2 saylı DOST mərkəzinin açılışında İlham Əliyevin nitqi

24 dekabr 2019, 12:30

Bu gün DOST mərkəzinin ikinci binası istifadəyə verilir. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. DOST mərkəzlərinin yaradılması çox gözəl, əlamətdar hadisədir. Bu mərkəzlər sosial təminat sahəsində çox böyük dönüş yaradıbdır, innovasiyaların və müasir xidmətlərin göstərilməsi üçün çox gözəl alət olubdur. Şadam ki, DOST mərkəzlərinin yaradılması artıq geniş vüsət alır və bu, il ərzində açılan ikinci mərkəzdir. Gələn il də Bakıda və rayonlarda bir neçə mərkəzin açılışı nəzərdə tutulur. Beləliklə, gələn il DOST mərkəzlərinin əhatə dairəsi genişlənəcək və əhalimizin yarıdan çox hissəsini əhatə edəcək.

DOST mərkəzlərinin yaradılması bizim sosial siyasətimizin mahiyyətini göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Azərbaycan vətəndaşının sosial təminatı, rifah halı və rahatlığı bizim üçün prioritet məsələdir. Təsadüfi deyil ki, son illərdə bu sahədə çox böyük işlər görülüb. Həm DOST, həm də “ASAN xidmət” mərkəzləri bizim intellektual məhsulumuzdur. İndi “ASAN xidmət” öz intellektual məhsulunu ixrac edir, artıq bir neçə ölkədə bu layihələr icra olunur. Ümid edirəm ki, gələcəkdə DOST xidmətinin də fəaliyyəti başqa ölkələrdə maraq doğuracaq və təcrübə mübadiləsi üçün bizə müraciətlər daxil olacaq.

Digər önəmli məsələ ondan ibarətdir ki, bir binada 130-dan çox xidmət göstərilir. Əminəm ki, buraya müraciət edən və edəcək bütün vətəndaşlar bu xidmətdən razı qalacaqlar. Birinci mərkəzin açılışından sonra DOST mərkəzinə cəmi 6 ay ərzində 60 mindən çox müraciət olmuşdur və vətəndaşların məmnunluq əmsalı çox yüksəkdir. Bu, onu göstərir ki, həm bütün proses çox düzgün təşkil edilib və həm də bu mərkəzlər məhz innovativ əsaslarla fəaliyyət göstərir. Digər tərəfdən, birinci DOST mərkəzində çalışan işçilər və könüllülər vətəndaşlara çox gözəl xidmət göstərirlər. Bu da məni çox sevindirir. Çünki biz ictimai xidmətlər sahəsində yeni davranış qaydaları tətbiq edirik və xidmət mədənidir, çox dəqiqdir. Əminəm ki, DOST mərkəzinə müraciət edən hər bir şəxs buradan razı qayıdır.

Şadam ki, burada işləyənlərin mütləq əksəriyyəti, demək olar ki, hamısı gənclərdir. Bu, Azərbaycan gənclərinin fədakarlığını və öz işinə bağlı olduğunu, məsuliyyətlə yanaşdığını göstərir. Eyni zamanda, bu, gənclər üçün də çox gözəl hazırlıq mərhələsidir. Çünki siz gəncsiniz, müstəqil həyata yenicə qədəm qoymağa başlayırsınız və çox gözəl haldır ki, sizin işiniz buradan başlayır. Əminəm ki, burada qazanacağınız təcrübə gələcəkdə sizə kömək edəcək.

Kadr hazırlığı və ölkəmizin gələcək inkişafı baxımından DOST mərkəzlərinin çox böyük faydası var. Yəni, əgər iqtisadi terminlə desək, biz burada multiplikativ səmərə görürük. Bu gün həm vətəndaşlara xidmət, həm sosial təminat sahələrində şəffaflıq, dürüstlük tətbiq olunur və çox ciddi islahatlar aparılır. Mən bu islahatları yüksək qiymətləndirirəm. Müasir xidmət növləri, eyni zamanda, davranış qaydaları, mədəni xidmət formaları, hazırlıq və təcrübə toplanması. Bütün bu amillər burada işləyən hər bir gənc üçün çox önəmlidir. Əminəm ki, siz artıq peşəkar, müasir düşüncəli kadr kimi öz gələcəyinizi quracaqsınız və daha yüksək pilləyə qalxacaqsınız.

İlin sonunda Xəzər rayonunda belə gözəl mərkəzin açılması çox əlamətdar hadisədir. Son dövrlərdə sosial təminat sahəsində böyük işlər görülübdür. Bu il dövlət tərəfindən ən böyük sosial paket tətbiq olunub və bu, 4,2 milyon insanı əhatə edib. Bu, analoqu olmayan sosial təşəbbüsdür ki, həm maaşlar, həm pensiyalar, müavinətlər artırılıb, problemli kreditlərlə bağlı məsələ öz həllini tapıb. Biz bütün bu işləri vətəndaşların rifah halının yaxşılaşması üçün edirik. İqtisadi imkanlarımız artdıqca bu işləri görməyə başlamışıq və bu işlər gələcəkdə daha geniş vüsət alacaqdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də çox fəal işləyir, islahatlar aparır, yeni təşəbbüslər irəli sürür. Beləliklə, bu böyük sahə hesab edirəm ki, bundan sonra da çox önəmli aktor kimi özünü göstərəcək. Çünki bizim sosial siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu gün şəhid ailələri, müharibə əlilləri üçün yeni binanın açılışı nəzərdə tutulur. Bu il 800-dən çox ailə yeni evlərə, mənzillərə köçür. Gələn il bu rəqəm təqribən iki dəfə artıq olacaq. Yəni bizim iqtisadi inkişafımız imkan verir ki, sosial sahəyə daha böyük vəsait yönəldək. Hazırda 7500 şəhid ailəsi dövlət tərəfindən pulsuz evlər və mənzillərlə təmin olunub və bu proses davam etdiriləcəkdir.

Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. Yeni ildə sizə yeni uğurlar arzulayıram. Sağ olun.

SƏNƏDLƏRSərəncamlar27 yanvar 2020
16:45
Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sumqayıt şəhərinin qəsəbələrində və yeni yaşayış massivlərində avtomobil yollarının əsaslı təmiri məqsədilə A...

27 yanvar 2020, 16:45