Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Türkiyə Respublikasının daxili işlər naziri Süleyman Soylunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək, bu il bu münasibətlərin daha da yüksək zirvəyə qalxdığını qeyd etdi. Prezident İlham Əliyev ölkələrimizin dövlət başçıları arasında həm Azərbaycanda, həm Türkiyədə, həm də beynəlxalq tədbirlərdə keçirilən görüşlərin və çoxsaylı təmasların əlaqələrimizin daha da möhkəmlənməsi baxımından xüsusi rol oynadığını bildirdi. Dövlətimizin başçısı bu il, eyni zamanda, bir çox mühüm birgə layihələrin, o cümlədən TANAP və STAR layihələrinin açılış mərasimlərinin olduğunu qeyd edərək, siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə çox gözəl əməkdaşlığın həyata keçirildiyini vurğuladı. Prezident İlham Əliyev bu il Türkiyə Prezidentinin iştirakı ilə keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradı dostluq və qardaşlıq münasibətlərimizin parlaq təzahürü kimi dəyərləndirdi. Dövlətimizin başçısı qarşıdan gələn ilin də Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında uğurlu il olacağına əminliyini ifadə etdi və Türkiyənin daxili işlər naziri Süleyman Soylunun Azərbaycana səfərinin əməkdaşlığımızın genişlənməsi işinə töhfə verəcəyini dedi.
Qəbula görə minnətdarlığını bildirən Türkiyənin daxili işlər naziri Süleyman Soylu, ilk növbədə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə xalqının salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. Türkiyə-Azərbaycan əlaqələrinə toxunan Süleyman Soylu qeyd etdi ki, əlaqələrimiz böyük lider, görkəmli dövlət xadimi Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlət” prinsipi üzərində qurulub və bu gün uğurla inkişaf edir. O bildirdi ki, Azərbaycan və Türkiyə dövlətləri başçılarının uğurla inkişaf etdirdiyi bu əlaqələr bu gün regiona və dünyaya böyük töhfə verir və qardaşlıq münasibətlərinin bir nümunəsidir. Türkiyəli nazir qeyd etdi ki, başda Dağlıq Qarabağ məsələsi olmaqla Azərbaycanın kədəri Türkiyənin kədəri, sevinci isə Türkiyənin sevincidir.
Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi.