İsveçrənin Cenevrə şəhərinin baş ravvini İzhak Dayandan

25 noyabr 2019, 17:50

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Müsəlman ölkəsi Mərakeşdə doğulmuş baş ravvin olaraq, Sizin himayənizlə Bakıda keçirilmiş Dünya dini liderlərinin II Sammitinin panel müzakirələrində iştirak etmək üçün məni dəvət etdiyinizə görə Sizə böyük məmnunluq hissi ilə minnətdarlığımı bildirirəm.

Müxtəlif ölkələrin dini liderlərinin, siyasi xadimlərinin və mütəxəssislərinin qatıldığı həmin tədbirdə iştirak etmək mənim üçün həqiqətən də şərəf idi.

Bu Sammit müxtəlif mədəniyyətlər arasında münasibətlərin təşviqi, dinlərarası dialoqun, eləcə də qarşılıqlı anlaşma və hörmət kimi insani dəyərlərin inkişafı və insan ləyaqətinə hörmətin, həmrəyliyin önəmini vurğulamaq baxımından çox böyük əhəmiyyət kəsb edirdi.

Azərbaycanın birgəyaşayış üçün nümunəvi ölkə olması tədbirdə iştirak edən hər kəsə xoş təəssürat bağışladı.

Səmimi qonaqpərvərliyinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm.

Gələcəkdə təşkil edəcəyiniz tədbirlərdə iştirak etməyi və Zati-alinizlə şəxsən görüşməyi səbirsizliklə gözləyirəm.

Sizə dərin təşəkkürümü və ən xoş arzularımı çatdırıram.

İzhak Dayan

İsveçrənin Cenevrə şəhərinin baş ravvini