17 fevral 2020, 16:25

Cəfər Əliyevdən, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkil olunmuş panel müzakirələrdə mötəbər tarixi faktlara və beynəlxalq hüquq normalarına söykənən çıxışınızı, o cümlədən münaqişənin səbəbinə və Ermənistanın təcavüzkar, işğalçı siyasətinin ifşasına yönəlik müfəssəl ritorikanızı dərin rəğbət hissi ilə izlədim. Müzakirə zamanı əzəli torpağımız Xankəndinin adının məhz 20-ci əsrdə ermənilər tərəfindən dəyişdirilərək, nəinki Azərbaycanın, bütünlükdə Cənubi Qafqazın tarixində qara ləkə olan bolşevik Stepan Şaumyanın "şərəfinə" Stepanakert adlandırılmasına dair mötəbər tarixi faktı səsləndirərkən müzakirədə iştirak edən Ermənistanın avantürist hökumət başçısı çıxılmaz vəziyyətə düşdü. Eyni zamanda riyakar Ermənistan diplomatiyasının uzun illər ərzində beynəlxalq səviyyədə Dağlıq Qarabağın tarixi mənsubiyyətinin təhrif edilməsi istiqamətində apardığı təbliğatın dünya ictimaiyyəti qarşısında bütün çılpaqlığı ilə ifşa olunmasını izləmək dərin məmnuniyyət hissinə səbəb oldu. Bu çıxışınız əzəli torpaqlarımızın rəhbərliyiniz altında tezliklə azad olunacağına və məcburi köçkünlərimizin öz doğma yurd-yuvasına qayıdacağına inamı daha da artırdı.

Cənab Ali Baş Komandan, milli maraqlarımız naminə sərgilədiyiniz qətiyyətli mövqeyə görə bir vətənpərvər vətəndaş kimi Sizə dərin minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Əliyev Cəfər Murtuz oğlu

Azərbaycan Respublikası, Cəlilabad rayonu.