İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

24 sentyabr 2019, 12:20
İlham Əliyev Litvanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Litva Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikasın etimadnaməsini qəbul edib.

Səfir Eqidius Navikas fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Eqidius Navikas etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra səfirlə söhbət edən Prezident İlham ƏLİYEV dedi:

-Sizi yenidən görməyimə şadam, Azərbaycana xoş gəlmisiniz. Ölkəmizdə sizə xoş günlər arzulayıram. Əminəm ki, Azərbaycanda çalışdığınız müddətdə bizim ənənəvi dostluq münasibətlərimiz uğurla inkişaf edəcək, yeni sahələri əhatə edəcək. Bizim ölkələr yaxşı tərəfdaşlardır, köhnə dostlardır, bir-birimizi çoxdan tanıyırıq və uzun müddət ərzində fəal əməkdaşlıq edirik. Yəqin ki, mənim sizin prezidentlərlə əlaqələrim barədə xəbərdarsınız. Cənab Adamkusla biz Bakıda da, Vilnüsdə də tez-tez görüşmüşük. Eləcə də Prezident Qribauskayte ilə də bizim çox yaxşı münasibətlərimiz olub. Belə ki, bizim əlaqələrimizin tarixi kifayət qədər müsbətdir. Ona görə də düşünürəm ki, münasibətləri irəli aparmaq üçün xeyli işiniz olacaq.

Əməkdaşlığın ənənəvi və yeni sahələri mövcuddur. Əlbəttə, ticari-iqtisadi əməkdaşlıq cəhətdən müəyyən işlər görülməlidir. Əmtəə dövriyyəsini artırmaq mümkündür. Ticari-iqtisadi əlaqələri artırmaq məqsədilə müəyyən işçi qruplar yaratmaq olar. Biz bütün digər istiqamətlərdə də ənənəvi əməkdaşlığı davam etdirmək, tərəfdaşlığı möhkəmləndirmək niyyətindəyik. Əməkdaşlıq həm də hansısa konkret nəticəyə yönəlməlidir. Sizə ölkəmizdə yaxşı günlər və Azərbaycanda fəal işləməyi arzulayıram.

Səfir Eqidius Navikas dedi:

-Çox sağ olun cənab Prezident. Mən, ilk növbədə, Sizə Litva Prezidenti cənab Nausedanın ən xoş arzularını, eləcə də Sizin Litvaya səfərinizlə bağlı dəvəti çatdırmaq istəyirəm. Əlbəttə, mənim üçün Azərbaycanda səfir olmaq böyük şərəfdir və bundan çox şadam. Mən, həmçinin çox şadam ki, artıq qeyd etdiyiniz kimi, dost münasibətlərin və əməkdaşlığın sanballı bazası, təməli var. Mən Bakıda olduğum müddətdə xalqlarımızın çox yaxşı, müsbət əlaqələrinin mövcudluğunu hiss etdim.

Səfir Azərbaycan və Litva arasında yüksək səviyyəli siyasi dialoqun məmnunluq doğurduğunu bildirdi. Eqidius Navikas ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi. Ölkələrimiz arasında əməkdaşlığın inkişafında şəhərlərarası əlaqələrin vacibliyinə toxunan səfir Litva və Azərbaycanın 3 şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulduğunu bildirdi. Səfir Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə toxundu və ölkəsinin Avropa İttifaqının “Tvinninq” layihələri çərçivəsində Azərbaycanla yaxından əməkdaşlıq etdiyini dedi.

Dövlətimizin başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın hərtərəfli inkişaf etdiyini, ötən müddət ərzində Avropa İttifaqı rəhbərliyinin Azərbaycana səfərlərini və özünün Avropa İttifaqının mənzil-qərargahına səfərini xatırladaraq Avropa İttifaqı üzv ölkələrinin bu əməkdaşlığın inkişafına verdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğuladı.

Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nausedanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Litva Prezidentinə çatdırmağı xahiş etdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photo