ən azı 10 dəfə böyükdür. Burada bütün təmir və yenidənqurma işləri böyük zövqlə, böyük məhəbbətlə həyata keçirilmişdir. Mən çox şadam ki, bu tarixi dini abidəmiz bu gün yüksək səviyyədə təmir edilib və öz qapılarını üzümüzə açır.

Azərbaycan xalqı öz dini və tarixi ənənələrinə çox sadiqdir. Dinimiz, tariximiz, milli mənəvi dəyərlərimiz bizim üçün müstəsna əhəmiyyət kəsb edir. Son illər ərzində bizim tarixi, dini abidələrimiz təmir edilir, yenidən qurulur. Bizim üçün çox böyük əhəmiyyət daşıyan ziyarətgahlar, ibadət yerləri dövlət tərəfindən qorunur, təmir edilir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bibiheybət məscidinin əsas korpusu 1998-ci il iyulun 12-də istifadəyə verilmişdir. Bibiheybət ziyarətgahı böyük, çoxəsrlik tarixə malik olan bir ziyarətgahdır. XIII əsrdə orada məscid tikilmişdir. Keçən əsrin 30-cu illərində sovet rəhbərliyinin göstərişi ilə Bibiheybət məscidi dağıdılmışdır. Bibiheybət məscidinin bərpası ulu öndərin təşəbbüsü ilə həyata keçirilmişdir və qeyd etdiyim kimi, 1998-ci ildə birinci, əsas korpus istifadəyə verilmişdir. Ondan düz 10 il sonra - 2008-ci il iyulun 12-də Bibiheybət məscidinin əlavə tikililəri istifadəyə verilmişdir. Məscid böyük dərəcədə genişləndirilmişdir və bu gün Azərbaycanın ən gözəl məscidlərindən birinə çevrilmişdir.

Ondan sorna - 2009-cu ildə yenə də dövlət vəsaiti ilə Təzəpir məscidində yenidənqurma, bərpa, genişləndirmə işləri aparılmışdır. Hörmətli qonaqlarımızla birlikdə biz Təzəpir məscidinin yenidən açılışını bərabər qeyd etmişdik.

Bu gün, 2011-ci ilin sonunda Əjdərbəy məscidinin yenidən gözəl bir formada dindarların sərəncamına verilməsi də böyük və əlamətdar hadisədir. Onu da qeyd etmək istəyirəm ki, hazırda xalqımız üçün çox böyük mənəvi dəyər daşıyan Şamaxı Cümə məscidində yenidənqurma, bərpa işləri aparılır. Şamaxı Cümə məscidi Azərbaycanın ən qədim məscididir. 743-cü ildə tikilmiş məscid ondan sonra təbii dağıntılara, zəlzələyə məruz qalmışdı, onun bir hissəsi dağıdılmışdı, ondan sonra bərpa edilmişdir. 1918-ci ildə ermənilər tərəfindən Şamaxı məscidi dağıdılmışdır, yandırılmışdır. Ancaq yenə də Şamaxı məscidi bir dini ocaq, tarixi memarlıq abidəsi kimi yaşayırdı və bizim qəlbimizdə yaşayırdı.

Şamaxı Cümə məscidinin bərpası bizim müqəddəs borcumuz idi. Mən çox şadam ki, bu gün biz bu işlərə başlamışıq, dövlət tərəfindən vəsait ayrılmışdır. Mən dəfələrlə təmir-tikinti işləri ilə maraqlanmışam. Şamaxı Cümə məscidi yəqin ki, bütün təmir-tikinti işləri başa çatdıqdan sonra Azərbaycanın ən böyük, ən möhtəşəm məscidlərindən biri olacaqdır. Xalqımız üçün çox böyük əhəmiyyət daşıyan Gəncədəki İmamzadə tarixi-dini kompleksinin yenidən qurulması prosesi gedir. Əminəm ki, yaxın gələcəkdə biz İmamzadənin yenidən açılışını bərabər qeyd edəcəyik.

