“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 274-VIQD nömrəli Qanununun tətbiqi, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə və “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

17 mart 2021, 20:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 274-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında (hər dörd halda) və 2-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda) və ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.3. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (birinci halda), üçüncü cümləsində və 2-ci hissəsinin ikinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 30 iyul tarixli 222 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1508; 2019, № 3, maddə 419, № 6, maddə 1049) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.17-ci yarımbəndə “təmin etmək” sözlərindən sonra “, habelə Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin), Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə şəhadətnaməni tərtib etmək” sözləri əlavə edilsin;

2.2. 3.1.26-cı yarımbənddən “və dövlət büdcəsinə köçürülməsini” sözləri çıxarılsın;

2.3. 5.7-ci bəndə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun” sözlərindən sonra “27-ci maddəsinin 2-ci hissəsinin ikinci cümləsində və” sözləri əlavə edilsin.

3. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 8 oktyabr tarixli 438 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 3, maddə 168; 2009, № 8, maddə 630; 2018, № 6, maddə 1211) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.1-ci bəndə “29-cu maddəsinin” sözlərindən əvvəl “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasında (hər dörd halda) və 2-ci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin;

3.2. 2.2-ci bənddə “27-ci maddəsinin 2-ci hissəsində” sözləri “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində (ikinci halda), ikinci cümləsində və 2-ci hissəsinin birinci cümləsində” sözləri ilə əvəz edilsin;

3.3. 2.3-cü bəndə “29-cu maddəsinin” sözlərindən əvvəl “27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsində birinci halda, üçüncü cümləsində və 2-ci hissəsinin ikinci cümləsində,” sözləri əlavə edilsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti iki ay müddətində:

4.1. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının birinci cümləsinə uyğun olaraq, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.2. həmin Qanunun 27-ci maddəsinin 1-ci hissəsinin üçüncü abzasının ikinci cümləsinə uyğun olaraq, Azərbaycan folkloru nümunələrinin (ənənəvi mədəni nümunələrin) və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin nümunəsini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.


İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2021-ci il.