12 noyabr 2019, 17:30

Emin Pənahovdan, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bu günlərdə respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da insanlar arasında xüsusi bir canlanma və nikbinlik hökm sürür. Cəbhə bölgəsində yaşayan tərtərlilər Sizin Soçidə keçirilən “Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında Ermənistan baş nazirinin uydurma bəyanatına verdiyiniz kəsərli cavabı ürəkdən alqışlayır, Sizinlə qürur duyurlar.

Əslində, Ermənistanın baş naziri “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” deməklə erməniləri ifşa etmiş, onların işğalçı olduğunu, öz qonşusuna qarşı məkrli və çirkin niyyət həyata keçirdiyini təsdiqləmişdir. Beynəlxalq təşkilatların, dünyanın əksər dövlətlərinin Azərbaycan ərazisi kimi tanıdığı Qarabağı özününkü saymaq, ermənilərin təkcə öz qonşusuna qarşı deyil, bütün dünyaya qarşı etdiyi hörmətsizliyinin təzahürüdür.

Bütün tərtərlilər bunun canlı şahididir ki, ermənilər İranın Marağa şəhərindən Azərbaycana köçürülmələrinin 150 illiyi münasibətilə Tərtərin Şıxarx qəsəbəsində abidə ucaltmış, sonra isə öz əlləri ilə həmin abidəni dağıtmışlar. Bizim rayona gələn qonaqlar bu abidənin qalıqlarını erməni saxtakarlığının sübutu kimi ziyarət edirlər.

Cənab Prezident, Sizə - Ali Baş Komandanımıza inanır və ətrafınızda sıx birləşirmişik. “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri tərtərli gənclərin də ən sevimli şüarlarından birinə çevrilib. Biz bu şüarla Tərtərdə yerləşən Dövlət bayrağı meydanından Şıxarx qəsəbəsində Aprel şəhidlərinin xatirəsinə qoyulmuş abidəyə qədər yürüş keçirdik. Yüzlərlə tərtərli gənc bu yürüşdə iştirak edərək, Qarabağı işğaldan azad etməyə hazır olduğunu bildirdi.

Hörmətlə,

Pənahov Emin Həsən oğlu.

Azərbaycan Respublikası, Tərtər rayonu.