Mən sadəcə olaraq, bir neçə böyük əhəmiyyət daşıyan məscidlərin bərpası ilə bağlı görülən işlər haqqında fikirlərimi bildirdim. Azərbaycanda 2 minə yaxın məscid fəaliyyət göstərir. Təkcə son 8 il ərzində Azərbaycanda 117 məscid tikilmişdir. Onların bir hissəsi dövlət, bir hissəsi dini icmalar, bir hissəsi isə Heydər Əliyev Fondu tərəfindən tikilmiş və təmir edilmişdir. Yəni, bu, özlüyündə onu göstərir ki, bu, bizim ümumxalq işimizdir. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqı öz dini və mənəvi ənənələrinə sadiq olan xalqdır. Biz hesab edirik ki, bu sahədə işlər daha da sürətlə aparılmalıdır. Azərbaycanda din, vicdan azadlığı tam şəkildə təmin edilibdir. Biz müqəddəs dinimizə - İslam dinimizə sadiq olan xalqıq. Biz İslam dəyərlərini dünyada təbliğ etməliyik. Bu məqsədlə Azərbaycan çox böyük işlər görür - həm Azərbaycan dindarları, həm Azərbaycan dövləti. Biz öz dinimizi həm təbliğ etməliyik, həm də əsassız hücumlardan qorumalıyıq.

Əfsuslar olsun ki, bəzi hallarda biz belə hallarla üzləşirik - İslam dininə qarşı ədalətsiz hücumlarla, islamofobiya meyilləri ilə rastlaşırıq, bəzi kütləvi informasiya vasitələrində İslam dininə qarşı böhtan kampaniyaları aparılır. Əlbəttə, biz bütün bu xoşagəlməz hallara dərhal reaksiya verməliyik və veririk, sübut edirik ki, İslam dini sülh dinidir, qardaşlıq dinidir, xeyirxahlıq dinidir, mərhəmət dinidir. Bizim dini bayramlarımız mərhəmət ideyalarını təcəssüm etdirir. Bizim dini ənənələrimiz ondan ibarətdir ki, kasıblara əl uzadılmalıdır, kömək göstərilməlidir. Bu, ümumbəşəri dəyərlərdir. Bu ümumbəşəri dəyərlərin hamısı İslam dinində təmsil edilir. Yəni, İslam dini bütün gözəl ümumbəşəri dəyərləri ehtiva edir. Həqiqət bundan ibarətdir.

Ancaq, əfsuslar olsun ki, İslam dininə qarşı aparılan çirkin təbliğat kampaniyası hələ də davam edir. Biz həm bu yalan, böhtan üzərində qurulmuş kampaniyaları dağıtmaq üçün, həm öz təbliğat işimizi daha da güclü şəkildə aparmalıyıq, eyni zamanda, bizim birliyimiz – İslam dünyasının birliyi, birləşməsi bu kampaniyanı aparanlara ən gözəl cavab ola bilər.

Azərbaycan öz tərəfindən İslam həmrəyliyinin gücləndirilməsi üçün səylərini əsirgəmir. Biz İslam Əməkdaşlığı Təşkilatına üzv olduqdan sonra bütün bu müsbət meyillərin gücləndirilməsinə töhfəmizi vermişik. İki il bundan əvvəl Bakı “İslam mədəniyyətinin paytaxtı” elan edilmişdi. Bu, bizim üçün çox böyük şərəf, həm də çox böyük məsuliyyət idi və İslam dünyasının Azərbaycana göstərilən hörməti idi. Bu, İslam dünyasının Azərbaycanda İslam dininə olan hörmətinə verilən böyük qiymət idi. Onu da qeyd etməliyəm ki, bizim təşəbbüsümüzlə 2018-ci ildə Azərbaycanın digər qədim şəhəri - Naxçıvan “İslam mədəniyyətinin paytaxtı” elan edilibdir.

Bu səpkidə aparılan tədbirlər davam etdiriləcək və Azərbaycanda dini məsələlərin müzakirə edilməsi üçün müxtəlif beynəlxalq tədbirlər keçirilir. Mən çox şadam ki, Azərbaycan bu məsələlərin müzakirəsində fəal rolunu artırır. Dünya ictimaiyyəti və dünya birliyi belə tədbirlərin Azərbaycanda keçirilməsinə də çox müsbət yanaşır. Bir müddət bundan əvvəl şeyx həzrətlərinin yubiley günlərində böyük beynəlxalq tədbirə müxtəlif dinlərin nümayəndələri gəlmişlər, iştirak etmişlər, ürək sözlərini demişlər. Ondan sonra Bakıda dünya dinlərinin rəhbərlərinin zirvə görüşü keçirilmişdir. Ötən il Bakıda keçirilən Birinci Beynəlxalq Humanitar Forumunda da məhz dini dözümlülük, tolerantlıq, müxtəlif dinlərə mənsub olan insanların əməkdaşlığı mövzuları diqqət mərkəzində idi.

