İlham Əliyev Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib

17 noyabr 2014, 20:15

Prezident İlham Əliyev “Dini tolerantlığın möhkəmləndirilməsi: (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransda iştirak edən Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərini qəbul edib.

Görüş iştirakçılarını salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Sizi yenidən Bakıda görməyimə şadam. Xoş gəlmisiniz. Şadam ki, görüşlərimiz müntəzəm xarakter alır, Bakıda və Azərbaycanın digər yerlərində tez-tez görüşürük. Həm də əlbəttə ki, dini dözümlülük, tolerantlıq məsələlərini müzakirə edən beynəlxalq konfransda iştirak edirsiniz. Bu, bizim regionumuzda, bütövlükdə dünyada, Yaxın Şərqdə və Avropada hazırda çox mühüm mövzudur. Azərbaycan öz tərəfindən müxtəlif dinlərin nümayəndələri və xalqlar arasında daha çox anlaşma olması üçün səy göstərir. Biz müntəzəm tədbirlər keçiririk. Dini həmrəylik və tolerantlıq mövzusunda dörd dəfə Beynəlxalq Humanitar Forum keçirmişik. Bu, əsas mövzudur. İki dəfə Mədəniyyətlərarası Dialoq üzrə Beynəlxalq konfrans keçirmişik. Həmçinin Bakıda dünya dinləri rəhbərlərinin Sammitini keçirmişik. Yəni, tarixi, coğrafi mövqeyi və bugünkü reallıqlar nəzərə alınmaqla Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. 

Əlbəttə ki, bizi təhlükəsizlik, sülh məsələləri birləşdirir. Qafqazda bunlar bizim ümumi mövzularımızdır. Qafqaz bizim ümumi evimizdir. Qafqazın təhlükəsizliyi, inkişafı və tərəqqisi bizim ümumi qayğımızdır. Dini liderlərin rolu gənc nəslin bizim ənənələrimiz və əməkdaşlıq ruhunda tərbiyəsi baxımından, eləcə də ağsaqqalların, dini rəhbərlərin tövsiyələrinin mötəbər sayılması cəhətdən çox böyük əhəmiyyət kəsb edir. Biz də bu ənənələri qoruyub saxlamalı və möhkəmləndirməliyik. Bizim respublikaların gəncləri dini, milli ənənələrimiz ruhunda böyüməlidirlər. Bizim ənənələrimiz xeyirxahlığa, sülhə, qardaşlığa əsaslanır. İslam sülh dinidir. Dünyanın kütləvi informasiya vasitələrində dinimizi süni surətdə ləkələmək, İslamı terrorçuluqla, ekstremizmlə eyniləşdirmək cəhdləri bizi çox narahat edir. Bu informasiya fonu həm də konfessiyalararası sülhün bütün dünyada bərqərar olmasını istəməyənlərin dəyirmanına su tökən bəzi siyasətçilərin məsuliyyətsiz bəyanatları ilə möhkəmləndirilir. Buna görə də bu konfrans baxışlarımızı, mövqeyimizi, nöqteyi-nəzərimizi, dini dəyərlərimizi geniş dünya ictimaiyyətinə çatdırmaq və qarşılıqlı anlaşmanın, hörmətin olması üçün daha bir imkandır. O zaman dünya daha təhlükəsiz olar.

Qarşılıqlı hörmət, beynəlxalq hüquq, ədalət, dini dəyərlər dünyanın müsbət istiqamətdə inkişafı üçün mühüm təməldir. Təəssüf ki, biz bunun əksini görürük. Qafqazda həm təhlükəsizliyi, həm əməkdaşlığı, həm də inkişafı birgə səylərlə möhkəmləndirəcəyik. Bir daha sizi səmimi qəlbdən salamlayıram. Ümid edirəm ki, sizin bu konfransda iştirakınız xoş və faydalı olacaq.

