İlham Əliyev və Serbiya Prezidenti Tomislav Nikoliç Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışında iştirak etmişlər

08 fevral 2013, 18:30

Bakının mərkəzində serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsinin açılışı olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Serbiya Prezidenti Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç açılış mərasimində iştirak etmişlər.

Prezidentlər İlham Əliyev və Tomislav Nikoliç abidənin üzərindəki örtüyü götürdülər, önünə gül dəstələri qoydular.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Serbiyanın birinci xanımı Dragitsa Nikoliç də abidə önünə gül dəstələri qoydular.

Məlumat verildi ki, paytaxtın mərkəzində, Azadlıq prospekti və Süleyman Rəhimov küçələrinin kəsişməsində yerləşən parkda ucaldılmış abidənin müəllifləri Xalq Rəssamı, heykəltəraş Ömər Eldarov və Əməkdar Memar Sənan Salamzadədir.

Bürüncdən hazırlanmış abidənin hündürlüyü postamentlə birlikdə 3,3 metrdir. Abidənin fonunda görkəmli alimin əsas ixtiralarından olan dəyişən cərəyan generatorunu əks etdirən dekorativ panno quraşdırlmışdır. Abidənin yerləşdiyi park abadlaşdırılmış, sakinlərin istirahəti üçün hərtərəfli şərait yaradılmışdır.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Prezident Tomislav Nikoliç, xanımı Dragitsa Nikoliç abidə önündə xatirə şəkli çəkdirdilər.

Sonra Azərbaycan və Serbiya prezidentləri açılış mərasimində çıxış etdilər.
 

Prezident İlham Əliyevin çıxışı


- Hörmətli cənab Prezident.

Hörmətli xanım Nikoliç.

Hörmətli dostlar, əziz qonaqlar.

Bu gün Serbiya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür. Bu gün serb xalqının böyük oğlu, görkəmli alim Nikola Teslanın abidəsi Bakıda açılır. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Mən çox şadam ki, artıq Bakıda da görkəmli alim, dünya miqyaslı ixtiraçı Nikola Teslanın abidəsi vardır. Nikola Tesla dünya elminə çox böyük töhfələr vermişdir və onun xatirəsi dünyada böyük hörmətlə yad edilir.

Bu gün bu mərasimdə Serbiyadan gəlmiş qonaqlar və eyni zamanda, Azərbaycan alimləri iştirak edirlər. Artıq bu yer, bu park Serbiya-Azərbaycan dostluğu parkıdır. Ümumiyyətlə, serb və Azərbaycan xalqlarının görkəmli nümayəndələrinin şərəfinə həm Serbiyada, həm Azərbaycanda ucaldılmış abidələr xalqlarımızı, ölkələrimizi daha da sıx birləşdirir. İl yarım bundan əvvəl Belqradda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmışdır və eyni zamanda, görkəmli serb yazıçısı Milorad Paviçin abidəsi ucaldılmışdır. Mən çox şadam ki, bu abidələrin yerləşdiyi ərazidə - məşhur Daşmeydan parkında Azərbaycan memarlarının izi artıq görünür. Novi Sad şəhərində isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin büstü ucaldılmışdır. Mən Novi Sadda olarkən orada görülən işlərlə tanış olmuşdum və Azərbaycan tərəfindən bərpa edilmiş sahilyanı parkın gözəlliyinə vurğun olmuşdum.

Bir daha demək istəyirəm ki, bu əlamətdar hadisələr hər iki xalqın və dövlətin digər xalqın görkəmli nümayəndələrinə olan hörmətinin əlamətidir və eyni zamanda, Serbiya-Azərbaycan dostluğunun təzahürüdür. Nikola Teslanın abidəsinin Serbiya Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı açılması əlbəttə ki, bu hadisəyə əlavə məna verir.