Azərbaycan bu məsələlərin həlli üçün öz təcrübəsini bölüşməyə hazırdır. Mən çox şadam ki, bizim təcrübəmiz artıq öyrənilir. Azərbaycanda bütün dinlərin nümayəndələri rahat, bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, yaxud da ki, milli zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq olmamışdır və əminəm ki, olmayacaqdır. Mən tam əminəm ki, öz dininə hörmət edən insan mütləq başqa dinlərə də hörmətlə yanaşmalıdır. Dinlərarası dialoq daha da gücləndirilməlidir. Bu məsələ ilə bağlı müxtəlif fikirlər, müxtəlif yanaşmalar vardır.

Mən qeyd etməliyəm ki, Birinci Beynəlxalq Humanitar Forumunun mövzularından biri də multikulturalizm mövzusu idi. Bizim təşəbbüsümüzlə bu mövzu gündəliyə salınmışdı, çünki buna böyük ehtiyac vardır. Çünki indi dünyada müxtəlif yanaşmalar mövcuddur, fikirlər səslənir, bəziləri deyir ki, multikulturalizm artıq ölüb, multikulturalizmin gələcəyi yoxdur. Azərbaycanın fəaliyyəti və Azərbaycanın timsalında görülən işlər göstərir ki, multikulturalizm yaşayır. Onun ünvanlarının biri məhz Azərbaycandır və digər ünvanlar vardır. Multikulturalizmə alternativ yoxdur. Multikulturalizmə alternativ özünütəcriddir.

Yəni, biz istəyirik ki, dünyada müsbət meyillər, əməkdaşlıq, dostluq, qardaşlıq meyilləri güclənsin və burada din xadimlərinin çox böyük rolu vardır. Biz öz tərəfimizdən təşəbbüsləri bundan sonra da irəli sürəcəyik. Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hörmətlə və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda xristian kilsələri, katolik kilsəsi, yəhudi sinaqoqları məscidlərlə yanbayan dayanır. Bunlar Azərbaycanın reallıqlarıdır və dünya xəzinəsinə verdiyimiz töhfələrdir. Mən hesab edirəm ki, bizim təcrübəmiz hələ ki, lazımi səviyyədə öyrənilməyib. Əgər öyrəniləcəksə mən tam əminəm ki, bizdə mövcud olan vəziyyət nümunə kimi istifadə oluna bilər.

Eyni zamanda, hər bir ölkənin uğurlu inkişafı üçün din-dövlət əlaqələri çox böyük əhəmiyyət daşıyır. Bu əlaqələr də Azərbaycanda çox yüksək səviyyədə həll olunur. Din-dövlət əlaqələrinin sağlam zəmində qurulması hər bir cəmiyyət üçün çox vacibdir. Azərbaycanda bu məsələlər yüksək səviyyədə təşkil edilir. Din-dövlət münasibətlərinin bu səviyyədə qurulmasında ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Onun şeyx həzrətləri ilə şəxsi dostluğu din-dövlət münasibətlərinin inkişafına böyük töhfə vermişdir. Bu gün bizim şeyx həzrətləri ilə şəxsi dostluğumuz və bir-birimizə olan rəğbətimiz din-dövlət əlaqələrinin güclənməsinə də öz töhfəsini verir.

Biz hamımız çalışmalıyıq ki, ölkəmizi daha da inkişaf etdirək, gücləndirək. Bizim çox gözəl perspektivlərimiz vardır. Biz bu il müstəqilliyimizin bərpasının 20 illik yubileyini böyük təntənə ilə və böyük uğurlarla qeyd etmişik. İyirmi il ərzində Azərbaycan böyük və şərəfli yol keçmişdir. Bütün başqa sahələrdəki uğurlarla yanbayan, iqtisadi, sosial məsələlərin həlli ilə yanaşı, Azərbaycanda ictimai vəziyyətin çox müsbət səviyyədə olması bizim böyük sərvətimizdir. Bu sahədə nüfuzlu insanların sözləri böyük əhəmiyyət daşıyır.

