03 mart 2021, 17:45

Yelena Tsauqqdan, Thun, İsveçrə

Hörmətli cənab Prezident.

İsveçrədə yaşayan ailəmi və 2019-cu ildə Azərbaycanda olmuş isveçrəli dostlarım adından Sizi və xalqınızı həsrətlə gözlədiyimiz Qələbə və Qarabağa qayıdış münasibətilə təbrik edirəm.

Qarabağ münaqişəsinin başlandığı ilk gündən bəri 30 il müddətində hadisələrin gedişatını ürək ağrısı ilə izləyirdim. Avropanın kütləvi informasiya vasitələrinin bu hadisələrə qərəzli yanaşması əlbəttə ki, məndə təəssüf hissi doğururdu. Real vəziyyəti isə Bakıda və Qarabağ bölgəsində yaşayan, 35 ildən çoxdur dostluq etdiyim, mənə doğma olan insanlardan öyrənirdim.

1985-ci ildə Naftalan sanatoriyasında tanış olduğum insanların qonaqpərvərliyi, xalqınızın yüksək mənəvi-əxlaqi keyfiyyətləri, Azərbaycanın əsrarəngiz gözəlliyi ürəyimi əbədi olaraq fəth etdi. Azərbaycana və xalqınıza vurğunluğum o qədər dərin idi ki, yenidən həyata gəlmək şansım olsaydı, azərbaycanlı olmaq istərdim.

Dostluq etdiyim ailənin başçısı Münasib Qarabağ müharibəsi dövründə əsl vətənpərvər kimi doğma yurdunu, doğulduğu Daşaltı kəndini qorumaq üçün müharibəyə yollanmış, qəhrəmanlıqla vuruşmuş, iki dəfə yaralanmışdı. O, Sizin Qarabağ qazilərinə diqqət və qayğınızdan, avtomobillə təmin olunmasından daim qürurla danışır.

Naftalanda olarkən Heydər Əliyev muzeyini və Qarabağda həlak olanların xatirəsinə ucaldılmış memorial kompleksi tez-tez ziyarət edərdim. Birinci Qarabağ müharibəsi zamanı Naftalanda tamamilə dağıdılmış köhnə tikililərin yerində ucaldılan müasir, gözəl binalar, gözəlliyi ilə insanı valeh edən sanatoriyalar, dadlı yeməklər mənim isveçrəli həyat yoldaşımı necə məftun edibsə, o da Azərbaycanda yaşamaq arzusundadır. Heç vaxt çay içilməyən ailə süfrəmiz indi ətirli Azərbaycan çayının təbliğatçısına çevrilib.

Vətən müharibəsi başlayanda həyəcanlı günləri Azərbaycan xalqı ilə birlikdə yaşadıq. Ailə dostumuzun oğlu Orxan da atası kimi, Vətəni qorumaq şərəfinə nail oldu. Şükürlər olsun ki, bu müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdı, haqq-ədalət öz yerini tutdu. İndi ailəsi və biz səbirsizliklə Orxanın tərxis olunmasını gözləyirik. Mən Orxanın Vətən müharibəsində şəhid olan yoldaşlarının xatirəsinə və koronavirus panemiyasına görə bir il təxirə salınan toyunda iştirak etmək arzusundayam.

Siz əsrlər boyu şərəfli tarixini, zəngin mədəniyyətini, ailə dəyərlərini, qədim ənənələri saxlamış xalqınızla fəxr edə bilərsiniz. Müalicəvi Naftalan vannaları, gözəl təbiətiniz, dadlı, rəngarəng meyvə və tərəvəzlər, ədviyyatlar, müqayisəsiz mətbəxiniz mütləq dünyada tanıdılmalı və əsl qiymətini almalıdır. Azərbaycan haqqında bildiklərimi bölüşdüyüm hər kəs qiyabi də olsa, Azərbaycana vurulur və mütləq bu gözəl diyara səfər edəcəyini deyir. Artıq ölkənizdə olanlar isə Azərbaycanda, xüsusən Bakıda gördükləri gözəlliklərdən, xalqınızın qonaqpərvərliyindən ağız dolusu danışırlar.

İsveçrədə tanınmış “SRF1” televiziya kanalının meneceri də mənim söhbətlərimdən sonra Azərbaycana gəlmək, Vətən müharibəsində xalqınızın göstərdiyi əzmi, həmçinin ölkənizin gözəlliyini bütün dünyaya göstərmək istəyir.

Pandemiya ilə bağlı qadağalar aradan qalxandan dərhal sonra mən dostlarımla birlikdə Azərbaycana gələcəyəm. Çox sevdiyim ölkəniz üçün xeyirli bir iş görmək ümdə istəklərimdən biridir.

Cənab Prezident, Azərbaycanı bu qədər sevdiyinizə, onu qoruduğunuza və müdrik idarəçiliyinizə görə bir daha Sizə təşəkkür edirəm. Mən Azərbaycanı çox sevirəm.

Sizə və ailənizə cansağlığı, uzun ömür, Azərbaycan xalqına daimi rifah arzulayıram.

Hörmətlə,

Tsauqq Yelena.

İsveçrə Konfederasiyası, Thun şəhəri.