Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu

16 iyun 2020, 18:05

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 20-ci bəndlərinə uyğun olaraq, sülhün və bəşəriyyətin təhlükəsizliyinin, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi, ekoloji təhlükəsizliyin qorunması, o cümlədən ekoloji tarazlığın pozulmasının qarşısının alınması məqsədilə ölkə ərazisində kimyəvi silahların hazırlanması, istehsalı, artırılması (yığılması), tətbiq edilməsinin qadağan olunmasının, habelə onun məhv edilməsinin hüquqi əsaslarını və qaydalarını müəyyən edir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.0.1. kimyəvi silah - bir yerdə və ya ayrılıqda:

1.0.1.1. “Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması və tətbiq edilməsinin qadağan olunması və onun məhv edilməsi haqqında” Konvensiyaya (bundan sonra - Konvensiya) uyğun olaraq növləri və miqdarı bu məqsədlərə uyğun olmaq şərti ilə bu Qanunla yol verilən məqsədlər üçün nəzərdə tutulmuş hallar istisna olmaqla toksik kimyəvi maddələr və onların prekursorları;

1.0.1.2. tətbiq edilməsi nəticəsində ayrılan toksik kimyəvi maddələrin təsiri vasitəsilə ölümcül və ya digər formada sağlamlığa ağır zərər vurmaq üçün xüsusi olaraq nəzərdə tutulmuş döyüş sursatı və qurğular, habelə bilavasitə onların tətbiqi ilə bağlı istifadə edilməsi üçün nəzərdə tutulan avadanlıqlar;

1.0.2. Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1, 2 və 3 saylı siyahılarında qeyd olunmuş kimyəvi maddələr - kimyəvi maddənin xalis və ya qarışıq maddə olub-olmadığından asılı olmayaraq, Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1, 2 və 3 saylı siyahılarında qeyd olunmuş kimyəvi maddələr;

1.0.3. ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunmasında istifadə olunan kimyəvi vasitələr - insanların hissiyyat orqanlarında sürətlə qıcıqlanmaya və ya qarşılıqlı təsir müddəti bitdikdən sonra qısa zaman kəsiyində fiziki pozuntunun itməsinə səbəb olan, Konvensiyanın kimyəvi maddələr siyahısına daxil olmayan istənilən maddə;

1.0.4. Milli Orqan - Konvensiya ilə təsis olunmuş Kimyəvi Silahın Qadağan Edilməsi üzrə Təşkilatla (bundan sonra-Təşkilat) və Konvensiyanın iştirakçısı olan digər dövlətlərlə milli əlaqələndirmə mərkəzi qismində səmərəli əlaqələrin həyata keçirilməsini təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum).

Maddə 2. Kimyəvi silaha qarşı mübarizə sahəsində qanunvericilik

Kimyəvi silahın hazırlanması, istehsalı, artırılması (yığılması) və tətbiq edilməsinin qadağan olunması, habelə onun məhv edilməsi haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Konvensiyadan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrdən, bu Qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

Maddə 3. Beynəlxalq əməkdaşlıq

3.1. Konvensiyanın və bu Qanunun müddəalarının yerinə yetirilməsi sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.

3.2. Azərbaycan Respublikası tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən kimyəvi silaha qarşı mübarizə sahəsində digər dövlətlərlə, onların müvafiq qurumları ilə, habelə kimyəvi silaha qarşı mübarizə aparan beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Maddə 4. Qanunla qadağan olunan və yol verilən fəaliyyətlər

4.1. Aşağıdakı fəaliyyətlər qadağan olunur:

4.1.1. kimyəvi silahın hazırlanması, istehsalı, əldə olunması, saxlanılması, artırılması (yığılması), yaxud birbaşa və ya dolayı yolla onun başqa şəxslərə verilməsi;

4.1.2. kimyəvi silahın tətbiqi;

4.1.3. kimyəvi silahın tətbiq edilməsi ilə bağlı hərbi hazırlıq keçirmək və ya hər hansı hərbi hazırlıqda iştirak etmək;

4.1.4. bu Qanunla qadağan olunan fəaliyyət növünü həyata keçirmək məqsədilə hər hansı bir yolla başqa şəxslərə kömək etmək və ya onları təhrik etmək;

4.1.5. ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı istifadə olunan kimyəvi vasitələrdən müharibənin aparılması vasitəsi kimi istifadə etmək;

4.1.6. bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 saylı Siyahısında göstərilən kimyəvi maddələrin Konvensiyanın iştirakçısı olan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti;

4.1.7. Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1 və 2 saylı siyahılarında göstərilən kimyəvi maddələrin Konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti;

4.1.8. bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 3 saylı siyahısında göstərilən kimyəvi maddələrin Konvensiyanın iştirakçısı olmayan dövlətə ixracı və ya bu dövlətdən idxalı, həmçinin bu dövlətin ərazisindən tranziti.