Mən bu gün bu gözəl tədbirdə bizimlə bərabər iştirak edən qonaqları xüsusi salamlayıram, onları xüsusilə alqışlayıram. Bu gün bizim qardaşlarımız, Şimali Qafqaz respublikalarının hörmətli müftiləri bizimlə bərabər bu gözəl tədbirdə iştirak edirlər. Bu bizim dostluğumuzun rəmzidir. Biz dəfələrlə görüşmüşük və görüşəcəyik. Nüfuzlu insanların sözlərinə böyük ehtiyac vardır. Mən çox şadam ki, Qafqazda indi əməkdaşlığın yeni mərhələsi başlayır və bu mərhələnin yaradılmasında din xadimlərinin çox böyük zəhməti vardır. Məhz bizim görüşlərimizin nəticəsi olaraq son müddət ərzində bir neçə gözəl tədbir keçirilmişdir. Biz Bakıda Qafqaz respublikalarının gənclərini bir yerə yığa bilmişik və bütün Şimali Qafqaz respublikalarının gəncləri Bakıya Qafqaz Gənclər Forumuna gəlmişlər. Bu yaxınlarda Şimali Qafqaz respublikalarının rəhbərləri bizim qonaqlarımız idi. Ondan sonra bizim böyük hökumət nümayəndə heyətimiz bütün Şimali Qafqaz respublikalarına səfər etmişdir, əlaqələr yaratmışdır. İqtisadi və investisiya sahələrində imkanlar araşdırılmışdır. Yəni, bu gün Qafqazda əməkdaşlığın yeni mərhələsi başlayır. Bu mərhələnin başlanmasında Şimali Qafqaz respublikaları və Azərbaycan xüsusi rol oynayır. Bu münasibətlər, eyni zamanda, Rusiya–Azərbaycan münasibətlərinin inkişafına çox müsbət təsir göstərir və Rusiya–Azərbaycan əlaqələrində Qafqaz mövzuları daim gündəlikdədir. Bizim ümumi fikrimiz ondan ibarətdir ki, Qafqazda sülhü birgə səylərlə daha da gücləndirməliyik, təhlükəsizliyi, əməkdaşlığı təmin etməliyik və insanların yaxşı yaşaması üçün birgə səylər göstərməliyik.

Mən çox şadam ki, bu gün Şimali Qafqaz respublikalarının və Azərbaycanın din xadimləri bir yerdədirlər. Əvvəlki dövrdə də əlbəttə ki, bütün Qafqaz xalqları bir–biri ilə daim əlaqədə idilər. Bizi tarixən dostluq, qardaşlıq əlaqələri bağlayır.

Bu, çox vacib məsələdir. Bütün Qafqaz üçün çox vacib məsələdir. Əlbəttə ki, bu əlaqələr bütün başqa sahələrə də öz təsirini göstərir.

Biz indi Qafqazda sabitliyin, əməkdaşlığın təmin edilməsi üçün çox ciddi addımlar atırıq. Şimali Qafqaz müftilərinin fəaliyyəti, onların öz respublikalarındakı və beynəlxalq səviyyədə nüfuzu əlbəttə, bir də onu göstərir ki, bu insanlar öz xalqlarının dəyərli nümayəndələridir.

Mən bu gün bu gözəl gündə şeyx həzrətlərinin fəaliyyətini bir daha qeyd etmək istəyirəm. Şeyx həzrətləri böyük təcrübəyə malik olan həm din xadimidir, həm ictimai xadimdir, həm dünyada böyük nüfuza malik olan şəxsiyyətdir. Hazırda Qafqazı narahat edən problemlərin həlli üçün şeyx həzrətlərinin fəaliyyəti xüsusi əhəmiyyətə malikdir. O, dəfələrlə Qafqaz respublikalarına səfər edib. Şimali Qafqaz respublikalarında şeyx həzrətlərinin çox böyük nüfuzu vardır. Ona digər ölkələrdə böyük hörmət vardır.

