15 oktyabr 2021, 16:33

Əliheydər Məmmədovdan, Sumqayıt, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin uğurlu daxili və xarici siyasətiniz, məqsədyönlü addımlarınız həmişə bizim ürəyimizcə olub. XXI əsrin möcüzəsi sayılan 44 günlük Vətən müharibəsində Ali Baş Komandanlığınızla qazanılan Zəfərə görə hamımız Sizə sonsuz minnətdarıq.

Siz Vətən uğrunda şücaət göstərən, dövlət yolunda zəhməti olan insanların əməyini hər zaman qiymətləndirir, onları müxtəlif fəxri adlarla, medal və ordenlərlə təltif edirsiniz. Biz bunları böyük təşəkkürlə qarşılayırıq və Sizə dərin sevgimizi, ehtiramımızı çatdırırıq.

Qalib ölkənin qalib Prezidenti, Müzəffər Ali Baş Komandanı, 30 ildən sonra bizə işğal altındakı torpaqlarımızı geri qaytardığınız üçün Sizə minnətdarıq. İndi Qarabağdan danışanda başımızı aşağı dikmir, "Qarabağ Azərbaycandır!” deyirik. Düyünlənmiş dəmir yumruğunuz düşmənin başını əzdi və biz Sizin rəhbərliyinizlə Qələbə sevincini yaşadıq. Sizin Suqovuşanda dayanıb düşmənə dediyiniz sözlər hər birimizin ürəyindən xəbər verdi: “Mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi”.

Hörmətlə,

Əliheydər Məmmədov

Qubadlı rayonu Məmər kəndinin sakini

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.