4.2. Konvensiyaya uyğun olaraq aşağıdakı məqsədlər üçün həyata keçirilən fəaliyyətlərə yol verilir:

4.2.1. kimyəvi maddələrdən sənaye, kənd təsərrüfatı, tədqiqat, tibbi, əczaçılıq, yaxud digər dinc məqsədlər üçün istifadə;

4.2.2. kimyəvi silahlara və toksik kimyəvi maddələrə qarşı müdafiə ilə bilavasitə bağlı olan məqsədlər üzrə fəaliyyət;

4.2.3. kimyəvi silahların tətbiqi və müharibənin aparılması vasitəsi kimi istifadə istisna olmaqla digər hərbi məqsədlər üçün kimyəvi maddələrin toksik xüsusiyyətlərindən istifadə;

4.2.4. qanunçuluğun təmin edilməsi, o cümlədən ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulmasına qarşı mübarizə məqsədləri üçün kimyəvi vasitələrdən istifadə.

4.3. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş müvafiq icazə olmadan Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1, 2 və 3 saylı siyahılarında göstərilən kimyəvi maddələrin ixracına, idxalına və tranzit nəql edilməsinə yol verilmir.

4.4. Bu Qanunla qadağan olunan fəaliyyətlər Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan Azərbaycan Respublikasının vətəndaşlarına da şamil edilir.

4.5. Azərbaycan Respublikasının ərazisində kimyəvi silah aşkar edildikdə, həmin silah Konvensiyada nəzərdə tutulmuş hallarda və həmin Konvensiyaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydada məhv edilir.

4.6. Bu Qanunla qadağan olunan fəaliyyətlərə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərkibində fəaliyyət göstərən Milli İnspeksiya Qrupu həyata keçirir.

4.7. Bu Qanunla qadağan olunan fəaliyyətin həyata keçirildiyi sahibkarlıq fəaliyyəti subyektlərində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

2-ci fəsil

Kimyəvi silaha qarşı mübarizə sahəsində dövlət siyasəti

Maddə 5. Kimyəvi silaha qarşı mübarizə sahəsində dövlətin vəzifələri

5.0. Kimyəvi silaha qarşı mübarizə sahəsində dövlətin vəzifələrinə aşağıdakılar aiddir:

5.0.1. kimyəvi maddələr üzrə idxal, ixrac və tranzit əməliyyatlarını həyata keçirən müəssisələrin mərkəzləşdirilmiş qaydada qeydiyyatının aparılması;

5.0.2. Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1, 2 və 3 saylı siyahılarında qeyd olunmuş kimyəvi maddələri Konvensiyaya uyğun olaraq bu Qanunla yol verilən məqsədlər üçün idxal, ixrac və tranzit nəql edən müəssisələr haqqında illik bəyannamələrin hazırlanması və Təşkilata təqdim edilməsi üçün Milli Orqana verilməsi;

5.0.3. yerlərdə monitorinqlər aparmaqla, Konvensiyanın “Kimyəvi maddələr üzrə Əlavəsi”ndəki 1, 2 və 3 saylı Siyahılarında qeyd olunmuş kimyəvi maddələrin saxlanma rejiminə necə əməl olunmasının yoxlanması və kimyəvi silahların məhvinə nəzarət;

5.0.4. Konvensiyada göstərilməyən konkret üzvi kimyəvi maddələri idxal, ixrac və tranzit nəql edən müəssisələr haqqında illik bəyannamələrin hazırlanması və Təşkilata təqdim edilməsi üçün Milli Orqana verilməsi;

5.0.5. Konvensiyaya uyğun olaraq beynəlxalq monitorinqlərin aparılması üçün Milli Orqan tərəfindən lazımi təşkilati tədbirlərin görülməsi;

5.0.6. idxalına və ya ixracına dair illik bəyannaməsi verilməli olan bütün məlumatların gömrük sənədləri vasitəsilə yoxlanılması;

5.0.7. kimyəvi silaha qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq.

3-cü fəsil

Yekun müddəa

Maddə 6. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 may 2020-ci il.