Bayaq qeyd etdiyim kimi, din-dövlət əlaqələri yüksək səviyyədə olduqda bu, bütün bölgədə yaşayan insanların xeyrinədir. Bu, Azərbaycanın xeyrinədir. Çünki bu, həm Azərbaycanın mövqeyini gücləndirir, həm Azərbaycanı dünyaya təqdim edir. Eyni zamanda, bu, bütün bölgə üçün çox vacibdir. Çünki hazırda Azərbaycan bölgədə sabitləşdirici amil kimi artıq dünya tərəfindən tanınır, dünyada Azərbaycana olan hörmət artmaqdadır və bunun ən gözəl göstəricisi Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv olmasıdır. Dünyanın 155 ölkəsi bizi dəstəkləmişdir, bizə inanmışdır və öz səsini bizə vermişdir. Yəni, bu, ölkəmizin 20 illik müstəqillik tarixində xarici siyasət sahəsində əldə edilən ən böyük uğurdur.

Əziz dostlar, bir daha sizi ürəkdən salamlayıram. Bu gün doğrudan da çox gözəl, tarixi bir gündür. Əjdərbəy məscidi qapılarını tamamilə yeni görkəmdə dindarların üzünə açır. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik edirəm, bütün qonaqları bir daha salamlayıram. Sizə cansağlığı və uğurlar arzulayıram. Sağ olun!

X X X

Rusiya Federasiyasının Çeçenistan Respublikasının müftisi, Qafqaz Xalqları Ali Dini Şurası sədrinin birinci müavini Soltan Mirzəyev çıxış edərək dedi:

-Hörmətli İlham Heydər oğlu!

Hörmətli Mehriban xanım!

Hörmətli həmkarlar!

Azərbaycan Prezidentinin məscidlərin bərpa olunmasına, yeni məscidlərin tikilməsinə yardım göstərməsi həqiqətən sevindirici haldır. Mehriban xanım, Sizin məscidlərin tikintisi və bərpa olunması ilə bağlı fəaliyyətiniz bizə məlumdur. Buna görə Sizə çox sağ olun deyirik.

Çeçenistan müftisi milli mənəvi dəyərlərin möhkəmləndirilməsində Azərbaycanın mühüm rol oynadığını və xüsusilə 20 illik müstəqilliyi dövründə bu sahədə çox böyük uğurlar qazandığını dedi.

Gənclərin hər bir xalqın gələcəyində həlledici rol oynadığını vurğulayan Soltan Mirzəyev bu baxımdan Qafqaz gənclərinin birinci forumunun milli mənəvi dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılmasında onların fəallığına göstərdiyi müsbət təsiri qeyd etdi.

O, həmçinin din xadimlərinin mütəmadi görüşlərinin əhəmiyyətli nəticələrindən danışaraq dedi:

-Cənab Prezident, Siz doğru buyurdunuz ki, bizim ənənəvi illik görüşlərimiz böyük əks-səda doğurur və işimizə təkan verir. Biz çox fəxr edirik ki, Siz bizimlə görüşürsünüz, bizə belə diqqət göstərirsiniz.

Tatarıstan Respublikası Prezidenti Aparatının Dini Qurumlarla Əməkdaşlıq İdarəsinin rəisi Marat QATİN Prezident Rüstəm Minnixanovun Əjdərbəy məscidinin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə təbrik məktubunu oxudu:

“Hörmətli din xadimləri və müsəlman icmalarının dindarları!

Tatarıstan Respublikasının Dövlət Şurası və hökuməti adından, şəxsən öz adımdan sizi Azərbaycan paytaxtının ən çox ehtiram bəslənilən memarlıq incilərindən birinin – Əjdərbəy məscidinin bərpa işlərindən sonra açılışı münasibətilə ürəkdən təbrik edirəm. Əjdərbəy məscidinin yenidən qurulması və bərpası dindarların həyatında əlamətdar hadisə, əcdadlarımızın tarixi irsinə hörmətin təcəssümü, əbədi mənəvi dəyərlərin dirçəldilməsinin parlaq nümunəsidir.

