Aynur Mürşüdovadan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident.
Təşəbbüskarı olduğunuz misilsiz “Ölkəmizi tanıyaq” layihəsinə görə Sizə təşəkkürümü bildirirəm. “Bizdən sonra gələn nəsil bizim kimi vətənpərvər və Vətənə bağlı olmalıdır ki, gələcəkdə Azərbaycan daha da qüdrətli dövlətə çevrilsin. Bunu etmək üçün biz möhkəm təməl qoyuruq. Bu gün başlanan, icra edilən layihələrin bir çoxu gələcəyə hesablanıb” fikrini əsas tutaraq təməlini qoyduğunuz “Ölkəmizi tanıyaq” tur-aksiyası Azərbaycanı müstəqil ölkəmizin yetirmələrinə, yeniyetmələrinə təqdim etmək, tanıtmaq və sevdirmək üçün mükəmməl layihədir. Artıq 5 ildir davam edən maarifləndirici tur-aksiyada övladım da iştirak etdi. Daim televiziya ekranlarında, sosial şəbəkələrdə izlədiyim bu tur-aksiyada mənim də övladımın iştirak etməsini çox arzulayırdım. Onun bu layihədə iştirak edəcəyi xəbəri valideyn olaraq məni sevindirdi və qürurlandırdı.
Cənab Prezident, Sizin birbaşa tapşırığınızla həyata keçirilən layihənin mükəmməl təşkil edildiyinin bir daha şahidi oldum. Keçirilən maarifləndirici görüşlərdə iştirakçılara qarşı yüksək həssaslıq, incəlik, məsuliyyət hissi ilə yanaşma layihənin yüksək səviyyədə təşkilindən xəbər verirdi. Ölkəmizin gənclərinə yeni Azərbaycanı sevdirən, onları milli tarixi köklərə bağlayan misilsiz layihəyə görə Sizə sonsuz təşəkkürümü bildirirəm.
Hörmətlə,
Mürşüdova Aynur Behbud qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.