X X X

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl BERDİYEV çıxış edərək dedi:

- Çox sağ olun, İlham Heydəroğlu. Biz həqiqətən buraya məmnuniyyətlə gəlirik. Çünki Azərbaycanı sevirik. Bakı daim getdikcə gözəlləşir. Hər dəfə yeniliklə üzləşirsən, düşünürsən ki, daha nə etmək olar?! Gəlirsən və tamam başqa mənzərə görürsən.

İsmayıl Berdiyev Azərbaycanda  inkişafın sürətlə getdiyini, paytaxtda ən böyük məscidin inşa olunduğunu vurğulayaraq bildirdi:
- Gördüyünüz işlər Sizin soy-kökünüzlə bağlıdır. Sizin atanızla Şeyxülislam Kəbəyə gedib, fotolar var. Sonra Sizinlə də gedib. Bütün bu işlər bundan irəli gəlir.

X X X

Prezident İlham ƏLİYEV dedi:

- Mən dostluğumuzu, şəxsi münasibətlərimizi, sizin Şeyximizlə olan münasibətlərinizi çox yüksək qiymətləndirirəm. Biz əsrlər boyu dostluq və sülh şəraitində birlikdə yaşamışıq və gələcəkdə də belə yaşayacağıq. Əlbəttə ki, bu dəyəri qorumalıyıq. Xalqlarımızı yaxınlaşdırmaq, eləcə də dini-mənəvi dəyərlərin ölkəmizin inkişafının əsasını təşkil etməsi üçün biz öz tərəfimizdən əlimizdən gələni edirik. 

Görüş ərəfəsində bizim əvvəlki görüşlərimizi yada saldım. Biz Bibiheybət məscidinin genişləndirilməsi, bərpası, əslində yenidən qurulmasından sonra açılış mərasimində, sonra Əjdərbəy məscidinin təmirdən sonra açılışında, Şamaxıda Azərbaycanın ən qədim məscidinin açılışında birgə iştirak etmişik. Həmçinin ümid edirəm ki, Bakıda inşa edilən ən böyük məscidin açılışı sizin iştirakınızla olacaq. Əminəm ki, əlaqələrimiz gələcəkdə daha da möhkəmlənəcək.

X X X

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür PAŞAZADƏ dedi:

-  Cənab Prezident!

Siz İslam, din, xalq üçün çox böyük işlər görürsünüz. Bu tolerantlıq günündə mən istərdim ki, ulu öndər Heydər Əliyevi yada salım. Çünki bu gündə o həmişə bizi bir yerə yığardı, bizimlə görüşərdi, danışardı və bizə yol göstərərdi. Çünki bu tolerantlığın bünövrəsini qoyan Heydər Əliyev həzrətləri olmuşdur. Bu ənənə bu gün də davam edir. Bu, bir daha Sizin, bayaq dediyiniz kimi, öz kökünüzə, İslama, mənəviyyata verdiyiniz qiymətdir. Ona görə də Sizə minnətdarlığımı bildirirəm.

Bu gün Qafqaz Müsəlmanları İdarəsi Sizin mənəvi dəstəyinizlə imkan daxilində böyük işlər görür. Bu gün Azərbaycan hökuməti, Qafqaz Müsəlmanları İdarəsi, ATƏT-in və UNESCO-nun ölkəmizdəki nümayəndəlikləri birlikdə, özü də ilk dəfə belə bir konfrans keçirdik.

Bu da Azərbaycanda din, vicdan azadlığının və tolerantlığın bir nümunəsidir. Bu da Sizin bizim üçün yaratdığınız bir şəraitdir. Ona görə də Sizə minnətdarlığımızı bildiririk. 

X X X

Prezident İlham ƏLİYEV:

- Çox sağ olun. Mən bir daha Qafqazda sabitliyin, təhlükəsizliyin, inkişafın möhkəmləndirilməsi işində rolunuza görə minnətdarlığımı bildirirəm.

Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan və Şimali Qafqaz xalqları arasında tarixən dostluq münasibətlərinin hökm sürdüyünü dedi. Azərbaycanda yaşayan Şimali Qafqaz xalqlarının, Şimali Qafqaz respublikalarında yaşayan azərbaycanlıların bu dostluğun daha da möhkəmləndirilməsində mühüm rol oynadıqlarını vurğulayan dövlətimizin başçısı dedi:

- Konfrans Murtuza Muxtarovun evində keçirilir. O, Azərbaycanın ən zəngin adamlarından biri və mesenat olub. Bu evi də o, həyat yoldaşına hədiyyə kimi inşa etdirib. Onun həyat yoldaşı Osetiyadan idi. O, həmçinin öz vəsaiti hesabına Vladiqafqazda məscid tikdirib. O, çox ləyaqətli insan idi. O, faciəvi şəkildə həlak olub. Bolşevik inqilabından sonra əsgərlər onun evinə soxularaq, onu öz evindən çıxarmaq istəyirdilər. Çünki Bakının əksər tarixi binalarını varlı insanlar tikdiriblər. Onların əksəriyyəti ləyaqətli insanlar idi. Onlar sərmayə qoyaraq məktəblər, xəstəxanalar inşa etdirirdilər. Bizim indiyədək istifadə etdiyimiz Şollar su kəməri varlı adamlardan biri və mesenat Zeynalabdin Tağıyevin vəsaiti hesabına tikilmişdir. O zaman Murtuza Muxtarov quldurlara mənzilini ləkələməyə imkan vermədi. Silahı çıxararaq hücum edənlərin bir neçəsini məhv etdi və özü də həlak oldu. Əhvalat bax belə olub. 

Sovet dövründə, təbii ki, hər şey milliləşdirilib. Orada müxtəlif kontorlar fəaliyyət göstərib. Sonra ora nikah evi kimi fəaliyyət göstərərək “Səadət” sarayına çevrildi. Mənim də nikahım orada qeydiyyata alınıb. Sonralar bu ev pis vəziyyətə düşmüşdü. Biz bir neçə il ərzində oranı bərpa etdik. Çünki binanın tarixi hissəsini qoruyub saxlamaq və yeniləşdirmək lazım idi. İndi bura, həm də nikahların qeydə alındığı saray kimi fəaliyyət göstərir. Burada rəsmi nikah mərasimləri, həmçinin müxtəlif dövlət tədbirləri keçirilir.

Bilirsiniz ki, Azərbaycanda bütün tarixi məscidlər bərpa olunub, son illər ərzində yüzlərlə yeniləri tikilib. Ancaq ürək ağrımız odur ki, işğal edilmiş ərazilərdə, Dağlıq Qarabağda, Şuşada məscidlər dağıdılıb. İnternetdə fotoşəkillər də var. Erməni işğalçı qüvvələri, həmçinin Ağdam məscidini və bir çox digər məscidləri dağıdıblar. Bakıda isə biz erməni kilsəsini bərpa etmişik. Şəhərin mərkəzindədir. Hamı baxa bilər. Bax, bu, kimin hansı niyyətlərlə yaşadığını göstərir. Sizin müzakirə etdiyiniz mövzunun nəticəsi bax, elə budur - tolerantlıq. Hətta müharibə şəraitində bəşəri və dini normaları pozmaq olmaz. Təəssüf ki, biz bununla qarşılaşırıq. Dağıdılmış məscidlərimiz vandalizmin sübutudur. Digər hallarda da ümumbəşəri davranış və mənəviyyat normaları elə bu cür pozulub. Bir neçə il əvvəl bizim bir qəhrəman şəhid olub. O, təkbaşına 10-dan çox işğalçını məhv edib. Özü də həlak olub. Aşkar ölümə gedib. Onun cəsədini bir neçə ay qaytarmırdılar. Təsəvvür edirsiniz, bir neçə ay! Heç bir dində belə vəhşilik yoxdur. O, qəhrəmandır, öz torpağını müdafiə edirdi, öz torpağında həlak oldu. O, yad yerdə həlak olmamışdır. Bax, belə epizodlar, əlbəttə ki, Qafqazdakı vəziyyəti ağırlaşdırır. Biz - Qafqazda minilliklər boyu yaşayanlar, yeni köçənlərdən fərqli olaraq, ənənələrimizi qoruyuruq və qoruyacağıq. Biz xalqlarımızın həyatını daha da yaxşılaşdırmaq üçün əlimizdən gələni edəcəyik.

X X X

Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasındakı səlahiyyətli nümayəndəsi Şafik PŞİXAÇEV çıxış edərək dedi:

- Mən də Sizə öz tərəfimdən təşəkkür etmək istəyirəm. Çox sağ olun. Həqiqətən də Bakıya gəlmək həmişə xoşdur. Bakı inkişaf tempi ilə bizi həmişə heyran qoyur. Amma daha çox Sizin daimi qayğınız, bizimlə görüşəndə dedikləriniz dəyər istiqamətləri, cəmiyyətin inkişafının dini-mənəvi tərkib hissəsi ötəri deyil. Bu, heç bir parametrlərlə ölçülməyən böyük dəyərə malikdir. 

Bildirmək istəyirəm ki, Sizinlə görüşmüşük. Sizin köməyinizlə, İnşallah, gələn ildən Qafqaz Müsəlmanları İdarəsinin Rusiya Federasiyasında nümayəndəliyi tamhüquqlu fəaliyyətə başlayacaq. Bütün hüquqi sənədlər tərtib olunub, hər şey Rusiya Federasiyasının qanunları, Azərbaycan Respublikasının yeni qanunları ilə uyğunlaşdırılıb. İnşallah, biz səfirliklə, Moskvada Heydər Əliyev Fondunun nümayəndəliyi ilə birgə işləmək niyyətindəyik. İnşallah, qəti əminik ki, bu nümayəndəliyin işi Rusiya Federasiyasının və bizim qardaş Azərbaycanın xalqlarının daha da yaxınlaşmasına, səmərəli qarşılıqlı fəaliyyətinə xidmət edəcək. Çox sağ olun. Biz Sizə məlumat verəcəyik, biz işləyəcəyik. Məsuliyyətimizi dərk edirik. İnşallah, bu istiqamətdə iş görəcəyik. 

X X X

Prezident İlham ƏLİYEV dedi:

- Çox sağ olun. Mən də çox şadam ki, artıq Moskvada nümayəndəliyiniz var. Bu, xüsusən də son dövrdə bizim olduqca fəal və dinamik inkişaf edən əlaqələri, dövlətlərarası münasibətləri nəzərə almaqla çox vacibdir. Həmçinin deyərdim ki, bizim Şeyxlə bütün Rusiyanın Patriarxı, Əlahəzrət Kirill arasında qardaşlıq münasibəti mövcuddur. Bu münasibətlər dostluğa, qardaşlığa əsaslanır. Bu, çox vacibdir. Həm Rusiya, həm Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkələrdir. Ona görə də bizim ölkələrdəki sülh bütün dinlərin nümayəndələrinin qarşılıqlı fəaliyyəti, qarşılıqlı anlaşması və qarşılıqlı dəstəyindən asılıdır. Buna görə də biz Rusiya ilə ikitərəfli formatda qarşılıqlı fəaliyyət göstəririk. Əlbəttə ki, Patriarxla Şeyx arasında şəxsi münasibətlər də mühüm rol oynayır. Mən Patriarx Kirillin Bakıda olduğunu, həmçinin məscidi ziyarət etdiyini xatırlayıram. İlk dəfə idi o, məscidi ziyarət edirdi. Bunun Azərbaycanda baş verməsi rəmzi məna daşıyır.

