29 noyabr 2021, 14:11

Fəridə Pənahovadan, Braknel, Böyük Britaniya

Hörmətli cənab Prezident.

Sizin apardığınız balanslaşdırılmış siyasət nəticəsində torpaqlarımızın azad edilməsi hər bir azərbaycanlının başını uca edib, qürurunu qaytarıb. Artıq biz qalib xalq kimi yaşayırıq. Bu qələbə xalqımızın 30 illik həsrətinə son qoydu. Azərbaycanın ərazi bütövlüyü, tarixi ədalət bərpa olundu.

Vətən müharibəsində Qələbənin birinci ildönümü ilə əlaqədar Londonda “Sülhün səsləri” adlı qala-konsert təşkil olundu. Britaniyada yaşayan azərbaycanlılar, həmçinin Azərbaycanın dostlarının iştirak etdiyi tədbirdə Qələbənin əldə olunmasında Sizin apardığınız müdrik siyasətin, ordumuzun rəşadəti və xalqımızın birliyinin böyük rolu olduğu xüsusi vurğulandı. Tədbir boyu bu müqəddəs hissləri yenidən bir daha böyük coşqu və qürur hissi ilə yaşayan iştirakçılar adından Sizə təşəkkür edirik.

Sizi əmin edirik ki, Britaniyada yaşayan Azərbaycan icması Sizin apardığınız siyasəti hər zaman dəstəkləyir. Sizin yorulmaz fəaliyyətinizə cavab olaraq xaricdə yaşayan azərbaycanlılar Vətənimizin haqq səsini dünya ictimaiyyətinə çatdırır, öz tarixi missiyalarını yerinə yetirmək uğrunda “dəmir yumruq” ətrafında birləşirlər.

Hörmətlə,

Fəridə Pənahova

Britaniya Azərbaycan Cəmiyyətinin rəhbəri

Böyük Britaniya, Braknel şəhəri.