İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşavirini qəbul edib

30 aprel 2019, 14:20
İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin müşavirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 30-da ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kenti qəbul edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın inkişafından məmnunluğunu ifadə etdi, əlaqələrimizin siyasi, iqtisadi, ticarət, enerji, təhlükəsizlik və digər sahələrdə genişləndiyini vurğuladı. Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri tərəfdaşlıq müstəvisində davam etdirmək niyyətində olduğunu deyən dövlətimizin başçısı son dövrlər ərzində ölkələrimiz arasında qarşılıqlı təmasların və tədbirlərin əhəmiyyətini vurğuladı və bu müsbət dinamikanın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

Keçən ilin oktyabrında Azərbaycana səfərini xatırlayan ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ikitərəfli əlaqələrimizdə olan bu müsbət dinamikanı davam etdirmək məqsədilə ölkəmizə səfər etdiyini dedi, ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun ölkəmizə səfəri və onun ardınca aparılan danışıqların əhəmiyyətini vurğuladı.

Görüşdə dövlətimizin başçısı ABŞ Prezidenti Donald Trampın “Cənub Qaz Dəhlizi” layihəsinə göstərdiyi dəstəyi yüksək dəyərləndirdi.

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent, öz növbəsində, Azərbaycanın Əfqanıstanda Qətiyyətli Dəstək Missiyası çərçivəsində NATO-ya üzv və tərəfdaş dövlətlər, o cümlədən ABŞ üçün təmin edilən tranzit-logistika dəstəyinə görə minnətdarlığını ifadə etdi.

Söhbət zamanı ölkəmizin demokratik inkişafı, məhkəmə-hüquq sistemi və sosial-iqtisadi sahədə aparılan islahatlara dair fikir mübadiləsi aparıldı.

gallery-photo