30 dekabr 2019, 13:30

Nazir Xancanov və başqalarından, Göyçay, Azərbaycan

Hörmətli cənab Prezident.

Sizi Göyçay rayonunun Müskürlü kəndinin sakinləri adından salamlayır, Sizi və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı qarşıdan gələn Yeni il münasibətilə təbrik edirik. Azərbaycanımızın daha da inkişafı istiqamətində gördüyünüz misilsiz işlərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Sizin tərəfinizdən aparılan işlərin əsas qayələrindən birini regionların sosial-iqtisadi inkişafı təşkil edir. Bu inkişafdan bizim də kəndimizə böyük pay düşüb. Müskürlü kəndi rayon mərkəzindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, kənddə bir çox layihələr uğurla icra edilib. Müasir standartlara cavab verən Müskürlü kənd orta məktəbi üçün yeni bina tikilib, kəndə yeni qaz və içməli su xətləri çəkilib, uzun fasilədən sonra təbii qazın verilməsi bərpa edilib.

Bu yaxınlarda isə Ulu Öndərin adını daşıyan və həmişə xeyirxahlıq missiyası ilə çıxış edən Heydər Əliyev Fondu gözəl bir təşəbbüs irəli sürərək, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, kənd bələdiyyəsi, tibb məntəqəsi, kitabxana və uşaq bağçası üçün kompleks bina tikdirib, müasir avadanlıqlarla təchiz edərək kənd əhalisinin istifadəsinə verib. Biz müskürlülər bunu yeni 2020-ci il ərəfəsində ölkə rəhbərliyi tərəfindən bizə verilmiş böyük hədiyyə və töhfə hesab edirik.

Əziz Prezidentimiz, Sizi və Mehriban xanımı Yeni il münasibətilə bir daha təbrik edir, yürütdüyünüz siyasəti dəstəkləyir, Azərbaycanımızın inkişafı naminə apardığınız işlərə görə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Xancanov Nazir

Bəyalıyev Şahlar

Kərimova Nəzakət

Mirzalıyeva Dilarə

Kərimova Məhbubə və başqaları (cəmi 10 nəfər).

Azərbaycan Respublikası, Göyçay rayonu, Müskürlü kəndi.