Ənənəvi olaraq, məscid bütün müsəlmanların ibadət yeri, onların birləşmə və mənəvi vəhdət məkanıdır. Keçən əsrdə bu məscid xalq arasında “İttifaq” adlanırdı. Bu ad şiə və sünnilərin burada birgə ibadət etmələri ilə bağlı idi. Əminəm ki, Əjdərbəy məscidinin fəaliyyəti müasir şəraitdə də dini etiqad və şəfqət nuru saçacaq, sülhün və həmrəyliyin daha da möhkəmlənməsinə şərait yaradacaqdır.

Qafqaz Müsəlmanları İdarəsinə çoxmillətli Azərbaycanın xalqlarının, o cümlədən tatarların da milli mədəniyyətinin, ana dilinin, adət və ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi işində uğurlar arzulayıram. Arzum budur ki, sizin xoş niyyətləriniz bundan sonra da Azərbaycan Respublikasının mənəvi tərəqqisinə, qardaş xalqlar arasında dostluğun möhkəmlənməsinə xidmət etsin. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və ulu Tanrının mərhəmətini diləyirəm.

Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanov,

Kazan, Kreml, 22 dekabr”.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ bu günü dindarların həyatında çox mühüm bir tarix kimi səciyyələndirdi. O, dindarlar arasında qarşılıqlı anlaşmaya və birliyə xidmət edən dini məbədlərin bərpasında ulu öndər Heydər Əliyevin xidmətlərini xatırlayaraq dedi:

-Bu gün mən bu ayda vəfat etmiş qardaşım, dostum Heydər Əliyev həzrətlərini yaddan çıxara bilmərəm. Allah ona rəhmət eləsin deyirəm. Çünki onunla bərabər olmağım mənə çox şey öyrədib. Mən, yəqin ki, həyatımın axırına qədər bu cür də davam edəcəyəm.

Azərbaycanda 2003-cü ildən bəri 200-ə yaxın məscid və ziyarətgah təmir olunub. Ona qədər məscid Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təmir və bərpa olunmuşdur. Təkcə məscidləri qeyd etmək istəməzdim. Eyni zamanda yəhudi, xristian, katolik ibadətgahları da bərpa edilmişdir.

“Allah-taala həqiqətən də bir xalqı istəsə, ona elə bir rəhbər göndərər ki, o xalq onunla təmsil olunar”. Bu, Peyğəmbərin hədisidir, mənim sözüm deyildir. Heydər Əliyevi də Allah-taala xalqımızın xilası üçün göndərmişdir. Heydər Əliyev hakimiyyətə elə bir dövrdə gəldi ki, xalqımız, dövlətimiz, dövlətçiliyimiz məhv olmaq dərəcəsində idi. Milli mənəvi dəyərlərimizə etinasızlıq göstərilirdi. Heydər Əliyev həzrətləri hakimiyyətə gələndən sonra o çətin dövrdə - maddi cəhətdən çox aşağı səviyyədə olan Azərbaycanda Bibiheybət boyda bir kompleks tikdirdi və başqa məscidlərə də kömək göstərdi. Allah-taala bu gün bizə belə bir xoşbəxtlik nəsib edib ki, ulu rəhbərimiz Heydər Əliyevdən sonra onun davamçısı İlham Əliyevdir. Bakıdakı Təzəpir, Əjdərbəy, Gəncədəki İmamzadə məscidlərinin, Şamaxıdakı böyük kompleksin bərpası İlham Əliyev həzrətlərinin diqqət və qayğısı ilə həyata keçirilib və keçirilir. O cümlədən Mehriban xanımın bu yaxınlarda Vatikanda keçirdiyi görüşlər, orada Azərbaycana aid qədim əlyazmaların bərpası, ölkəmizin təbliği bir daha göstərir ki, biz dini-mənəvi cəhətdən yüksəlirik, inkişaf edirik.

Qafqaz Müsəlmanları İdarəsinin sədri bundan sonra da ölkəmizdə İslam dininin, onun yüksək əxlaqi məziyyətlərinin və bütövlükdə milli mənəvi dəyərlərimizin inkişaf etdirilməsi üçün görülən tədbirlərin davamlı olacağına əminliyini bildirdi.

X X X

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevə müqəddəs Qurani-Kərim hədiyyə etdi. 

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo