İraq və Bütün Dünya “Mandei sabiilik” dini tayfasının başçısı Səttar Cabbar Helvdən

26 noyabr 2019, 15:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əs-səlamu-əleykum.

Möhtərəm Prezident.

Ərəb və İslam dünyasının, eləcə də digər ölkələrin üzləşdiyi çağırışların və reallıqların müzakirə edildiyi bir tədbirdə iştirak etmək üçün mənə göndərdiyiniz səmimi dəvətə görə Sizə təşəkkür edirəm.

Zati-aliləri cənab Prezident, icazə verin, Sizi dinimizlə tanış edim. Biz “Mandei sabiilik” adlanan qədim dinin ardıcıllarıyıq. Bu din İraqın cənubundakı ikiçayarası vadisində Ur və Mişan şəhərlərində meydana gələn ilk təktanrılıq dinidir. Biz tək Tanrıya inanırıq. O Tanrı öz-özlüyündə mövcuddur. Həyat başlanğıcı olmayan əzəli varlıqdan və sonu olmayan əbədi varlıqdan yaranıb. Müqəddəs kitabımız “Ginza Rbadır” (İlk kitab), dilimiz isə Mindai–şərqi Arami dilidir. Müqəddəs kitabımız 2000-ci ildə tərcümə olunmuşdur. Onu Sizə hədiyyə etməkdən şərəf duyuram və Bağdaddakı səfirliyə çatdıracağam.

Digərlərini tanımaq, onların mövcudluğuna və hüquqlarına qarşılıqlı ehtiram bəsləmək, habelə ibadət etmək, fərq qoymadan, kin və nifrət bəsləmədən dini ayinlərlə məşğul olmaq azadlığını təmin etmək dinlər və məzhəblər arasındakı əlaqələrdə əsas prinsiplərdir. Dini radikalizm dözümsüzlüyün ən təhlükəli mənbələrindəndir. O, neqativ fikirlərə əsaslanır, onlara dini libas geyindirir və insanları tez inandıra bilir.

Tələbələri və gəncləri fanatik fikirlərdən uzaqlaşdırmaq, dini mətnləri dövrün dəyişiklikləri fonunda yenidən izah etmək, bütün din və məzhəblərin ortaq tərəflərini əxz etmək sabit və firavan ölkənin qurulmasına töhfə verən işlərdəndir.

Zati-aliləri, bunu biz Sizin ölkənizdə gördük. Azərbaycan müxtəlif irqlər, dinlər və mədəniyyətlərlə zəngindir. Rəhbəri olduğunuz ölkədə din dövlətdən ayrıdır və bu, dini ədavətin qarşısını alır. Bu, ictimai, siyasi və dini məsələlərin mənimsənilməsinə və həllinə, o cümlədən ölkədəki bütün toplumların xüsusiyyətlərini qorumağa qadir olan ən yaxşı yoldur.

Zati-aliləri, Sizi bir daha salamlayır, əzəli və əbədi olan Tanrıya Sizin üçün dualar edir, Sizə, gözəl xalqınıza və bütün bəşəriyyətə xoşbəxtlik, əmin-amanlıq və sülh diləyirəm.

Dərin hörmətlə,

Səttar Cabbar Helv

İraq və Bütün Dünya “Mandei sabiilik” dini tayfasının başçısı