15 iyul 2021, 17:30

Məhəmməd Kazımovdan, Perm, Rusiya

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandanımız!

Müdrik rəhbərliyinizlə cəsur Azərbaycan əsgərləri tərəfindən otuz il işğal altında olan torpaqlarımızın azad edilməsinə görə Sizə 16 yaşlı bir gənc olaraq səmimi qəlbdən minnətdarlığımı bildirməyi özümə borc hesab edirəm.

Xalqımıza sonsuz sevinc yaşatdınız, ölkəmizin nüfuzunu daha da artırdınız. Bu sevinci Sizin uğurlu daxili və xarici siyasətinizin, ən çətin vəziyyətlərdə belə göstərdiyiniz sarsılmaz qətiyyətin sayəsində yaşadıq!

Yetkinlik yaşına qədəm qoyan hər bir gəncin formalaşmasında mühüm rol oynayan, varlığına xüsusi bir məna verən, reallaşması bir möcüzəyə bərabər olan xəyalları olur.

Hörmətli cənab Prezident, mənim də Qarabağla bağlı xəyallarım, arzularım var idi. Onların ən ümdəsi Zəngilan rayonunun bərpa olunmuş Ağalı kəndinin açılışında iştirak etmək və Sizi öz gözlərimlə görmək arzusudur. Çünki, valideynlərimin doğma kəndimizdəki gözəl və sakit uşaqlıqları barədə həyəcanlı hekayələri mənim üçün həmişə inanılmaz dərəcədə maraqlı olub. Mən də xəyalımda dəfələrlə kiçik Vətənimi dolaşmış, onun havasını udmuşam.

Artıq o xoşbəxt an yaxındadır. Siz bizə o gözəl torpaqları ziyarət etmək üçün imkan yaratdınız. Bir daha sözlə ifadə olunmayan hisslər yaşadığımıza görə Sizə təşəkkür edirik.

Hörmətlə,

Kazımov Məhəmməd Vasib oğlu,

Rusiya Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu nəzdində Kollecin 2-ci kurs tələbəsi,

Rusiya Federasiyası, Perm şəhəri