X X X

Səlahiyyətli nümayəndə Şafik PŞİXAÇEV bildirdi:

- Bu cür tolerantlıq təkcə bir-birinə qarşı dözümlülük nümayiş etdirmək deyil. O, səmərəli və fəal qarşılıqlı fəaliyyət kimi qəbul edilir. Deməli, gələcəkdə də bu istiqamətdə birgə irəli getmək lazımdır.

X X X

Prezident İlham ƏLİYEV dedi:

- Bu, tamamilə doğrudur. Çünki indi tolerantlıqdan çox danışılır. Amma bu anlayışı düzgün müəyyənləşdirmək lazımdır. Bu cür konfranslar da buna xidmət edir. Bu, öz dəyərlərindən imtina etmək, kosmopolitizm, qloballaşmanın hər hansı bir hissəsi deyil. Hesab edirəm ki, bu, ilk növbədə öz dəyərlərinə və xalqına bağlılıq, öz dininə və başqa dinlərə də hörmətdir. Siz doğru deyirsiniz ki, bu, bir-birinə dözmək deyil, əksinə əlaqələrin, münasibətlərin və anlaşmanın daha çox olmasına xidmət etməkdir. Çünki müxtəlif kütləvi informasiya vasitələrində açıq antiislam təbliğatı aparılır. Biz buna dözə bilmərik. Biz burada, beynəlxalq forumlarda, BMT və İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində fəaliyyətimizdə də bunu bəyan edirik. Bəyan edirik ki, buna son qoymaq lazımdır. Biz BMT Təhlükəsizlik Şurasında sədrlik edəndə qaldırdığımız mövzulardan biri İslam Əməkdaşlıq Təşkilatı ilə BMT arasında bu məsələlərlə bağlı qarşılıqlı fəaliyyət idi. Ona görə də bax, bugünkü gün də, hətta, bu konfrans da, digər tədbirlər də İslamın sülh dini olduğunu sübut edir. 

Biz İslam dinini ayrı-seçkilikdən, indi necə deyirlər, qara piyardan hərtərəfli qorumaq üçün daha güclü olmalı, daha səmərəli işləməliyik və xarici qonaqları dəvət etməliyik. Bilirəm ki, xarici ölkələrdən Şimalı Qafqaz respublikalarına çoxlu insanlar gəlir, tanış olur, inkişaf, müasirlik görürlər. Hörmətli Şeyx də dəfələrlə televiziyada Çeçenistan Respublikasında inkişaf barədə danışıb. Müasir şəhər, müasir infrastruktur. Bax, bu inkişafın göstəricisidir.

X X X

Sonra Rusiya Federasiyası Şimali Osetiya – Alaniya Respublikasının müftisi Hacımurat Qatsalov respublika başçısının xatirə hədiyyəsini Prezident İlham Əliyevə təqdim etdi.  

X X X

Sonda xatirə şəkli çəkdirildi.

SƏNƏDLƏRFərmanlar14 oktyabr 2019
17:45
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli, “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 noyabr tarixli 348 nömrəli, “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 2017-ci il 3 may tarixli 1361 nömrəli, “Şəhərsalma fəaliyyətinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2018-ci il 17 sentyabr tarixli 274 nömrəli, “Bəzi tikinti obyektlərinə tikintiyə icazə və tikinti obyektinin istismarına icazə verilməsinin sadələşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 28 dekabr tarixli 460 nömrəli və “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” 2019-cu il 19 mart tarixli 597 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2...

14 oktyabr 2019, 17:45
SƏNƏDLƏRFərmanlar14 oktyabr 2019
17:00
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında Azərbaycan Respublikası və Belarus Respublikası arasında keçirilən mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Belarus Respublikasının Dövlət Gömrük...

14 oktyabr 2019, 17:00
SƏNƏDLƏRFərmanlar14 oktyabr 2019
16:45
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Rusiya Federasiy...

14 oktyabr 2019, 16:45