23 fevral 2019, 12:17

Hüseyn Mehdizadə və başqalarından, Bakı, Azərbaycan

Çox hörmətli cənab Prezident!

Bizim sakini olduğumuz bina Yasamal rayonu, Şərifzadə küçəsi 156 ünvanında, metronun “İnşaatçılar” stansiyasının və “Məhsul" stadionunun yaxınlığında yerləşir. “Məhsul" stadionu bizim binanın sakinlərinin, əsasən də yaşlı və gənc nəslin nümayəndələrinin asudə vaxtlarında toplaşdığı və müxtəlif idman növləri ilə məşğul olduğu yeganə yerdir. Biz də həftənin şənbə və bazar günlərində adətən “Məhsul” stadionunda asudə vaxtımızı keçiririk. Son vaxtlar şənbə və bazar günlərində burada mitinqlərin keçirilməsi bizim işlərimizi pozur. Stadion ətrafında olan yolların giriş-çıxışı məhdudlaşdırılır, mitinqə toplaşanlar səs-küy salaraq bizə lazım olmayan və heç birimiz tərəfindən dəstəklənməyən çıxışlar edir, ətrafdakı binaların sakinlərinin narahatçılığına səbəb olur, əsasən də yaşlı və gənc nəslin mənəvi-psixoloji durumuna mənfi təsir edir. Həmçinin ora toplaşan şəxslər mitinq qurtardıqdan sonra "Məhsul” stadionunu kütlə şəklində tərk edərkən əxlaqımıza zidd ifadələrdən istifadə edirlər.

Hörmətli cənab Prezident, biz Sizin siyasətinizi dəstəkləyirik. Gündən-günə abadlaşan paytaxtımız Bakının mərkəzi hissəsində yerləşən “Məhsul” stadionunun ətrafında yaşayış binalarından başqa poliklinika, orta məktəb, bağça, çoxlu sayda iaşə obyekti, dövlət müəssisələri yerləşir. Azərbaycana turist axınının gücləndiyi bir vaxtda “Məhsul” stadionuna toplaşan şəxslərin hərəkətləri ümumi işimizə çox mənfi təsir göstərir. Əsasən də, biz vətəndaşların hüquqlarını pozduqları üçün mitinqlərin keçirilmə yerinin başqa ünvana dəyişdirilməsi barədə göstəriş verməyinizi Sizdən xahiş edirik.

Hörmətlə,

Mehdizadə Hüseyn Elman oğlu,

Babazadə Nemət Novruz oğlu,

Əliyeva Cevlanə Vasif qızı və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.