Bu gün Serbiya-Azərbaycan əlaqələri öz inkişaf dövrünü yaşayır. Bu gün həmkarımla apardığım danışıqlar və fikir mübadiləsi bir daha göstərir ki, ölkələrimiz bir-birinə çox yaxındır. Biz tərəfdaşıq, dostuq və bu səfər dostluğumuzu daha da möhkəmləndirəcəkdir. Bizim ikitərəfli əlaqələrimizin gündəliyi çox genişdir, əlbəttə, siyasi, iqtisadi və sosial məsələləri əhatə edir. Onların içində humanitar sahədə əməkdaşlığın da xüsusi yeri vardır. Mən çox istərdim ki, elm, mədəniyyət, incəsənət sahəsində də əməkdaşlığımız inkişaf etsin və hesab edirəm ki, bu abidənin Bakıda açılması bu istiqamətdə atılan mühüm addımdır. Bakı şəhərinin mərkəzində, Bakı şəhərinin bu qədim yerində yerləşən bu abidə və yaradılan bu park əslində, Serbiya-Azərbaycan dostluğuna ucaldılmış bir abidədir. Əminəm ki, Bakıda yaşayan serblər və əlbəttə, yerli sakinlər buraya gələrkən bir-biri ilə daha da sıx dostluq münasibətlərini quracaqlar.

Əziz dostlar, bir daha hamımızı bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm. Sağ olun.

X X X

Prezident Tomislav Nikoliçin çıxışı

- Zati-aliləri cənab Prezident.

Hörmətli xanım Əliyeva.

Xanımlar və cənablar, əziz dostlar.

Serbiyaya müstəqillik, azadlıq və inam gətirən Hatt-ı Şərif Bəyannaməsi 1830-cu ildə Daşmeydan parkında oxunub. Məhz bu parkda da Knyaz Miloş ölkəyə rəhbər elan edildi. Ən gözəl parkların birində belə bir tarixi irs ümummilli lider Heydər Əliyevin, eləcə də yazıçı Milorad Paviçin heykəlləri ilə zənginləşir. Həmin parkı təkrarolunmaz cazibəli fəvvarələr bəzəyir. Axşamlar bütün bu kompleksdə suyun, musiqinin və müxtəlif rənglərin oynaması böyük təəssürat bağışlayır. Göz qırpımında suyun möcüzəsi həmin məkana xüsusi yaraşıq verir. Məhz belə bir yerdə, belə bir şəraitdə həm Heydər Əliyevin, həm də Nikola Teslanın abidələri ucalır, Belqrad sakinləri hər zaman oraya toplaşırlar.

Dünya şöhrətli alimin abidəsinin açılışı ilə Azərbaycan xalqı elə bir şəxsiyyətə hörmətini izhar edir ki, o, öz ixtiraları ilə gündəlik həyatımıza işıq saçan yenilikləri gətirmişdir. Bu şəxsiyyətin elmi nailiyyətləri bütün bəşəriyyətin nailiyyətidir. Onun işləri hər bir yerdə böyük serbin fəaliyyəti kimi dəyərləndirilir. Dost ölkədə onun rəhbəri ilə yan-yana xalqın ən tanınmış aliminin abidəsi qarşısında dayanmaqdan böyük şərəf ola bilməz. Böyük Nikola Teslanın həmvətəni olmaqdan böyük şərəf hissi duyaraq hamımız fəxr edirik ki, onun nailiyyətləri bütün bəşəriyyətə məxsusdur.

Bu xüsusiyyəti qəbul edən Azərbaycan böyük alimə və Serbiyaya hörmət əlaməti olaraq belə bir gözəl məkanda Nikola Teslanın abidəsini ucaltdı. İnanırıq ki, bu yer Bakı sakinlərinin sevimli yeri olacaq, necə ki, belqradlılar Heydər Əliyevin abidəsinin ucaldığı parka gəlirlər. Bu iki xalqın böyük oğullarına həsr olunan abidələr artıq müştərək tariximizin bir hissəsinə çevrilir. Serbiya vətəndaşları adından minnətdarlığımızı bildiririk.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Serbiya Prezidenti və xanımı abidənin müəllifi Ömər Eldarova təşəkkür etdilər.