12 yanvar 2022, 11:27

Vəli Dünyamalıyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan!

 İlk öncə mən Sizə Allahdan sülh və əmin-amanlıq, möhkəm cansağlığı, çətin və şərəfli işlərinizdə yar və yardımçınız olmasını diləyirəm. Həmçinin sevdiklərinizə, doğmalarınıza, bir də Sizi sevənlərə salamatlıq və xoş günlər arzulayıram.

Ağdam məscidinin qarşısında etdiyiniz çıxış zamanı bildirmişdiniz ki, özünüzü xoşbəxt hesab edirsiniz, çünki dörd dəfə Məkkə ziyarətində olmusunuz, həmçinin müqəddəs Kəbə Evinin içində dua etmisiniz və etdiyiniz duaların cavabını uca Allahdan görmüsünüz. Heç şübhəm yoxdur ki, Rəbbimiz etdiyiniz dualarda nə qədər səmimi olduğunuzu  nəzərə alaraq Sizə bu böyük Qələbə nemətini lütf etdi. Azərbaycan xalqına bu sevinc anlarını məhz Sizin rəhbərliyiniz dönəmində yaşatdı. Həqiqətən də düşmən üzərində, həm də yağı düşmən üzərində çalınan Qələbə çox böyük bir nemətdir. İbadət evlərini dağıdan, tövləyə çevirən bir qövmə qarşı Allah Sizə köməyini lütf edərək, Siz başda olmaqla bütün xalqımızı bu böyük Qələbə neməti ilə izzətləndirdi. Buna görə Allaha sonsuz təşəkkür edirəm, bundan sonrakı gələcək işlərinizdə də Sizə bu cür izzət diləyirəm!

Müzəffər Ali Baş Komandan, ümid edirəm ki, işğaldan azad olan torpaqlarda məscidlərin, həmçinin ölkəmizdə yaşayan digər dini inanc sahiblərinin ibadət evlərinin bərpası üçün göstərdiyiniz səy Allah tərəfindən qəbul edilər və bunun mükafatı olaraq hər zaman xeyirli olan işlərinizdə, həmçinin insanlığa qarşı düşmən kəsilən bütün varlıqlara qarşı mübarizədə Sizə yar və yardımçı olar, gücünüzün üstünə güc artırar.

Allaha əmanət olun, Allah Sizi, sevdiklərinizi və Sizi sevənləri qorusun! Allah atanıza - Heydər Əlirza oğlu Əliyevə, Azərbaycana ən çətin vaxtlarda rəhbərlik etmiş, ölkəni siyasi böhran vəziyyətindən çıxarmış böyük siyasi xadimə rəhmət eləsin, amin!

Hörmətlə,

Dünyamalıyev Vəli Zahid oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu, Güzdək qəsəbəsi.