13 aprel 2021, 12:15

Amil Mirzəliyevdən, Füzuli, Azərbaycan

Cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Ölkəmizə rəhbərlik etdiyiniz dövr ərzində daim xalq və iqtidar birliyi uğrunda apardığınız uğurlu və məqsədyönlü siyasət öz nəticələrini verməkdədir. Biz təhsil işçiləri olaraq daim bu siyasəti dəstəkləmiş və bu gün əldə olunmuş nəticələrdən qürurlanır, Sizə çox böyük hörmət və ehtiramımızı bildiririk.

Müzəffər Ali Baş Komandan, uzun müddət davam edən işğal faktı, bu işğalla müəyyən mənada vasitəçilər tərəfindən barışığa çağırış Sizin dəmir iradənizə təsir göstərə bilmədi, çünki Siz haqq yolunda, müqəddəs yolda idiniz və xalqımızın iradəsinə əsaslanan siyasət həyata keçirirdiniz. Nəhayət, çəkilən zəhmət bir gün öz nəticəsini verməli idi və verdi də. Siz Ali Baş Komandan olaraq xalqımızın əzilmiş qürurunu, sınmış ruhunu yenidən dirçəltdiniz, məğlub ölkəni qalib ölkəyə, məğlub xalqı qalib xalqa çevirdiniz.

Siz insan amilini həmişə öndə tutmusunuz. Təhsilimizə, ordu quruculuğuna, iqtisadi təkamülə göstərdiyiniz qayğıların nəticələridir ki, biz bu gün bunun bəhrələrini görürük. Sizin əzmkar və qətiyyətli iradənizin nəticəsidir ki, bu gün azərbaycanlı olduğumuzla fəxr edirik. Ulu Öndərin dediyi kimi, mən fəxr edirəm ki, azərbaycanlıyam.

Sizə ən xoş arzularımızı bildirir, dövlətimiz və dövlətçiliyimiz yolunda tükənməz enerji arzulayırıq.

Allah Sizi qorusun. Amin!

Hormətlə,

Amil Mirzəliyev

Azərbaycan Respublikası, Füzuli rayonu, Dilağarda kəndi